1news.az

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri: Müasir diplomatiyamızda yeni səhifə - FOTO

13 Mart saat 20:30 ~ 11 dəqiqəlik oxu 115
Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri: Müasir diplomatiyamızda yeni səhifə - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 11-12-də Fransa Respublikasına səfəri proqramının zənginliyi, görüş və danışıqların yüksək səviyyəsi ilə yadda qaldı.

Azərbaycan-Fransa əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malik olan bu səfər diplomatiya tariximizə yeni səhifə kimi yazıldı. Səfər, eyni zamanda, dünya və Avropa ictimaiyyətində Azərbaycan barədə müsbət imicin formalaşmasından, ölkəmizə və şəxsən Mehriban xanım Əliyevaya böyük diqqət və hörmətdən, nəhayət, Birinci vitse-prezidentin diplomatik məharətindən xəbər verir.

Səfərin əhəmiyyətini, səciyyəvi məqamlarını bir daha diqqətə çatdıraraq, bununla bağlı fikir və mülahizələri oxucularla bölüşməyi lazım bildik.

Fransa Qərbin aparıcı, inkişaf etmiş, Avropa İttifaqının lider dövlətlərindən biridir. Paris ənənəvi olaraq Avropa və dünya siyasətinə ciddi təsir göstərir. Cənubi Qafqazda da fəallığı ilə seçilən bu ölkə ATƏT-in Minsk qrupunun həmsədridir. Onun Yerevana təsir imkanları da ayrıca söhbətin mövzusu ola bilər. Fransada erməni diasporu və lobbisinin dövlət siyasətinə təsir göstərdiyi sirr deyil. Onlar Azərbaycan-Fransa əlaqələrini hər vəchlə əngəlləməyə, münasibətlərə kölgə salmağa çalışırlar. Lakin artıq zaman Azərbaycanın xeyrinə işləyir.

Fransa Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edir. “Total” şirkəti “Əsrin müqaviləsi”nin başlanğıcdan bu neft kontraktında yer alıb. Parisin Azərbaycanla münasibətlərində diqqətçəkən daha bir məqam kosmik sahədə mövcud əməkdaşlıqdır. Azərbaycan kosmik peyklərini orbitə məhz Fransanın kosmodromundan çıxarır.

Göründüyü kimi, Fransa ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətində həmişə prioritet istiqamətlərdən biri olub.

Mədəniyyət sahəsində əlaqələrə gəlincə, ilk növbədə, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi humanitar layihələr yada düşür. Artıq bu ölkənin mədəni həyatında Fondun yeri aydın görünməkdədir. Gəlin, xatırlayaq: Parisdə terror qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə, Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına yardım, Strasburq kafedralının XIV əsrə aid olan beş vitrininin, Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılması və sair. Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçirildi, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzi yaradıldı, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsi açıldı... Bu, Fransada Heydər Əliyev Fondunun dəstəyi, bilavasitə Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin heç də tam olmayan siyahısıdır. Təsadüfi deyil ki, birinci xanım Mehriban Əliyevanın Fransa-Azərbaycan əlaqələrinin inkişafına verdiyi böyük töhfələr, mədəniyyət, elm və təhsil sahələrindəki xidmətləri Fransa görüşlərində xüsusi vurğulanırdı. Bunu Fransanın Baş naziri Eduard Filip, Senatın sədri Jerar Larşe və başqaları dilə gətirdilər. Xatırlatmaq yerinə düşər ki, bu xidmətlərinə görə birinci xanım Mehriban Əliyeva Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunub.

Beləliklə, Fransa ilə münasibətlərin inkişafı istər siyasi-iqtisadi və humanitar baxımdan, istərsə də ermənilərin anti-Azərbaycan təbliğatının neytrallaşdırılması nöqteyi-nəzərindən müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Fransaya münasibətdə məqsədyönlü, düşünülmüş siyasəti bu ölkənin qapılarını üzümüzə daha geniş açır. Yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə güclü impuls verir, ona arzuedilən dinamika gətirir.

Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu Paris səfəri, yüksək səviyyəli görüşləri və danışıqları, ilk növbədə, bu praqmatik, milli maraqlara xidmət edən siyasətdən qaynaqlanır.

Əminliklə deyə bilərik ki, Fransa-Azərbaycan münasibətlərində yeni səhifə açan bu səfər qarşılıqlı əlaqələrin inkişafına ciddi töhfə verdi. Yeri gəlmişkən, bu fikrə Mehriban Əliyeva ilə görüşündə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi də şərik çıxdı.

Bu gün beynəlxalq miqyasda söz və nüfuz sahibinə çevrilən, etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanla əlaqələrin genişlənməsində dünyanın bütün inkişaf etmiş ölkələri kimi, Fransa da maraqlıdır. Bunu Mehriban xanımın Parisdə keçirdiyi bütün görüşlərdə Fransanın yüksək vəzifəli rəsmiləri də xüsusi vurğulayırdılar.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərini bir neçə aspektdən səciyyələndirmək olar. Dünya Mehriban xanımın Parisdə yüksək hörmət-izzətlə qarşılandığının, ona göstərilən ali diqqətin şahidi oldu. Bu mənzərə Fransa siyasi elitasının Mehriban xanım Əliyevanı nüfuzlu lider kimi qəbul etdiyini göstərir. Həm də onu göstərir ki, Mehriban Əliyeva Qərb ölkələrinin nəzərində müsəlman-Şərq aləminin müasir dünya ilə ayaqlaşan, eləcə də Qərb dəyərlərini dərindən anlayan mütərəqqi ictimai-siyasi xadimdir. Hazırda müsəlman ölkələrində bu statusa malik ikinci bir siyasətçi qadın tapmaq çətindir.

Səfərin digər mühüm aspektlərindən biri, qeyd etdiyimiz kimi, siyasi-iqtisadi, humanitar mövzularda yüksəksəviyyəli müzakirələrin aparılması oldu. Birinci vitse-prezidentin aparıcı şirkətlərin rəhbərləri ilə görüşləri və danışıqları Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsində Mehriban xanım Əliyevaya yüksək inam və etimadın, eləcə də onun şəxsi nüfuzunun göstəricisi kimi diqqəti cəlb edir. Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin qeyd etdiyi kimi, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın bu təşkilata inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər.

Səfər çərçivəsində keçirilən görüşləri sıralasaq, Fransanın Baş naziri Eduard Filip ilə görüşü ön sıraya qoymaq olar. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirən Fransa Baş nazirinin fikrincə, Azərbaycan böyük iqtisadi potensiala malikdir və ikitərəfli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Azərbaycanın neft və qeyri-neft sektorlarında çalışan fransız şirkətləri daha fəal olmalıdır. Birinci vitse-prezident Mehriban Əliyeva da bu fikirləri bölüşərək iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğuladı, fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırdı. Humanitar sahədə əməkdaşlıqdan danışarkən Mehriban Əliyeva bildirdi ki, Azərbaycanda fransız dilinə və ədəbiyyatına böyük maraq var, ölkəmizin 300-dən çox məktəbində fransız dili tədris olunur. Bundan əlavə, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir.

Baş nazirlə təkbətək görüşün detalları tam açıqlanmasa da, səslənən fikirlər Fransanın Azərbaycanla bütün sahələrdə, xüsusən iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirmək istəyindən xəbər verir və bu, çox mühüm amil kimi diqqətəlayiqdir. Görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə imzalanan Azərbaycan-Fransa sənədlərinə nəzər yetirsək, artıq bu istiqamətdə real addımların atıldığını görə bilərik.

Məsələn, “Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” bankı arasında strateji əməkdaşlıq haqqında Saziş” imzalandı. Rotşildlərin bank biznesi investisiya-bank xidmətləri, korporativ bank xidmətləri, özəl kapital qoyuluşu, aktivlərin idarə olunması kimi mühüm sahələri əhatə edir.

Yaxud Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”, “Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi” və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə” ölkəmiz üçün xüsusi önəmə malik sənədlərdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Hindistandan və Körfəz ölkələrindən göndərilən yüklərin Azərbaycan ərazisindən keçməklə Rusiyaya, Qərbi Avropaya, Baltikyanı və Skandinaviya ölkələrinə daşınması nəzərə alınarsa, haqqında söhbət gedən konvensiyanın icrası ölkəmizin iqtisadiyyatına böyük dividendlər gətirəcək.

Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi, “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılması haqqında müqavilə isə nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayacaq.

Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində ardıcıl və davamlı iş aparır. Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşdə bu barədə söhbət açıldı. Nazir Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində Birinci vitse-prezidentin mühüm rolunu qeyd etdi. Mehriban Əliyeva isə öz növbəsində, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğuladı. Onun fikrincə, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalı, cari ildə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclası keçirilməlidir. Bu təkliflər fransalı nazir tərəfindən yüksək qiymətləndirildi.

Azərbaycan dövləti üçün prioritet məsələlərdən biri də ətraf mühitin mühafizəsidir. “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşdə Azərbaycan ilə bu şirkət arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Suyun idarə edilməsi və su itkilərinə qarşı mübarizə sahəsində ölkəmiz (“Azərsu” ASC) və Fransa şirkəti arasında əlaqələrin müsbət təcrübəsi nəzərə alınarsa, bu əməkdaşlığın perspektivləri heç bir şübhə doğurmur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa səfəri çərçivəsində “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşü də maraqlı məqamlarla yadda qaldı. Belə ki, Rotşildlər XIX əsrdə Azərbaycanda çox məşhur olublar. Bu barədə danışan Mehriban Əliyeva deyib: Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər. Bütün bunlar Bakıda neft sənayesini daha da canlandırmışdı. Rotşild qardaşları xeyriyyəçiliklə də məşğul olub, həmçinin Bakıda bir çox gözəl binalar tikiblər.

“Ailəmizin Sizin ölkənizdəki fəaliyyəti barədə bilirik və hesab edirəm ki, onlar tarixdə iz qoyan fəaliyyət göstəriblər”, - deyən “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu bildirdi və Mehriban Əliyevanın ölkəmizə səfər dəvətini məmnunluqla qəbul etdi.

Fransa Senatının sədri Jerar Larşe, Milli Assambleyanın sədri Rişar Ferran ilə, həmçinin Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlərlə görüş, aparılan səmərəli danışıqlar isə parlamentlərarası əlaqələr, habelə mədəniyyət, elm, səhiyyə və təhsil sahələrində Azərbaycan-Fransa münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Səhiyyə sahəsinə gəldikdə, Fransa Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüş çox əlamətdar sayıla bilər. Nəzərə alsaq ki, Birinci vitse-prezident ölkəmizdə səhiyyənin inkişafına hərtərəfli diqqət və qayğı göstərir, bu sahədə Fransa-Azərbaycan əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi təcrübə mübadiləsinə və iki ölkənin onkoloji mərkəzləri arasında daha sıx əməkdaşlığın yaradılmasına, müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri iki dövlət arasında mədəni əlaqələrin inkişafı baxımından da çox əhəmiyyətlidir. Bu və digər məsələlər Fransanın birinci xanımı Brijit Makron ilə görüşdə müzakirə edildi. Brijit Makron qədim Azərbaycan mədəniyyəti incilərinin populyarlaşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması işində Mehriban Əliyevanın müstəsna rolunu yüksək qiymətləndirdi. Onun rəhbərliyi ilə müxtəlif vaxtlarda Fransada keçirilmiş mədəni tədbirlərin əhəmiyyəti vurğulandı. İnamla demək olar ki, bu görüş ailə və qadın problemləri, gender bərabərliyi, təhsil, ətraf mühitin mühafizəsi məsələlərində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək.

Səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Risterin müşayiəti ilə Parisdəki Orsey muzeyini ziyarət etdi. Bu, bir daha təsdiqlədi ki, mədəniyyət sahəsi Azərbaycan-Fransa əlaqələrinin mühüm istiqamətlərindən biridir.

Fransada keçirilən bütün görüşlərdə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi də xüsusi diqqət yetirilən mövzulardan idi. Birinci vitse-prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini fransız hakimiyyətinin yüksək dairələrinə bir daha çatdırmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi nizamlanma prosesində Fransanın məsuliyyətinin xatırladılması üçün səfərin yaratdığı bütün imkanlardan istifadə etdi.

Bütövlükdə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərini əlamətdar hadisə kimi səciyyələndirmək olar. Bu səfər, heç şübhəsiz, bütün istiqamətlər üzrə dövlətlərarası əlaqələrin inkişafında, o cümlədən ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasında, Azərbaycanın Aİ-yə inteqrasiyasında müstəsna rol oynayacaq.

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin sədri,

Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti
 
OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net