1news.az

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub – FOTO

22 Oktyabr saat 13:00 ~ 4 dəqiqəlik oxu 76
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub – FOTO

Oktyabrın 22-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki göstəriciləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir. Aparılan yenidənqurma tədbirləri elektrik enerjisinə durmadan artan tələbatın ödənilməsində də mühüm rol oynayır. Paylayıcı şəbəkələrin müasirləşdirilməsi gündən-günə sürətlənir və daha geniş ərazini əhatə edir. Ötən əsrin 60-cı illərindən istismarda olan və tamamilə yararsız vəziyyətə düşən elektrik təsərrüfatında hazırda, sözün həqiqi mənasında, inqilabi dəyişikliklər aparılır. Yeni qurğular təkcə rayon mərkəzləri və iri yaşayış məntəqələrinin deyil, eləcə də ətraf kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayır. Reallıq göstərir ki, kommunal xidmətlərin inkişafına dair bu quruma aid üç strateji hədəf, üç prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə işlər maksimum diqqətdə saxlanılır. Aparılan yenidənqurma tədbirləri qarşıdakı 10 il üçün müəyyənləşdirilən elektrik enerjisinə tələbatın proqnozuna və dinamikasına, yəni, “Azərişıq” ASC üzrə 2015-2025-ci illəri əhatə edən fəaliyyət planına uyğun həyata keçirilir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

“Azərişıq” ASC-nin sədr əvəzi Vüqar Əhmədov Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında mühüm rol oynayacaq. Mərkəzdə işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqla yanaşı, nəzarət-monitorinq, avtomatik idarəetmə, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.

Qeyd olundu ki, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi 6 rayon - Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, İmişli və Zərdab üzrə 137 min 190, o cümlədən 121 min 172 əhali və 16 min 18 qeyri-əhali abonentə və ümumilikdə, 753 min 200 nəfər əhaliyə xidmət göstərir. İmişli rayonu üzrə isə 33 min 321 abonent mövcuddur. Son illərdə Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə daxil olan 6 rayonda “Azərişıq” tərəfindən 110 və 35 kV-luq on yarımstansiya yenidən qurulub, 620 yeni KTM quraşdırılıb, 2200 kilometr müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilib və təmir edilib. Bundan başqa, regional baş idarənin yerləşdiyi İmişlidə 35 kV-luq “Məzrəli” və “Rəsullu” yarımstansiyaları tam yenidən qurulub, rayon mərkəzində Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi üçün inzibati bina inşa edilib.

Prezident İlham Əliyev İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə saldı.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net