Avropa Parlamentinin növbəti qərəzi: Azərbaycana qarşı qəbul edilən “qətnamə” kimlərin maraqlarına xidmət edir? – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamentinin növbəti qərəzi: Azərbaycana qarşı qəbul edilən “qətnamə” kimlərin maraqlarına xidmət edir? – TƏHLİL

16:40 - 18 / 01 / 2019
Avropa Parlamentinin növbəti qərəzi: Azərbaycana qarşı qəbul edilən “qətnamə” kimlərin maraqlarına xidmət edir? – TƏHLİL

Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyir.

Nümunə kimi Azərbaycanın BMT-nin müxtəlif komissiyalarında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, MDB də və digər qurumlarda fəaliyyəti göstərilə bilər. Bununla yanaşı, kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Məsələn, Avropa Şurasında müəyyən ermənipərəst, sorosçu qruplar davamlı şəkildə Azərbaycana qarşı  hücumlar təşkil edirlər. Belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb.

Bu baxımdan yanvarın 17 də  Avropa Parlamentində Azərbaycanla bağlı aparılmış müzakirələr və  Mehman Hüseynovla bağlı qətnamənin qəbul olunması təəccüb doğurmamalıdır. Sözügedən qətnaməni Avropada erməni diasporu, ermənipərəst dairələr və anti-Azərbaycan qüvvələr tərəfindən təşkil olunmuş növbəti qərəzli şou da adlandırmaq olar.

Xatırladaq ki, Prezident İlham Əliyev Avropa Parlamentinin əvvəllər qəbul etdiyi belə qərəzli sənədlərə hələ 2015-ci ildə münasibət bildirib. Belə ki, sentyabrın 15-də Çex Respublikasının Prezidenti Miloş Zemanla birgə mətbuat konfransı zamanı Prezidenti İlham Əliyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bəzi qətnamələrin tamamilə əsassız, yalan, böhtan, qərəzli münasibət üzərində qurulduğunu söyləyib:

“Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz.

Onu da qeyd etmək istəyirəm ki, bizə qarşı bu çirkin əməllərdə fəal iştirak edən deputatların bəziləri Azərbaycanın ayrılmaz hissəsi olan və işğal edilmiş Dağlıq Qarabağa bu vaxta qədər dəfələrlə qanunsuz səfərlər etmişlər və beləliklə, Azərbaycan qanunlarını kobudcasına pozmuşlar. Əfsuslar olsun ki, bu gün Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıbdır. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin. Bizim üçün, bir Prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm.

Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz”.

Qeyd edək ki, “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin həmmüəlliflərindən biri AP üzvü, eyni zamanda Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) Sorusun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri var.

Qətnamənin müzakirələrində ilk çıxış Rebekka Harms məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, AP-də keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-nə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olmadığı bildirilir.

Rebekka Harms

Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü heç yadına belə salmayıb. Bu AP üzvlərinin ikiüzlülüyünü göstərir.

Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malmstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan Hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğuladı və qeyd etdi ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.

Sesilia Malmstrom

Qətnamədə xüsusi ağırlıq verilən məqamlardan biri Azərbaycanda qey, lesbian və digər seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir.

Önəmli bir məqam isə M.Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub ünvanlamasıdır. Məktubunda Komissar Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi sözlərindən böyük peşmançılıq keçirdiyi hiss edilən qardaş Hüseynov özü bunu “şok oldum” kimi yazır. Maraqlıdır o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirdib, yoxsa Mehman Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq keçirib?!

Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciəti bir daha onu göstərir ki, bu insanı qardaşı Mehman Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir.

Diqqətimizdən yayınmayan bir məqam da AP-nin qəbul etdiyi qətnamə barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür qətnamənin qəbulunu onlar gözləyirdilər. Şübhəsiz ki, bu məsələdə AP dəyirmanına su tökənlərin kim olduğu heç kimə sirr deyil.

Heç şübhəsiz AP qətnaməsinin heç bir qüvvəsi yoxdur. Çünki zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Lakin bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar.

Digər tərəfdən, Azərbaycan Avtopa İttifaqının üzvü deyil və bu kimi qurumların qəbul etdiyi qərarlar Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan öz milli maraqları çərçivəsində  istənilən dövlət, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv  əməkdaşlıq etməyə hazırdır, lakin heç bir halda təzyiq və diktat metodlarını qəbul etmir və etməyəcək.

Azərbaycanın öz inkişaf yolu, bütün məsələlərə, o cümlədən demokratik inkişafa öz baxışı var və ölkəyə kənardan zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün deyil.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi “qətnamə”ni ölkəmizə qarşı qeyri-obyektiv münasibətin göstəricisi kimi qiymətləndirib:

“Azərbaycan ilə Avropa Parlamenti, Milli Məclislə Avropa Parlamenti, ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv əlaqələr qurulur. Ona görə də hesab edirəm ki, son illər Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıqda əldə edilən uğurlar Avropa Parlamentində Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə narahat edir.

Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətdə danışıqlar hazırda konstruktiv şəkildə davam edir. Avropa Parlamentinin və Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunması birbaşa öz əksini tapıb. Yəqin ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələr, yəni, münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər.

Ancaq bu müzakirələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub: Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki, bu gün Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Bu, kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir”.

Milli Məclisin deputatı qeyd edib ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir. Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclis ilə Avropa Parlamenti arasındakı konstruktiv əməkdaşlıq davam etdiriləcək.

Bir neçə il bundan əvvəl də Azərbaycan ilə Avropa Parlamenti arasında gərgin bir dövrün yaşandığını xatırladan komitə sədri deyib:

“Həmin dövrdə Avropa Parlamenti tərəfindən Azərbaycan ilə bağlı qərəzli qətnamə qəbul olundu. Azərbaycan da öz növbəsində, hətta Avronest Parlament Assambleyasından çıxdı. Bu proses 2017-ci ildə - Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanmasına və bu istiqamətdə danışıqların aparılmasına başlanıldığı dövrdə gedirdi. Avropa Parlamentindəki anti-Azərbaycan qüvvələrin ölkəmizlə bağlı qəbul etdirdikləri qətnamələr real vəziyyəti əks etdirmədiyinə və ikili standartlara əsaslandığına görə onların heç bir nəticəsi olmadı.

Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında danışıqlar prosesinin yekunlaşma ərəfəsində bu cür qərəzli bir “qətnamə” qəbul olunur. Onlar Azərbaycanda hansısa aclıq aksiyasından danışırlar. Ancaq belə bir məsələ, ümumiyyətlə, yoxdur. Bu, onu göstərir ki, onlar hər hansısa bir məsələni öyrənməmiş, onun mahiyyətini dərk etməmiş bu cür qərəzli “qətnamələr” qəbul edirlər. Prezident İlham Əliyevin də öz çıxışlarında qeyd etdiyi kimi, son illərdə Ermənistanda ciddi saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy veriblər. Lakin sonradan erməni xalqı həmin rejimi tarixin zibilliyinə atdı. Bütün bunlar göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə konstruktiv danışıqlar aparmaq cəhdini ortaya qoyan kimi, ölkəmizi istəməyən qüvvələr bu cür ikili standartlara əsaslanan, qərəzli “qətnamələr” qəbul edirlər”.

Millət vəkili Bəxtiyar Əliyev mövzu ilə bağlı 1news.az-a bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə tanış olanda, birinci təəccüb doğuran məqam budur ki, necə ola bilər ki, qanunverivci orqan müstəqil məhkəmələrə göstəriş versin ki, dərhal kimsə azad edilsin və məhkəmənin qərarlarına bu cür hörmətsiz yanaşılsın? Əgər deyilsəydi ki, məhkəmələrdə baxılmış işlərə yüksək instansiya məhkəmələrində baxılsın, bəlkə də bir humanist addım kimi başa düşmək olardı.

