Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir

11:38 - 17 / 12 / 2017
Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir

Müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb; ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb; 10-dan çox ölkəyə hərbi məhsul ixracı 2,7 dəfə yüksəlib...

1news.az-ın verdiyi xəbərə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov 17 Dekabr - Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günü  ilə bağlı “Azərbaycan” qəzetində işıq üzü görən "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir" məqaləsində yazıb.

Prezident İlham Əliyev şəxsi keyfiyyətləri, uzaqgörənliyi və zəngin dünyagörüşü, eləcə də mükəmməl idarəçilik qabiliyyəti ilə müasir Azərbaycan dövlətçiliyinin gücləndirilməsində və sosial-iqtisadi inkişafında böyük nailiyyətlərə imza atmışdır.

Hər zaman dövlətçilik, vətənpərvərlik, milli ənənələrə bağlılıq prinsiplərinin əsas təminatçısı kimi çıxış edən İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olduğunu göstərməklə yanaşı, sürətlə dəyişən geosiyasi reallıqlar şəraitində Azərbaycanın milli maraqlarını təmin etmək bacarığı ilə də özünün güclü siyasi lider olduğunu təsdiqləmişdir.

Son illərdə respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmişdir. İqtisadi tərəqqi, yeni iş yerlərinin yaradılması, müstəqilliyin ilk illərində ölkədə yaranmış hərc-mərclik, özbaşınalıq və dövlət idarəçiliyindəki naşılığın nəticəsində fəaliyyətini dayandırmış fabrik və zavodların əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi xalqın gələcəyə olan inamını daha da artırır. Ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər - əməkhaqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, yoxsulluğun aşağı salınmasına xidmət edən dövlət proqramlarının uğurlu icrası özünü qabarıq şəkildə büruzə verir.

Digər sahələrlə yanaşı, ordu quruculuğunda da islahatların aparılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş və bu gün də davam etdirilməkdədir. Ərazisinin böyük bir qismi düşmən tapdağında olan və hazırda müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə respublika Prezidentinin müvafiq sərəncamı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Ölkənin sənaye infrastrukturunun inkişafı ilə bağlı təsdiq olunmuş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” respublikanın digər qurumları ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin də qarşısında böyük öhdəliklər qoyub. Hazırda dövlət proqramının icrası ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyinin kollektivi qarşısında qoyulmuş mühüm vəzifələrin icrası istiqamətində işlər davam etdirilir. Belə ki, ötən illərdən icrasına başlanılmış, tikinti işləri başa çatdırılan 56 istehsal müəssisəsi ilə yanaşı, cari ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılmış və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bununla da istifadəyə verimiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılmışdır.

Qeyd olunan istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilmiş və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilmişdir. Yaxın zamanlarda daha 2 zavodun - artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur. Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir.

Ötən illərdə olduğu kimi, cari ildə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrası təmin edilmişdir. 2017-ci ilin istehsal proqramı üzrə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişlərə uyğun olaraq məmulatların istehsalı, təmiri və utilizasiyası işləri yerinə yetirilmiş və onların təhvili həyata keçirilir. Hazırda nazirliyin müəssisələrində məhsul istehsalı həcminin artırılması üçün geniş imkanlar mövcuddur.

Cari ilin 11 ayının yekunlarına görə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artmışdır. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində ötən ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artım əldə olunmuşdur. Bu artım ixrac əməliyyatları hesabına təmin edilmişdir. İstehsal olunan ümumi məhsulun tərkibində həmin məmulatların payı 91,5 faiz təşkil edir.

2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatli məmulatların həcmi isə 42 dəfə artmışdır. Ümumilikdə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı artaraq 213-dən 1200-ə çatmışdır.

Cari ildə də yeni nəsil silah növlərinin istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilmişdir. Həmin layihələr sırasında yeni nəsil təsir gücü artırılmış qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini göstərmək olar.

2017-ci ildə də nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir. Cari ilin 11 ayında nazirliyin müəssisələri tərəfindən 4 məmulat üzrə - xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılmış və istehsalı təşkil olunmuşdur. Eyni zamanda, xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşmış və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur. Bununla yanaşı, QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilmiş, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif mm-lik uzaq mənzilli minaatanların, müxtəlif mm-lik atəş yığımları üçün partladıcıların sınaqlarına başlanılmışdır. Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilmişdir.

Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi və istehsalı istiqamətində də məqsədyönlü işlər aparılır. Artıq yeni növ mülki məhsulların istehsalı istiqamətində aparılmış işlər öz bəhrəsini verməkdədir. Belə ki, mülki məmulatların idxalının yerli istehsalla əvəzlənməsi məqsədi ilə regionlarda suya olan təlabatı ödəmək üçün “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlərinin sifarişləri əsasında Gəncə “Maşınqayırma” zavodunda illik istehsal gücü 3000 ədəd olan “Dalma” tipli dərinlik su nasoslarının istehsal sahəsi yaradılmış və məmulatın istehsal edilərək sifarişçilərə təhvil verilməsi təmin edilməkdədir. Eyni zamanda, yerli xammaldan istifadə əmsalını artırmaq məqsədilə “AKKORD” Şirkətlər Qrupu ilə 20 min ədəd metal töküklərin (50 ton) hazırlanması üçün müqaviə bağlanmışdır.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2017-ci ildə 31 mövzu, o cümlədən müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Əsas mövzular sırasında 57 mm-lik (S-5 tipli) və 80 mm-lik (S-8 tipli) idarə olunmayan aviasiya raketlərinin, 25, 50, 100 və 250 kq-lıq qəlpəli-fuqaslı aviabombaların, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusu və onun qumbarası və s. vardır.

Milli Aerokosmik Agentliyi tərəfindən isə (MAKA) 2017-ci ildə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılır. İlk növbədə, əsas diqqət müxtəlif növ döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” milli zirehli nəqliyyat vasitəsinin, 12,7 mm-lik pulemyotla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulunun, 40 mm-lik QP-25 tipli lüləaltı qumbaraatanın və s. məmulatların hazırlanmasına yönəldilmişdir. Müdafiə Sənayesi Nazirliyinin respublikanın elm ocaqlarından Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti və digərləri ilə birgə əməkdaşlığına əsasən bir sıra tədqiqat işləri aparılır.

Ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılmışdır. Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olmuşlar. Bu da öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanılmışdır. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir. Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan hərbi məhsullar ixrac edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həcmi kooperasiya nəzərə alınmaqla 2,7 dəfə artmışdır.

2009-cu ildən dövlət başçısının tapşırığına əsasən ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq müdafiə sərgilərinə qatılan Müdafiə Sənayesi Nazirliyi sonuncu təmsil olunduğu, cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirmişdir. Bir sıra yeni məhsullar ziyarətçilərə ilk dəfə təqdim edilmiş və böyük maraqla qarşılanmışdır. Sərginin keçirildiyi günlərdə tədbirə qatılan digər ölkələrin nümayəndələri ilə gələn il Bakıda keçiriləcək “ADEX-2018” üçüncü beynəlxalq müdafiə sərgisində iştirakla bağlı razılaşmalar əldə olunmuşdur.

Qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyi tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, böyük təcrübə toplayaraq Azərbaycanda 2014-cü və 2016-cı illərdə “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrildi. Azərbaycan iki dəfə beynəlxalq müdafiə sərgisinə evsahibliyi edib. Keçirilən sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi nümayiş etdirilmişdir. Təşkil olunan sərgilərdə nümayiş etdirilmiş məmulatlar xarici və yerli nümayəndə heyətləri, eləcə də sadə xalq tərəfindən böyük maraqla qarşılanmışdır.

2014-cü ildə keçirilən “ADEX” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən 168 adda məmulat nümayiş etdirildiyi halda, 2016-cı ildə 260 adda məmulat nümayiş etdirilmişdir. Sərginin keçirildiyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılıqlar əldə olunmuş, bir sıra layihələrin reallaşdırılması ilə bağlı fikir mübadilələri aparılmışdı. Eyni zamanda, məmulatların ixracı üzrə memorandum və niyyət protokolları imzalanmışdır. Hazırda 2018-ci ildə keçirilməsi nəzərdə tutulan “ADEX” III Beynəlxalq müdafiə sərgisinin 2014 və 2016-cı illərdə keçirilmiş sərgilərdən daha da yüksək səviyyədə təşkil olunması üçün hazırlıq işləri aparılır.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Bunu ötən ilin aprel döyüşləri bir daha sübut etdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilərək bir sıra yaşayış məntəqələri və əlverişli yüksəkliklər düşmən tapdağından azad edildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı.

