1news.az

Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

22 May saat 13:22 ~ 1 dəqiqəlik oxu 304
Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Daxili İşlər Nazirliyi Cəlilabadda müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

1news.az-ın Ona-ya istinadla verdiyi xəbərə görə, Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib.

Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.

Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Lakin araşdırma zamanı həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq da əldə olunub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayonunda müəllimin qız şagirdə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net