1news.az

Daha bir azərbaycanlının NASA yalanı: indi də “Sevinc Məmmədova” – FOTO – VİDEO

19 Oktyabr saat 11:30 ~ 3 dəqiqəlik oxu 2272
Daha bir azərbaycanlının NASA yalanı: indi də “Sevinc Məmmədova” – FOTO – VİDEO

Xatırlayırsınızsa, iki il əvvəl 20 yaşlı Kənan Əhmədli adlı gəncin ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Kənan Əhmədli mətbuata verdiyi müxtəlif müsahibələrdə “Mələk beyni” adlı layihəsinə görə NASA-da 1 aylıq təcrübə qazandığını iddia etmişdi.

Bundan sonra isə sosial şəbəkə istifadəçiləri bu iddiaya tənqidi yanaşaraq, NASA-nın təcrbüə şərtləri qeyd etmiş və bunun qeyri-mümkün olduğunu bildirmişdilər.

Təcrübə proqramı ilə bağlı NASA-dan aldığı rəsmi məktubu nümayiş etdirmək dəfələrlə xahiş edilsə də, Kənan Əhmədli bundan imtina etmişdi.

Az sonra isə NASA-nın ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Sara Ramsey Kənan Əhmədlinin NASA-nın kataloqunda qeydiyyatda olmadığını bildirmişdi və bununla da Kənan Əhmədlinin yalan danışdığı və hər kəsi aldatdığı üzə çıxmışdı.

Dünən isə daha bir azərbaycanlı – Sevinc Məmmədova adlı qızın NASA-da işləməsi xəbəri yayılıb. Daha doğrusu, o özü bunu iddia edir. Belə ki, Facebook profilində onun ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində doğulduğu və hazırda həmin şəhərdə yaşadığı qeyd olunub. Səhifəsində paylaşdığı fotolarda isə onun NASA-nın geyimində olduğu görünür.

Lakin tanınmış politoloq, Yaxın Şərq üzrə mütəxəssis Əli Hacızadə adlı şəxs özünü NASA-nın işçisi kimi təqdim edən Sevinc Məmmədovanın profilinin “fake”, yəni saxta olduğunu bəyan edib. Onun sözlərinə görə, Sevinc Məmmədovanın səhifəsindəki şəkillər əslində Kosovadan olan Pranvera Hyseni adlı bir qıza məxsusdur:

“Bizim millətdə bu NASA nə məsələdi, bilmirəm... Bu "Harvardı bitirmiş" və "NASA da çalışan" növbəti azərbaycanlının fake profilidi. Camaat da qirib fəxrimizsiz zad yazır... Əslində isə bu şəkillər, Kosovadan Pranvera Hyseni adlı bir qıza məxsusdur”. 

Dediklərini sübut etmək üçün o, aşağıda təqdim etdiyimiz videonu da paylaşıb:

Bu xəbəri paylaşdıqdan sonra “alim qızın” onu “blok” etdiyini deyən Ə.Hacızadə həmin qızın messencerdə başqa bir xanıma “girişdiyini” də qeyd edib.

Apardığımız kiçik araşdırma zamanı Əli Hacızadənin söylədiklərinin doğru olduğunu və özünü Sevinc Məmmədova kimi təqdim edən şəxsin paylaşdığı fotoların Kosova Astronomiya Mərkəzinin təsisçisi və direktoru olan Pranvera Hyseni adlı bir qıza məxsus olduğu təsdiqini tapdı. Bu da onun həqiqi profil şəkli:

Yazılan şərhlərdən də “Sevinc Məmmədov”un saxta profil olduğu məlum olur. Odur ki, internet fırıldaqçılarından qorunmaq üçün tanımadığınız şəxslərdən dostluq təklifi alarkən ehtiyatlı olmağı məsləhət görürük. Sosial şəbəkələrdə saxta profil, yalan məlumatların yayılması məsələsi isə getdikcə ciddi problemə çevrilməkdədir. “Buna qarşı necə mübarizə aparmaq olar?” sualı isə hələ də sual olaraq qalır.

Babək Cahandarov

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net