Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətində yeni mərhələ kimi - TƏHLİL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətində yeni mərhələ kimi - TƏHLİL

16:00 - 21 / 02 / 2019
Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətində yeni mərhələ kimi - TƏHLİL

Məlum olduğu kimi, fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.

Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottingerlə yanaşı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Toplantıda çıxış edən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı məlumat verərək, 2015-ci ildə icrasına start verilən layihənin Avropa Komissiyası, eləcə də bir sıra dövlətlər və aparıcı şirkətlər tərəfindən dəstəkləndiyini bildirib:

“Enerji sektoru regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq”

“Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il, əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu.

Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq”.

1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı müqavilə imzalandığını xatırladan dövlət başçısı bu yatağın Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olduğunu söyləyib:

“Ümidvaram ki, bu, yeganə mənbə olmayacaq, ancaq hazırda bu, belədir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur”.

“Tranzit ölkəsi kimi Azərbaycanın regiondakı rolu artmaqdadır”

Tranzit ölkəsi kimi Azərbaycanın regiondakı rolunun artmaqda olduğunu deyən Prezident İlham Əliyevin sözlərinə görə, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi:

“Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır. Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik.

Ötən ilin fevral ayındakı sonuncu görüşümüzdən sonra iki mühüm tədbir keçirildi - biri Azərbaycanda, digəri isə Türkiyədə. May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir.

Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni, bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq”.

“Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi layihəsidir”

Cənub Qaz Dəhlizinin enerji şaxələndirilməsi layihəsi olduğunu deyən dövlət başçısı bildirib ki, enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir:

“Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür”.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin həm də enerji təhlükəsizliyi layihəsi olduğunu vurğulayıb:

“Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir”.

“Azərbaycan qazının Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik”

Tədbirdə çıxış edən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger 2019-cu ilin Cənub Qaz Dəhlizi layihəsinin qalan hissələrinin maliyyələşməsi baxımından əhəmiyyətli il olacğına əminliyini ifadə edib:

“Azərbaycan qazı TANAP vasitəsilə artıq Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdə, - ümidvarıq ki, gələn il, - Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək.

Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şaxələndirilməsinə imkan verəcək. Təchizat mənbələri deyəndə “Şimal Axını 2” və ya “Türk Axını”, yeni mənbələr deyəndə isə Cənub Qaz Dəhlizi - Azərbaycan və Avropa İttifaqı nəzərdə tutulur. Gələcəkdə təchizat səviyyəsinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə inkişaf etdirmək üçün hər iki element bərabər şəkildə vacibdir”.

G.Ottingerin sözlərinə görə, Cənub Qaz Dəhlizi təkcə Avropanın enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etmir. O, həm də dəhliz boyunca yerləşən ölkələrdə və onların hüdudlarından kənarda dinamik proseslərə start verib.

“Cənub Qaz Dəhlizi tarixi layihədir”

Cənub Qaz Dəhlizini tarixi layihə adlandıran Avropa Komissiyasının rəsmisi, Azərbaycanın Avropa İttifaqı üçün əsas strateji tərəfdaş olduğunu vurğulayıb:

“Cənub Qaz Dəhlizi sayəsində, - lakin təkcə bunun sayəsində deyil, - Azərbaycan Avropa İttifaqı üçün əsas strateji tərəfdaşdır. Bu il biz Şərq Tərəfdaşlığının 10 illiyini qeyd edirik. Azərbaycan hələ də bir sıra iqtisadi çətinliklərin öhdəsindən gəlməyə çalışan Şərq Tərəfdaşlığı regionunda öz inkişafı ilə mayak rolunu oynayan, inkişaf etməkdə olan, orta gəlir səviyyəli ölkədir. Azərbaycan güclü artım tempinə malik ölkədir və çağırışların öhdəsindən inamla gəlir. Azərbaycan, həmçinin öz iqtisadiyyatının şaxələndirilməsi ilə fəal şəkildə məşğul olur. Bu, açıq-aşkar sizin əməkdaşlığı genişləndirə biləcəyiniz sahədir”.

Azərbaycanın enerjidən savayı, çox mühüm geosiyasi rolunun olduğunun deyən. G.Ottingerin sözlərinə görə, ölkənin yerləşdiyi məkan ona nəinki beynəlxalq enerji qovşağı kimi, eyni zamanda, mühüm nəqliyyat qovşağı kimi də fəaliyyət göstərmək imkanı verir. Azərbaycan öz limanlarına və dəmir yolu şəbəkələrinə sərmayə yatırır. Azərbaycan Avropa İttifaqına Mərkəzi Asiyaya və Çinə çıxış əldə etmək üçün mühüm bir yol açır.

Cənub Qaz Dəhlizi layihəsi – Avropanın yeni enerji damarı

Məlumat üçün bildirək ki, Cənub Qaz Dəhlizi - Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Başqa cür desək, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK),  Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Xatırladaq ki, keçən il mayın 29-da  Bakıda Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə bir sıra ölkələrin dövlət və hökumət rəsmiləri, layihədə iştirak edən şirkətlərin rəhbərləri iştirak ediblər.

Cənub Qaz Dəhlizi layihəsi növbəti 10 ildə genişləndiriləcək

Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban 1news.az-a bildirib ki, Azərbaycan ötən beş il ərzində Cənub Qaz Dəhlizi layihəsini gerçəkləşdirə bildi. 2018-ci ildən isə layihə kağız üzərindən işlək bir layihəyə çevrildi.

“Bu olmasaydı Azərbaycan özünün böyük qaz yataqlarını işlədə bilməyəcəkdi. Çünki gərək infrastruktur olsun ki, həmin layihələr işləsin və ölkəyə vəsait qazandırsın. Digər tərəfdən, o layihələri işlətmək üçün investorların kapital qoyması çox vacib idi. Cənub Qaz Dəhlizinin ən böyük əhəmiyyəti də budur”.

İ.Şaban bildirib ki, bir ildən sonra bu layihə tam gücü ilə işləyəcək, növbəti 10 ildə isə mərhələ-mərhələ genişləndiriləcək:

“Kəmər hazırda ildə 16 milyard kub metr ötürmə gücünə malikdir. Tədricən isə onun layihə gücü 31 milyard kub metr səviyyəsinə çatdırılacaq. Növbəti mərhələlərdə digər qaz yataqları da ora cəlb ediləcək”.

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir

Millət vəkili Azər Badamov isə bildirib ki, Azərbaycanın coğrafi mövqeyi onun tranzit potensialını daha da artırır. Onun sözlərinə görə, beynəlxalq boru xətləri – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji resurslarının ixrac imkanlarını artırır.

“İndi Cənub Qaz Dəhlizi layihəsi Avropaya qədər uzanır və ötən gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyevin də iştirakı bunun beynəlxalq əhəmiyyətini daha da artırır. Yəni, Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, bu layihə vasitəsilə ayrı-ayrı ölkələri enerji resursları ilə təmin edək.

Məsələn, qonşu ölkələr olan Türkmənistan, Qazaxıstan, İran və yaxud da Rusiya qazının gələcəkdə nəqli ola bilsin ki, Azərbaycandan keçsin. Çünki Cənub Qaz Dəhlizi layihəsi çox əhəmiyyətli bir layihədir. Gələcəkdə də bu, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik bir layihə olacaq. Ölkə başçısı da sözügedən toplantıda bunu xüsusilə vurğuladı.

Azərbaycanın belə bir böyük tranzit imkanlarına, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı  iştirakçısı olması təbii ki, ölkəmizin dünya üçün əhəmiyyətini bir daha artırır”.

1news.az

Paylaş:
1374

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər