Bəzi cəzaların dekriminallaşdırılması nəyi dəyişəcək? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi cəzaların dekriminallaşdırılması nəyi dəyişəcək?

11:50 - 09 / 11 / 2017
Bəzi cəzaların dekriminallaşdırılması nəyi dəyişəcək?

Azərbaycan Prezidenti tərəfindən bir neçə gün əvvəl imzalanmış Cinayət qanunvericiliyinin humanistləşdirilməsini nəzərdə tutan qanun layihəsi cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Bu sənəd öz əhatəliliyinə, konseptuallığına və tənzimləmə sahəsinə görə son dövrlərdə hazırlanan ən geniş dəyişikliklər paketi hesab edilə bilər. Belə ki, burada Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Bu sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoydu. Proqram xarakteri daşıyan sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb və artıq dövlət başçısının təsdiqi ilə qüvvəyə minib.

 Hansı dəyişikliklər var?

 Bütövlükdə 15 cinayət məcəllədən çıxarılıb. Bunlar daha çox mülkiyyət və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, habelə ehtiyatsızlıqdan törədilən cinayətlərdir.

Bununla yanaşı, 3 cinayət əməlinə görə məsuliyyət yaradan hədd 5 dəfə artırılmaqla dekriminallaşdırılıb. Bu, mülkiyyət əleyhinə olan cinayətlərdir və burada cinayət məsuliyyəti yaradan hədd 100 manatdan 500 manatadək artırılıb. Lakin bu əməllərin Cinayət Məcəlləsindən çıxarılması bu cür əməlləri törədənlərin cəzasız qalacağı demək deyildir. Həmin əməllər İnzibati Xətalar Məcəlləsinə daxil edilib və buradakı normalar da təkmilləşdirilib. Həmçinin, bir sıra ictimai təhlükəli əməllərə görə hədd dəyişdirilməyib (məsələn, təkrar, yaşayış sahəsinə daxil olmaqla, saxlanc yerlərinə daxil olmaqla törədilən cinayətlər).

 Digər bir məqam isə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsi hallarının azaldılmasıdır.  Aparılmış təhlillər göstərib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud olan cinayət tərkiblərinin 60%-nin sanksiyasında azadlıqdan məhrumetmə alternativsiz olaraq yeganə cəza növü kimi nəzərdə tutulur. Bu tərkiblərin təqribən 40%-ni böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Sanksiyalarda alternativ cəzaların olmaması son nəticədə azadlıqdan məhrum edilmiş şəxslərin sayının artmasına səbəb olurdu.

 Cinayət Məcəlləsində yeni növ cəza

Yeni müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olacaqdır. Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldıması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib.

Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır. Bu cəzanın mühüm xüsusiyyəti böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsin ailənin və cəmiyyətin islahedici təsirindən istifadə edərək islah edilməsinə şərait yaradılmasından ibarətdir.

Beləliklə, 152 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ azadlığın məhdudlaşdırılması və sair cəmiyyətdən təcridetmə ilə bağlı olmayan cəzalar daxil edilib.

 Probasiya Xidməti - cəzaların effektiv icrasını təmin edəcək

Azadlıqdan məhrumetmə cəzasının daha çox tətbiq edilməsini bəzən şərtləndirən hallardan biri də cəmiyyətdən təcridetmə ilə bağlı olmayan cəzaların icrasının təmin edilməsindəki çətinliklər olub. Bu çətinliklərin aradan qaldırılması məqsədilə həm institusional vasitələrdən, həm də müasir texnoloji vasitələrdən istifadə edilməsi nəzərdə tutulub.

Belə ki, Prezidentin 2017-ci il 7 noyabr tarixli fərmanı ilə Ədliyyə Nazirliyində baş idarə səlahiyyətli Probasiya Xidməti yaradılıb, onun təşkil edilməsi üçün nazirliyə əlavə olaraq 65 ştat vahidi verilib, fəaliyyətinin təmin edilməsi üçün Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib.

Probasiya terminin latıncadan tərcüməsi sınaq deməkdir və bu institut əksər qərb ölkələrinin İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.

Yeni yaradılmış Probasiya xidməti azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara (ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və s) məhkum edilmiş, habelə şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət edilməsi sahəsində ixtisaslaşmış orqan olacaqdır. Məhz bu sahədə ixtisaslaşmış qurumun yaradılması qeyd edilən cəzaların effektiv icrasını təmin etmək, işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemini tətbiq etmək, bu fəaliyyətdə müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən daha çox istifadə etməyə imkan verəcək.

Müasir texnoloji vasitələrdən istifadə edilməsi ilə bağlı yenilik isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərə elektron qolbaqlar və monitorinq sisteminin köməyi ilə nəzarət edilməsi olacaq. Yəni sadə şəkildə izah etsək, şəxsin yerdəyişmələri bu vasitələrlə izlənəcək və yaşayış yerini və ya ərazini tərk etməsi dərhal qeydə alınacaqdır.

Elektron nəzarət vasitələrinin tətbiqi sahəsində Avropa ölkələrində aparılmış tədqiqatlar göstərir ki, belə vasitələrin tətbiq edildiyi məhkumların 91% cəzanın çəkilməsi şərtlərini pozmur, 94% isə yenidən cinayət törədilməsindən çəkinir. Elektron nəzarət vasitələrindən həmçinin şərti məhkumetmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutlarının tətbiqi zamanı istifadə edilə biləcəkdir.

Bunadan əlavə, 36 cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 18 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 4 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilmişdir. 13 sanksiyalarda azadlıqdan məhrum etmənin azaldılması kateqoriya dəyişikliyinə səbəb olmayıb.