Müdafiə Sənayesi Nazirliyi ilə respublikanın digər aidiyyəti qurumlarının rəhbərləri arasında mütəmadi olaraq keçirilən görüşlər zamanı müdafiə sənayesi üzrə istehsal proqramının formalaşdırılması, birgə əməkdaşlıq prosesində qarşıya çıxan problemlərin operativ həlli, habelə müxtəlif istiqamətlər üzrə işgüzar müzakirələrin aparılması müsbət nəticələr vermişdir.

Müdafiə sənayesi sahəsinin yüksək ixtisaslı kadrlara olan tələbatının təmin edilməsi məqsədilə Müdafiə Sənayesi Nazirliyinin sifarişi ilə Azərbaycan Texniki Universitetində “Xüsusi texnika və texnologiya” fakültəsi yaradılmışdır. Nazirliyin sifariş verdiyi 5 müdafiə təyinatlı ixtisas üzrə bakalavr və magistr pillələrində 2012-2013-cü tədris ilindən kadr hazırlığına başlanılmışdır. Fakültədə təhsil alan tələbələrə praktik məşğələlərin keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində əyani vasitələrlə təmin olunmuş auditoriyalar yaradılmışdır. Fakültəni bitirən 100-dən artıq məzun Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq işlə təmin olunmuş, ixtisaslı kadrlar kimi fəaliyyətlərinin davam etdirilməsi və təhsil illərində əldə etdikləri biliklərin tətbiqi üçün lazımi şərait yaradılmışdır.

Müdafiə Sənayesi Nazirliyi daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu sahənin gələcək inkişafına təkan verən layihələrin qəbulu, işçilərin maddi rifahının yaxşılaşdırılması, hər il peşə bayramı ərəfəsində dövlət başçısı tərəfindən bir qrup əməkdaşa fəxri adların, yüksək dövlət təltiflərinin verilməsi hər bir müdafiə sənayesi işçisində dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla yanaşı, üzərinə əlavə məsuliyyət də qoyur. Cari ilin iyununda Şirvan şəhərində yerləşən iki istehsal zovodunun açılışında iştirak edən Prezident İlham Əliyevin nazirliyin yaradılması və fəaliyyəti ilə bağlı söylədiyi: “Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik” - fikirləri MSN əməkdaşları tərəfindən nazirliyin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətləndirildi.

Yeri gəlmişkən onu da qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması və qısa zamanda özünü doğrultması bir çox dövlətlərdə nümunə kimi qəbul edilir. Müstəqil respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, müdafiə sahəsində kənardan asılılığın aradan qaldırılması məqsədilə 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin qısa zaman ərzində əldə etdiyi nailiyyətlər hər bir azərbaycanlıda doğma torpaqlarının düşmən tapdağından bütövlükdə azad ediləcəyi günün heç də uzaq olmadığı hissini formalaşdırıb. Azərbaycan xalqı artıq əmindir ki, qəhrəman oğul və qızlarının qanı hesabına azadlıq əldə etmiş doğma Vətəninin müstəqilliyini qoruyacaq və ərazi bütövlüyünü təmin edəcək ən müasir silahlarla təmin olunmuş güclü ordusu var.

Respublika Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı müvafiq sərəncamla təsis olunan “17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü” ərəfəsində hər il nazirliyin bir qrup əməkdaşı “Əməkdar mühəndis”, “Əməkdar dövlət qulluqçusu” fəxri adları, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilirlər. Bu il də Prezidentin müvafiq sərəncamları ilə nazirliyin bir qrup əməkdaşı təltif olunanlar sırasındadır. Bütün bu qayğı və diqqətə görə ölkə rəhbəri İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin kollektivi adından dərin minnətdarlığımızı bildiririk.

S.Xankişiyeva

 

Paylaş:
1557

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər