Azərbaycan Xalça Muzeyi 50: “Xəzinənin yeni inciləri” adlı sərgi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Xalça Muzeyi 50: “Xəzinənin yeni inciləri” adlı sərgi keçirilib – FOTO

11:35 - 20 / 11 / 2017
Azərbaycan Xalça Muzeyi 50: “Xəzinənin yeni inciləri” adlı sərgi keçirilib – FOTO

Yubiley tədbirlərindən biri də muzey kolleksiyalarının toplanması üzrə yeni strategiyanın işlənib həyata keçirildiyi son iki il ərzində Azərbaycan Xalça Muzeyinin fondlarına qəbul edilən eksponatlardan ən dəyərlilərinin tamaşaçılara təqdim olunduğu “Xəzinənin yeni inciləri” adlı sərginin açılışı oldu.

1news.az-a Muzeydən verilən xəbərə görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaçılıq” sektorunun müdiri, professor Vidadi Muradov, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva və digərləri çıxış etdi.


Son iki il ərzində Azərbaycan Xalça Muzeyi içərisində xalça, milli geyim əşyaları, zərgərlik məmulatları, tikmə, batik nümunələri və arxeoloji qazıntı materiallarının olduğu 44 eksponat (satın və ya hədiyyə kimi alınmışdır) əldə etmişdir. Sərgidə bu qəbildən olan bir sıra qiymətli eksponatlar təqdim edilmişdir. Bunların arasında zərif işlənməsi ilə seçilən zərgərlik məmulatı, nadir milli geyim nümunələri və XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Şirvanda toxunmuş “Şamaxı” xalçası vardır.


“Şamaxı” xalçası hal-hazırda muzeyin xovlu xalçalar kolleksiyasının ən qədim eksponatlarından biridir. Özünün tarixi və bədii dəyərindən əlavə bu xalça Azərbaycan Xalça Muzeyinin xarici auksiondan aldığı ilk eksponat olması ilə də maraqlıdır. “Şamaxı” xalçası 2017-ci ildə Avstriya Auksion Şirkətindən (Austrian Auction Company) alınıb.


Özünün texniki xüsusiyyətləri, ornament və rəng koloritinə görə bu xalça unikaldır. Onun yarpaq, palmetta və islimi elementlərindən ibarət kompozisiyasında Səfəvilər dövrünün saray xalçalarının ruhu və Şirvan qrupunun həndəsi ornamentlərinin təsiri öz əksini tapıb. XVII əsrə aid bu tip xalçalar zəmanəmizə daha çox fraqment halında gəlib çatmışdır. Dünyada az sayda olan belə xalçalar əsasən şəxsi kolleksiya və ya iri muzeylərin toplularında saxlanılır. Onun bütöv halda qalması çox nadir bir hadisədir. Xalçanın üzərində keçmiş sahibləri üçün necə dəyərli olduğunu göstərən bərpa izləri var. 


Bu xalçanın vətənə qaytarılması Azərbaycan mədəniyyəti və incəsənəti üçün çox vacib bir hadisədir. Uzun illər qürbətdə olan xalça vətənə qayıdaraq, muzey kolleksiyasının əhəmiyyətli bir hissəsinə çevrildi. Digər maraqlı bir eksponat toy qabağı keçirilən “xınayaxdı” mərasimi üçün istifadə edilən cüt məmulatdır (Qarabağ, XIX əsr). Onlar məxmərdən tikilib və güləbətin, saçaq, çaxma qızıl piləklərlə (zərənduz) bəzədilib. 


Muzey kolleksiyası son zamanlar XIX əsrə aid meyzər (toy üçün nəzərdə tutulan önlük) və Kəşmir şalından tikilmiş, üzərində sahibinin adı və hazırlandığı il kimi nadir halda təsadüf edilən yazı ilə bəzədilmiş baharı (qadın üst geyimi) ilə zənginləşib. 
Nəhayət, zərgərlik kolleksiyasında da əhəmiyyətli artım baş vermişdir. Yeni əldə edilən eksponatlardan ən görkəmlisi XIX-XX əsrin əvvəllərinə aid Bakı və Naxçıvanda hazırlanmış iki cüt sırğa, eləcə də qızıl şəbəkə ilə işlənmiş Cənubi Azərbaycandan olan sürmədandır (sürmə çəkmək üçün çubuq).


Sərgidə görkəmli etnoqraf-alim Həsən Quliyevin ailəsi tərəfindən 2017-ci ildə muzeyə hədiyyə edilmiş şəxsi arxivindən olan əşyalar da təqdim olunmuşdur. Bu sovet dövrünə aid və onun müəllifi olduğu broşürlər (onlardan biri 1983-cü ildə Bakıda keçirilən Şərq Xalça Sənəti üzrə I Beynəlxalq Simpoziumuna çap edilmişdir), onun şəxsi kitabxanasından Qafqaz xalqları etnoqrafiyası üzrə kitablar kimi dəyərli biblioqrafik nümunələr, eləcə də Rusiya muzeylərində alimin özünün inqilab öncəsi çəkilən fotoşəkillərin (əsasən D.İ.Yermakovun) üzündən çıxartdığı qafqazlıların həyat və məişətini əks etdirən şəkillərdir. Arxivin əsas dəyəri alimin öz əlyazmaları və ilk növbədə onun Azərbaycanın bölgələrinə səfərləri ilə bağlı qeydlərinin apardığı ekspedisiya gündəlikləridir.

Sərgi çərçivəsində Azərbaycan Xalça Muzeyinin həyatında əhəmiyyətli rol oynamış şəxsin – bu il 100 illik yubileyi qeyd edilən, muzeyin ilk direktoru Əziz Əliyevin geniş və səmərəli fəaliyyətini əks etdirən arxiv fotolarının retrospektivi nümayiş olundu.

S.Xankişiyeva

 

 

Paylaş:
943

Son xəbərlər

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13
Bütün xəbərlər