Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir - YENİLƏNİB

12:46 - 11 / 07 / 2019
Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir - YENİLƏNİB

İyulun 11-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. O, İslama dərindən bələd olan ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.

Aİİ-nin rektoru daha sonra qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

C.Məmmədov Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayıb. Bildirib ki, bu ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.

Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu bildirən C.Məmmədov ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edildiyini diqqətə çatdırıb: "Qafqazın ən böyük məscidi olan "Heydər Məscidi"nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir".

C.Məmmədov nitqində İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yerini vurğulayaraq, məşhur İslam alimləri haqqında bəhs edib.

On iki ölkədən alim və tədqiqatçıların iştirak etdiyi Simpoziumun Qafqazda İslam sivilizasiyasının tədqiqinə öz töhfəsini verəcəyini vurğulayan Aİİ-nin rektoru tədbirə uğurlar arzulayıb.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.

Halit Eren daha sonra bildirib ki, Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.

H.Eren "İslam sivilizasiyası Qafqazda" mövzusunda ikinci dəfə keçirilən Beynəlxalq Simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb.

Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, İslam dini Azərbaycanda yayılmağa başlandığı andan etibarən dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib.

Qafqazın nadir bölgə olduğunu vurğulayan Gövhər Baxşəliyeva bildirib ki, bu region öz təbiətinə, coğrafi quruluşuna və qədim zamanlardan məskunlaşmış, minillərboyu yaşamış insanlarının xüsusiyyətinə görə xarakterizə oluna bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Qeyd edib ki, Qafqaz xalqlarının, demək olar, əksəriyyəti İslam dininə ibadət edir. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, islami dəyərlər bəxş edib. İslam dini-mənəvi dəyərlərinin Qafqaz xalqlarının həyatında mühüm rol oynayır.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği, dini radikalizmə qarşı mübarizə istiqamətində aparılan işlər, əldə olunan uğurlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə əməkdaşlığı və fəaliyyəti nəticəsində mümkün olub. Salman Musayev dini konfessiyalara ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışaraq bildirib ki, müstəqil Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Daha sonra çıxış edən "29 Mayıs" Universiteti Himayəçilər Şurasının sədri, professor Tayyar Altıkulaç; "İzmir Katip Çelebi" Universitetinin rektoru, professor Saffet Köse; Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov II Beynəlxalq Simpoziumun Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.

Qonaqlar, həmçinin Simpoziumun keçirilməsini aktual hesab edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

İki gün davam edəcək simpoziumda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin məruzələrlə çıxışları nəzərdə tutulur.

Builki simpoziumda “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” adlı panellərdə müxtəlif mövzularda məruzələr dinləniləcək.

1news.az

Paylaş:
650

Son xəbərlər

Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43
Bütün xəbərlər