1news.az

Azərbaycanda antibiotiklərlə bağlı ümumdünya maarifləndirmə həftəsi keçirilir

12 Noyabr saat 16:58 ~ 2 dəqiqəlik oxu 110
Azərbaycanda antibiotiklərlə bağlı ümumdünya maarifləndirmə həftəsi keçirilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yerli ofisinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi ilə birgə təşkil etdiyi antibiotiklərlə bağlı ümumdünya maarifləndirmə həftəsi çərçivəsində ilk dəyirmi masa öz işinə başlayıb.

1news.az-a BMT-nin Bakıdakı ofisindən verilən məlumata görə, silsilə tədbirlər noyabr ayının 12-dən 16-dək davam edəcək

Tədbirdə Səhiyyə, Kənd Təsərrüfatı və Ədliyyə nazirlikləri, eləcə də Qida Təhlükəsizliyi Agentliyi, Tibb Universiteti və BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin mütəxəssisləri iştirak edib.

İştirakçılar qida agentlikləri, universitetlər və kütləvi informasiya vasitələri daxil olmaqla əlaqədar tərəflərin antibiotiklərə dair maarifləndirmə təşəbbüslərində rolu və məsuliyyətləri haqqında müzakirələr aparıblar.

Tədbir ÜST, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional İdarəsi və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Mərkəzi Asiya üzrə subregional nümayəndəliyinin birgə qlobal təşəbbüsü çərçivəsində həyata keçirilir.

Antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən sayılır. Dünyada təxminən hər il 700.000 insan çoxsaylı dərmanlara qarşı müqavimət göstərən bakteriya ilə yoluxaraq dünyasını dəyişir. Onlardan 33.000-i yalnız Avropa Birliyinin payına düşür.

Mikrob əleyhinə müqavimətlə mübarizə üçün “Bir Sağlamlıq” yanaşması qəbul edilib. Bu, regionda və dünyada antibiotiklərlə bağlı real inkişafa nail olmaq üçün yeganə üsul hesab edilir.

“Bir Sağlamlıq” yanaşmasına əsasən, insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit bir-biri ilə sıx əlaqədədir. “Bir Sağlamlıq” – heyvan-insan-ekosistemlər müstəvisində yaranan potensial və ya mövcud riskləri həll etmək üçün koordinasiyalı, birgə, çoxtərəfli və sektorlararası bir yanaşmanın tətbiqini nəzərdə tutur.

1news.az

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net