Narkotik vasitələrin istifadəçiləri müalicə ediləcək

Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə həyata keçirilən növbəti islahat – narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz istehlakı sahəsindədir. Bu sahədə bir çox xarici dövlətlərin cinayət qanunvericiliyi təhlil edilib. Beynəlxalq praktikada bu bəlaya qarşı mübarizədə bir çox yollar vardır -narkotik vasitələrin istehlakının tam leqallaşdırılmasından tutmuş bu əməllərə görə ən sərt cəzaların tətbiqinədək.

Layihədə təqdim edilən təklif beynəlxalq praktikada mövcud olan ən humanist variantlardan biridir. Layihəyə əsasən narkotik vasitələrin istifadəçilərini ilk növbədə narkomaniya xəstəliyinə düçar olmuş şəxs kimi qəbul edilir və müvafiq olaraq həmin şəxslərin müalicə edilməsi təmin edilir. Yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş -Satış məqsədi olmadan narkotik vasitə əldəetmə- cinayəti törətmiş şəxs əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Yəni dövlət həmin şəxslərin müalicə edilməsini öhdəsinə götürür. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Yəni narkomaniya xəstəliyinə düçar olmuşdursa, ona bu xəstəlikdən azad olmaq üçün şans, imkan verilir, bu imkan tam olaraq dövlət hesabına həyata keçirilir. Lakin əgər şəxs tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınarsa tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında cinayət məsuliyyətinə cəlb edilir. Eyni zamanda qeyd edilməlidir ki, bu imkan şəxsə yalnız bir dəfə verilir və təkrar həmin cinayətin törədilməsi zamanı bu normalar tətbiq edilməyəcək.

Eyni zamanda Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 14 cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub.

“Cəzaların dekriminallaşdırılması ailələrin möhkəm olmasına xidmət edir”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev 1news.az-a bildirib ki, Cinayət Məcəlləsindəki yeni dəyişikliklərin qüvvəyə minməsi dövlət başçısı tərəfindən atılmış növbəti humanist addımdır. Onun sözlərinə görə, əgər əvvəl hansısa bir cinayətə görə dərhal həbs qətimkan tədbiri seçilirdisə, indi daha daha humanist yanaşma olacaq: “Bundan əlavə, qeyd edilən istiqamətdə xüsusi bir idarənin yaradılması və bu kateqoriya cinayətlərin öyrənilməsi vətəndaşların daha düzgün həyat yol seçilməsinə, cinayətkarlığın qarşısının alınmasına səbəb olacaq. Ümumilikdə layihədə çox mühüm dəyişikliklər var. Bu dəyişikliklər isə hansısa mənfi hərəkətlərə bilərəkdən, yaxud bilməyərəkdən əl atan vətəndaşlarımıza cəmiyyətə daha tez inteqrasiya olunmaları, islah edilmələri üçün şans verəcək. Əminəm ki, həmin insanlar bu şansdan düzgün istifadə edəcəklər. Təbii ki, bunlar hamısı Prezident İlham Əliyevin humanistliyindən irəli gələn məsələlərdir. Yaxşı olardı ki, cinayət halları baş verməsin, amma baş veridiyi halda tərkibinə uyğun da məhkəmə tərəfdən qiymət veriləcək. Bu dəyişikliklərin qüvvəyə minməsinin ümumilikdə cəmiyyət üçün müsbət faydası olacaq”.

Millət vəkili Aydın Mirzəzadə isə 1news.az-a bildirib ki, cənab Prezidentin bu addımı onun cəmiyyətin hər bir üzvünün bu günü və sabahı ilə bağlı ciddi qayğısıdır. Bir sıra hadisələr var ki, onu şərti cəza və yaxud da cəzanın müxtəlif növlərinin tətbiqi ilə də qiymətləndirmək olar.

Deputat vurğulayıb ki, dünya təcrübəsindən irəli gələrək bütün hallarda cəzanın həbslə sonuclanması bir az düzgün hesab edilmir: “İlk növbədə iqtisadi cinayətlərə dair tamam yeni bir yanaşma fəlsəfəsi ortaya qoyulur. Dövlətə vurduğu ziyanı cəriməsi ilə qaytardıqdan sonra həmin insanlar üzərində şərti cəza qoymaqla onların öz günahlarını yuması və həmçinin, dövlətin artıq itirilmiş vəsaitlərinin qaytarıldığı üçün yeni bir cəza növü tətbiq edilə bilər. Digər tərəfdən, xırda cinayətlərə görə də həbslər artıq arada götürülür. Elektron qolbaq vasitəsiə onların hərəkətləri məhdudlaşdırılır. O ki qaldı az miqdarda narkotik maddəyə görə insanların cəzalandırılmasına,  burada da yeni yanaşma ortaya qoyulur. Bu insanların bir qismi artıq xəstədirlər və onların həbsi heç də problemi həll etmir. Biz vətəndaş itiririk, onun vəziyyətini daha da ağırlaşdırırıq. Onarın müalicə edilməsi daha düzgün hesab olunur ki, bu da tətbiq ediləcək. Düşünürəm ki, cəzaların dekriminallaşdırılması ilə bağlı bu siyasət ailələrin möhkəm olmasına, cinayətlərin təkrarlanmamasına, cəmiyyətdə narazı qalan bir kütlənin formalaşmamasına xidmət edəcək. Ümumən götürdükdə, bu cür yanaşma cəmiyyət tətəfindən təqdir edilir və həm mətbuatda, həm sosial şəbəkələrdəki fikirlərdə dövlət başçısının bu siyasəti dəstəklənir”.   

P.Sultanova

 

 

Paylaş:
1981

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər