Bir qəzanın sirri və yaxud enerjimiz niyə tükəndi? – TƏHLİL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bir qəzanın sirri və yaxud enerjimiz niyə tükəndi? – TƏHLİL

14:30 - 05 / 07 / 2018
Bir qəzanın sirri və yaxud enerjimiz niyə tükəndi? – TƏHLİL

Məlum olduğu kimi, iyulun 2-də Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının 6-cı blokunda baş verən qəza ölkədə həyatı əməlli başlı iflic elədi.

Qəza nəticəsində ölkənin əksər şəhər və rayonlarına elektrik enerjisinin verilməsi tamamilə dayandı ki, bu da bir çox arzuolunmaz fəsadlara, problemlərə yol açdı. Ölkənin ən strateji məntəqələri – metro, hava limanı, dövlət qurumları, xəstəxanalar belə bundan yan keçmədi. Hətta əhaliyə içməli suyun verilməsi belə kəsildi.

Hadisədən dərhal sonra bütün güc strukturları ayağa qaldırıldı, gücləndirilmiş iş rejiminə keçirildi.

Vəziyyətdən çıxmaq üçün qonşu ölkələrin enerji şəbəkələrinə qoşularaq qismən də olsa enerji əldə olundu. Sonradan isə, yenə də “Azərenerji” rəsmilərinin bildirdiyinə görə sistemin bərpası məqsədilə yenidən enerji kəsildi və 2-4 saat ərzində bərpa olunmağa başladı.

 

Energetika Nazirliyi və “Azərenerji”: günahkar havadır

Energetika Nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yaydılar. Rəsmi məlumatda bəyan edildi ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib. 

Baş nazir Novruz Məmmədov Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verdi. Onun tapşırığı ilə qəzanın ilkin səbəblərinin araşdırılması, fəsadların aradan qaldırılması məqsədilə birinci müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və digər rəsmi şəxslər hadisə yerinə - Mingəçevirdəki İstilik Elektrik Stansiyasına (İES) getdi.

Enerjinin kəsilməsi səbəbindən metroda qatarların hərəkəti dayandı və nəticə yüzlərlə insan isti vaqonlarda çıxılmaz vəziyyətdə qaldılar. Lakin güc strukturlarının səyi nəticəsində qısa müddətdə insanları metro stansiyalarından təxliyə etmək mümkün oldu və onlara lazımi yardım göstərildi.

Metronun işləməməsi öz növbəsində avtobuslarda sıxlığın yaranmasına gətirib çıxardı. Vəziyyətdən çıxış yolu kimi aidiyyəti qurumlar xətlərə əlavə avtobuslar buraxdılar, gediş haqqı isə alınmadı. Nəticədə əhalinin daşınması ilə bağlı yaranan problemi demək olar ki, aradan qaldırmaq mümkün oldu.

İşbazlar iş başında...

Baş verən qəza əhalinin haqlı narazılığına səbəb oldu. Çünki elektrik enerjisinin verilməməsindən ən çox ziyan çəkən sadə vətəndaşlar oldu. Bəzi işbazlar isə ölkənin çətin durumundan öz mənafeləri üçün istifadə etməyə çalışdılar. 20 qəpiklik suyu 2 manata satan da oldu, 3 manatlıq yolu 15 manata aparan da. Onlara isə deməyə bir söz qalır: Allah sizə insaf versin!

Qəzadan qaçmaq mümkün idimi?

Müşahidələr və araşdırmalar göstərir ki həqiqətən də 6-cı blokda qabaqcadan ciddi problemin olması bilinib. Rəsmi sənədlərdə də bu blokun əsaslı yenidənqurmaya ehtiyacı olduğu öz əksini tapıb. Yəni rəsmilərin dediyi isti hava əslində səbəb deyil, daha çox bəhanədir. Problem qabaqcadan bilinib. 

Güman ki məsuliyyətsizlik və etinasızlıq ucbatından zamanında problemə ciddi diqqət yetirilməyib və əsaslı yenidənqurma aparılmayıb. Və nəticədə də, necə deyərlər gözlənilən baş verib. Çünki, özləri qabaqcadan yazıblar ki, problem gözlənilir.

Pirverdiyevə sual: Son 15 ildə enerji sahəsinə ayrılan milyonlarla vəsait hara gedib?

Qəzanın baş verməsində ən böyük təqsirkar isə şübhəsiz “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevdir. O Pirverdiyev ki, dəfələrlə çıxışlarında, açıqlamalarında ölkənin enerji sektorunun yüksək səviyyədə olmasından, yeni elektrik stansiyalarının tikilməsindən ağız dolu danışırdı. Elə isə sual olunur, cənab Pirverdiyev, son 15 ildə enerji sahəsinə ayrılan milyonlarla vəsait hara gedib? Qəzanın qarşısının alınması üçün vaxtında niyə lazımi tədbirlər görülməyib?

Bu suallara dünən ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirə zamanı Prezident İlham Əliyev də cavab almaq istədi. E.Pirverdiyevin isə konkret cavab vermək əvəzinə yenə də son 15 ildə energetika sektorunda görülən işlərə dair nağıl danışmaq istəməsi dövlət başçısını hövsələdən çıxartdı. Baş energetikin sözünü ağzında qoyan Prezident İlham Əliyev onu uşaq kimi tənbeh edərək konkret faktlardan danışmasını, yaranan vəziyyətə aydınlıq gətirməsini istədi. Bunununla belə dövlət başçısı E.Pirverdiyevəi dinləmək belə istəməyərək sözü başqa şəxslərə verdi. Bu yəqin ki, tək Pirverdiyevə yox, başqaları üçün də bir siqnal oldu. Dövlət başçısı göstərdi ki, onun etimadını doğrultmayan şəxslər gec-tez öz layiqli dərslərini alacaqlar.

Nə üçün bir partlayışla bütün ölkə üzrə enerji sistemi çöküb?

Artıq tam əminliklə demək olar ki, bunun səbəbi, ümumiyyətlə, belə bir dayanıqlı enerji sisteminin olmamasıdır. Yəni, baxmayaraq ki, son illərdə 20-25 elektrik stansiyasının tikildiyi bildirilirdi, realda vəziyyət elə olub ki bu stansiyalar alternativ, ehtiyat sistemlər üzərində oturdulmayıb. Alternativ xətlər, paylayıcı sistem, avtomatik rejimdə alternativlərin qoşulması sistemi olmayıb. Alternativ enerji sistemi realda movcud olmayıb. Anlaşıqlı formada desək bütün ölkənin enerji sistemi bir mənbəyə istiqamətlənməklə, bir ana xətt üzərində qurulub.

Xatırladaq ki, oxşar hadisə 2-3 il öncə ölkə üzrə İnternetin kəsilməsi zamanı baş vermişdi.
İnternet ölkəyə müxtəlif istiqamətlərdən daxil olsa da əsasən bir nöqtədən paylanırdı. Yəni, internetin əslində bir nöqətdən paylanması qabaqcadan, şüurlu olaraq həyata keçirilmişdi. 

İlham Əliyev: Ciddi araşdırmalar aparılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir

Məsələni diqqətdə saxlayan Prezident İlham Əliyev ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirərək baş verən hadisənin ciddi araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Məsələni araşdırmaq üçün Dövlət Komissiyasının yaradıldığını deyən dövlət başçısı bildirib ki, Komissiya qarşısında qoyulan əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir:

“Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Komissiya onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır”.

“Bütün dövlət orqanları böyük peşəkarlıq göstəriblər”

Qəzanın yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı görülən işlərdən danışan Prezident İlham Əliyev bütün dövlət orqanlarının bu vəzifənin icrasında böyük peşəkarlıq göstərdiyini vurğulayıb:

“Mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, bu vəziyyətdən şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində qəza demək olar ki, aradan qaldırıldı, heç bir ağır hadisə baş vermədi.

Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Metro və liftlərdə qalmış vətəndaşlar təxliyə olundu.

Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər.

Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, hesab edirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik”.

“Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi”

Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərdiyini deyən dövlət başçısı, bütövlükdə Azərbaycan cəmiyyətinin bu çətin sınaqdan şərəflə çıxa bildiyini söyləyib:

“Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edirəm. Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.

“Son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub”

İki dəfə baş vermiş qəzanın çox ciddi araşdırılmalı olduğunu deyən Prezident son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu diqqətə çatdırıb:

“Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır.

Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu”.

“Əlavə tədbirlər görülməlidir ki, gələcəkdə hər hansı bir qəza ümumi sistemə təsir etməsin”

Dövlət başçısı bildirib ki, əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın. Tədbirlər planı hazırlanmalı və ora bu müşavirədə səsləndirilən fikirlər, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi salınmalıdır:

“Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir”.

“Strateji obyektlərdə generatorlar quraşdırılmalıdır”

Prezident çıxışında strateji obyektlərdə generatorların quraşdırılması ilə bağlı da tapşırıqlarını verib:

“Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb.

Metropolitendə generatorların olmaması çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”.

Göründüyü kimi, məsələ dövlət başçısının diqqət mərkəzindədir. İnanırıq ki, tezliklə qəzanın dəqiq səbəbi araşdırılacaq və günahkarlar lazımi cəzalarını alacaqlar. Ən əsası isə ölkənin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi işlər görüləcək ki, bir daha bu cür qəza ilə üzləşməyək.

Babək Cahandarov

Paylaş:
1355

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər