1news.az

Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib - FOTO

23 Fevral saat 22:12 ~ 2 dəqiqəlik oxu 142
Berlində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar simpozium keçirilib - FOTO

Fevralın 22-də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Berlində Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda altıncı simpozium keçirilib.

Azərbaycanın AFR-dəki səfirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, simpozium səfirliyinin, Alman-Azərbaycan Forumunun və Alman-Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə keçirilib.

Tədbir iştirakçılarını salamlayan Alman-Azərbaycan Forumunun sədri Hanns-Eberhard Şleyer tədbirin 26 il öncə baş vermiş Xocalı şəhəri və onun ətrafında azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamın qurbanlarına həsr edildiyini bildirib. Şleyer öz çıxışı çərçivəsində həm də Almaniya-Azərbaycan münasibətlərinin aktual durumuna nəzər salmış və carı ilin fevralında Alman iqtisadiyyatının Şərq komitəsinin xətti ilə alman iş adamlarının Azərbaycana baş tutmuş səfərini simpozium iştirakçılarının diqqətinə çatdırıb.

Səfir Ramin Həsənov çıxışında Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz və Xocalı soyqırımının mahiyyəti, həmçinin bu münaqişənin mümkün həlli yolları haqda simpozium iştirakçılarını məlumatlandırıb. Səfir ölkəmizin həyata keçirdiyi regional və qlobal əhəmiyyəti layihələr nəticəsində  regional gücə çevrildiyini, məhz bu layihələrin regional inkişafa və stabilliyə böyük töhfə verdiyini, lakin Ermənistanın həyata keçirdiyi işğalçı siyasətin regionuna inkişafına böyük maneə olduğunu vurğulayıb.  Ramin Həsənov  həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Almaniyanın daha aktiv olacağına ümid etdiyini bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, Səfir Andreas Peşke öz çıxışında Xocalı faciəsinin insanların yaddaşında dərin izlər buraxdığını, bu faciənin münaqişə dövründə baş vermiş ən ağrılı hadisə olduğunu, regional əməkdaşlığın Qafqaz regionunda sülh və əmin-amanlığın bərpa olunması üçün mühüm rol oynadığını, bunun üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasının vacib olduğunu vurğulayıb. Peşke həmçinin Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, elm və təhsil sahələrində ölkələrarası əməkdaşlığın dinamik inkişaf etdiyini, 2017-ci ilin dekabr ayında  Bakıda Goethe-İnsitutunun təntənəli açılışının olduğunu bildirib. Peşke Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr nəticəsində regionun nəqliyyat dəhlizinə çevrildiyini demiş, ölkəmizi regionda Almaniyanın ən mühüm tərəfdaşı adlandırıb.

Daha sonra tədbir panellər çərçivəsində təşkil edilən müzakirələr formasında davam edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net