Creative Spark: Azərbaycanda gəlirli innovasiya iqtisadiyyatına doğru addım – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Creative Spark: Azərbaycanda gəlirli innovasiya iqtisadiyyatına doğru addım – FOTO – VİDEO

17:30 - 17 / 04 / 2019
Creative Spark: Azərbaycanda gəlirli innovasiya iqtisadiyyatına doğru addım – FOTO – VİDEO

XXI əsrin əvvəllərindən etibarən dünyanın inkişaf etmiş ölkələrində post-sənaye inkişafının kreativ iqtisadiyyat və ya ideyalar iqtisadiyyatı adını almış yeni tendensiyası aktuallaşmağa başladı.

Bu iqtisadi modeldə ən dəyərli məhsul – ideyalar və innovasiyalardır. Yalnız onlar böyük gəliri gətirirlər.

Kreativ iqtisadiyyat BMT tərəfindən dünyada iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biri kimi tanınmışdır. Onun illik artımı orta hesabla 8,7% təşkil edir.

İnkişaf etməkdə olan ölkələrdə kreativ iqtisadiyyatın payı o qədər də çox deyil, buna baxmayaraq Azərbaycanda, misal üçün, 2017-2020-ci illəri əhatə edən və ölkənin ÜDM-də kreativ iqtisadiyyatın payını artırmağı nəzərdə tutan dövlət proqramı fəaliyyət göstərir.

Böyük Britaniya yaradıcı iqtisadiyyatın inkişafının yaxşı göstəricilərini nümayiş etdirir. Britaniyada bu sektor digər sahələrdən iki dəfə sürətlə artır və 92 milyard funt ($121,6 milyard) həcmində qiymətləndirilir.

Bu uğurlu təcrübəni bölüşmək üçün British Council  Creative Spark proqramının tətbiqinə başlayıb. Sosial şəbəkələrdə #mycreativespark xeşteqi istifadəyə verilib.

Bu beynəlxalq əməkdaşlıq proqramı Böyük Britaniyanın tərəfdaş ölkələrində gənclərin sahibkarlıq fəaliyyətinin əsasları və gənclər arasında işgüzar düşüncənin inkişafı istiqamətində maarifləndirməni nəzərdə tutur.

Azərbaycanda, eləcə də Cənubi Qafqazın və Mərkəzi Asiyanın digər ölkələrində 35 yeni beynəlxalq tərəfdaşlıq yaratmaq üçün maliyyə vəsaitləri ayrılır.

Azərbaycandan müsabiqə seçimində qalib gəlmiş təşkilatlardan biri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra - Mərkəz) olmuş, Böyük Britaniyanın Newcastle Universiteti ilə birgə öz fəaliyyət planını təklif etmişdir.

Mərkəzin layihələr departamentinin rəhbəri Rəşad Hüseynov deyib: "Biz gündəlik işimiz çərçivəsində belə bir tendensiyanı müşahidə edirik ki, Azərbaycanda gənclər arasında yaxşı biznes-ideyalar var, amma onların həyata keçirilməsinə dair gənclərin bilik və təcrübləri azdır. Yəni cəmiyyətdə birmənalı olaraq sahibkarlığın inkişafı mövzusunda maarifləndirmə səviyyəsinin qaldırılmasına ehtiyac vardır".

Şəkildə: Rəşad Hüseynov

Mərkəz əsas diqqəti ali təhsil müəssisələrinin müəllim və tələbələri arasında biznes təfəkkürünün formalaşmasına yönəltməyi planlaşdırır. Tərəfdaşlar qismində üç ali məktəb - Xırdalanda Bakı Mühəndislik Universiteti (BMU), Bakıda Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) seçilib.

Bu günkü günə kimi artıq hər üç ali məktəbdə tələbə və müəllimləri layihə çərçivəsində aktiv fəaliyyətə cəlb etmək məqsədilə onların daha çox məlumatlandırılmasını nəzərdə tutan Creative Spark layihəsinin təqdimatları keçirilmişdir.

Fevral ayında Newcastle Universitetinin təlimçilərinin iştirakı ilə bir qrup müəllim üçün təlimlər də keçirilib. Təlimlərdə hər birində 3-4 nəfər olmaqla hər üç tərəfdaş-universitet təmsil olunub. Bu sahənin Avropa səviyyəsinə yaxınlaşdırılması məqsədilə sahibkarlıq üzrə universitet proqramları çərçivəsində tələbə qruplarına informasiyanın verilməsinin ən səmərəli və müasir metodları müzakirə edilmişdir.

Təlimlərin bütün iştirakçılarına verilən ev tapşırığının yekunlarına görə, konkret olaraq biznes-keysin müstəqil işlənmə nəticələrinə görə ümumi saydan altı nəfər seçiləcək, onlar Böyük Britaniyanın Newсastle Universitetinə həftəlik təcrübə mübadiləsi kurslarına göndəriləcək və orada sahibkarlıq fənlərinin tədrisi prosesi ilə şəxsən tanış ola biləcəklər.

Rəşad Hüseynovun sözlərinə görə, şəffaflığın təmin edilməsi məqsədilə seçim prosesi tamamilə Newсastle Universiteti nümayəndələri tərəfindən həyata keçiriləcək.

Şəkildə: BMU-da Creative Spark layihəsinin təqdimatı

Layihənin fəal iştirakçılarından biri Bakı Mühəndislik Universitetinin (BMU) maliyyə kafedrasının müdiri Elvin Əlirzayevdir. O, may ayında Newсastle Universitetinə tanışlıq turunda iştirak üçün seçilmişlər qrupuna daxildir.

O, deyib: "Tələbələrimizin əksəriyyəti potensial startap yaradıcıları, gələcəyin sahibkarlarıdır. Layihə çərçivəsində əldə edilən biliklər biznesin əsaslarına dair əsas mövzuların tədrisinin səviyyəsini və keyfiyyətini yaxşılaşdırmaqda, onları beynəlxalq səviyyəyə bərabərləşdirməkdə universitetimizə kömək edəcəkdir".

Elvin Əlirzayevin sözlərinə görə, Creative Spark həmçinin Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə yaxın gələcəkdə BMU-də startaperlər və gənc sahibkarlar üçün seminarların keçirilməsini təşviq etmişdir. Ən uğurlu və ən az riskli biznes-ideyalar universitetdən mentorluq dəstəyi alacaq.

Layihənin digər bir fəal iştirakçısının – Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) Sevər Məmmədovanın sözlərinə görə, özəl sektor lazımınca inkişaf etmədən ölkə dünya iqtisadi sisteminə tam şəkildə inteqrasiya edə bilməyəcək.

ADİU-nin İqtisadiyyat və biznesin idarə edilməsi kafedrasının müdiri Sevər Məmmədova deyib: "Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra və müstəqil inkişaf yolunun axtarışı prosesində dövlət özəl sektorun inkişafının əhəmiyyətini dərk etdi. Özəl sektor novator rolunu oynamalı, yeni iş yerlərinin yaradılmasında dövlətə kömək etməlidir".

Onun fikrincə, bu gün Azərbaycanda gənc sahibkarların, bir qayda olaraq, nəzəri biliklərə sahib olduğu, amma praktiki vərdişlərinin olmadığı bir tendensiya hökm sürür. Yaxud əksinə – təcrübə var, amma nəzəri biliklər çatışmır, ya da dəqiq deyil.

Gələcək iqtisadçılar və biznesmenlər hazırlayan universitetin nümayəndəsi kimi öz rolunu Sevər Məmmədova Azərbaycanda öz sahibkarlıq ambisiyalarını tam şəkildə reallaşdırmaqda tələbələrə və gənc mütəxəssislərə kömək etmək məqsədilə peşəkar inkişafın mövcud imkanlarının maksimum istifadəsində görür.

Tələbələrlə iş yay fəslinə planlaşdırılıb. Rəşad Hüseynovun məlumatına görə, Kreaton – yaradıcılıq meydançası tipinə görə daha kreativ və maraqlı startap layihələrin müəyyənləşdirilməsi üçün ikigünlük tədbir keçiriləcək.

Həmçinin innovasiya biznes-inkubatorlarının açılması və ən yaxşı biznes-ideyalar müsabiqəsinin keçirilməsi planlaşdırılır. Müsabiqənin qalibləri mükafatlarla təltif olunacaq.

Bunlardan əlavə, Creative Spark layihəsi iştirakçılarının British Council saytında ingilis dili onlayn-kurslarına pulsuz giriş imkanı olacaq.

Rəşad Hüseynov deyib: "İngilis dili bilinə olan ehtiyac bu gün danılmazdır. İngilis dilini bilmədən nə öz biznesinə başlamaq, nə də ixtisasını artırmaq üçün beynəlxalq arenaya çıxmaq mümkün deyil. Ona görə də layihənin bu komponentini biz heç də az əhəmiyyətli hesab etmirik".

Şəkildə: ADİU-da Creative Spark layihəsinin təqdimatı

Creative Spark layihəsinin birbaşa benefisiarları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşlıq etdiyi üç ali məktəbdir. Mərkəz özü öz iştirakının daha uzunmüddətli və qlobal nəticələrinə bel bağlayaraq koordinasiya rolunu yerinə yetirir.

Rəşad Hüseynov deyib: "Dövlət orqanı olaraq məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda uzunmüddətli perspektivdə sahibkarlıq sahəsində bilik və bacarıqların səviyyəsini yüksəldək, ölkədə biznes yönümlü düşüncəyə sahib olan, yeni ideyalar yarada və onların həyata keçirilməsi yollarını bilən gənc insanların yeni nəslini formalaşdıraq".

"Bütün bu səylər son nəticədə ölkədə iqtisadi artıma gətirib çıxaracaq zəncirvari reaksiyanın yaradılmasına hesablanıb", - deyə o, əlavə edib.

Rəşad Hüseynov Azərbaycanın gənc nəslinin potensialına inanır – elə bir ölkənin ki, oradan Lüfti Zadə, Lev Landau kimi dünya səviyyəli alimlər çıxıb. Onun sözlərinə görə, bugünkü günə ümidverici startaplar haqqında ümumdünya verilənlər bazasında Azərbaycan nümayəndələri tərəfindən yaradılmış 200-ə yaxın startap var.

"Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, burada kifayət qədər kreativ düşüncəli insanlar var. Öz potensialını reallaşdırmaları üçün onlara sadəcə cüzi bir dəstək lazımdır", - deyə o, bildirib.

Creative Spark proqramının mövcud olduğu bir il ərzində onun British Council tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi ilə əlaqədar beynəlxalq tərəfdaşlıq layihələrinin 12-dək artırmaq qərara alınıb. Hər bir halda sponsor məbləğinin miqdarı 40 min funt təşkil edəcək. Ərizələrin verilməsi aprelin 1-dən mayın 12-dək açıqdır.

Mövzu üzrə oxuyun:

Biznes bacarıqları zamanın tələbi kimi: Azərbaycan gəncləri British Council tərəfindən təşkil olunan Creative Spark layihəsində

Mətn: Elena Ostapenko, G.R.

Portret foto və video: Nadir İbrahimli

Layihənin təqdimatlarından çəkilmiş fotoşəkillər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim edilmişdir

Paylaş:
2000

Son xəbərlər

İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44
Bütün xəbərlər