Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır - FOTO

10:30 - 20 / 01 / 2019
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır - FOTO

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.

Yanvarın 20-də səhər saatlarından Şəhidlər xiyabanına insan axını başlayıb. İnsanlar bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad edir, şəhid məzarları qarşısında baş əyirlər. İzdihamın arasında Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olar.

Bu dəhşətli faciədən 29 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə şəhidlərə borcluyuq.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Şəxsən Mixail Qorbaçovun göstərişi ilə paytaxtımıza, eləcə də Azərbaycanın digər regionlarına yeridilən ordu hissələri 147 mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı, onların bir çoxu ömürlük şikəst oldu.

Bu qanlı hadisələrin səhəri ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu.

20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan bütün tədbirlər görüldü: Şəhidlər xiyabanda möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi yaradıldı.

Hazırda 20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib, onlara Prezident təqaüdü təyin olunub.

Bu gün Şəhidlər xiyabanında yaşanan insan axınını seyr etdikcə ümummilli lider Heydər Əliyevin sözləri bir daha xatırlanır: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Bu gün bütün yollar Şəhidlər xiyabanından keçir. Bu müqəddəs məkanı ziyarət edənlər arasında hər yaşda olan insanlar var. Hər kəsin üzündə kədər və qürur hissləri görünür. Burada yaşanan izdiham xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə təcəssüm etdirir.

Paylaş:
791

Son xəbərlər

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08
Bütün xəbərlər