Amma belə bir mövqenin sərgilənməsi onu göstərir ki, Avropa Parlamentində bəzi qüvələr Azərbaycana qarşı ikili standartlar deyil, artıq tamamilə təxribat xarakterli işlərlə məşğuldurlar və bu, ikitərəfli münasibətlərə xələl gətirməyə yönəlib.

Deputat hesab edir ki, bu günlərdə insan haqları ilə bağlı Azərbaycana qarşı bəzi dövlətlərin də çıxışlarını nəzərə alsaq, bu, böyük bir kampaiya xarakteri daşıyır və hansı mərkəzlərdən qaynaqlandığı da artıq heç bir şübhə doğurmur:

“Burda heç bir obyektivlikdən söhbət gedə bilməz, bu, Azərbaycana qarşı qərəzi bir mövqedir, ölkəmizə təzyiq və bir şantaj vasitəsidir. Belə yanşma isə təbii ki, Azərbaycan dövləti və xalqı tərəfindən qəbul edilə bilməz. Çünki Azərbaycanın müstəqil siyasətinə, milli mənafeyinə,  dövlətimizn maraqlarına tamamilə ziddir. Azərbaycan suveren, müstəqil dövlətdir və dövlətimiz xalqımızın iradəsini həyata keçirir. Azərbaycan xalqının iradəsi ilə də hər bir dövlət, beynəlxalq qurum hesblaşmalı, ona hörmətlə yanaşmalıdır”.

Bu cür qərəzli sənədlərin qəbulunun səbəblərinə toxunan millət vəkili deyib ki, Azərbaycan artıq güclü dövlətdir və dünyada qəbul olunan qərarlara təsir etmək gücünə malikdir:

“Ölkəmiz beynəlxalq layihələrin həyata keçirilməsində əsas aparıcı qüvvədir . Burda ikinci bir məsələ də var. Ermənistanda indiyə kimi həyata keçirilmiş bütün qanun pozuntularına Avropadakı qurumlar həmişə müsbət rəy veriblər.  Ötən il isə baş verənlər göstərdi və ifşa etdi ki, onlar tamamilə ikiüzlü siyasət aparıblar, heç də təriflədiklər seçkilər, rejimlər demokratiyaya uyğun gəlməyib, orda anti-demokratik proseslər gedib, bir xunta rejimi qurulub, ona görə də indi pis vəsiyyətdə qalıblar.

Belə bir durumda təbii ki, həmin qüvvələr həmişə olduğu kimi Azərbaycanla Ermənistanın mövqeyini, daha doğrusu  statusunu bərabərləşdrməyə cəhd edirlər. Azərbaycanı da qaralamağ çalışırlar ki, guya bizdə də insan haqları pozulub, ona görə Azərbaycanın Ermənistandan elə böyük fərqi yoxdur. Bu, dolayısı ilə Ermənistana dəstəkdir. Ermənistana dəstək verməklə də bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Hələ ki, bizm torpaqlarımız işğal altındadır, Azərbaycana bu cür təzyiqlər davam edəcəkdir, biz torpaqlarımızı azad etdikdən, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdikdən sonra bu təzyiqlərin o qədər də ciddi əhəmiyyətli təsiri olmayacqdır. Bu vasitə ilə onlar Azərbaycana təzyiq edib mövqeyini yumuşltmaq istyirlər. Azərbaycan isə heç vaxt bu təsirlər altında hər hansı siyasi qərar qəbul etməyəcək”.

Bu cür qətnamənin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə təsirinə gəlincə, B.Əliyev deyib ki, qətnamədə vurğulanıb ki, müəyyən komissiya sədrləri bu barədə öz obyektiv fikirlrini söyləyiblər. Onlar məsələyə yalnız AP ilə, Aİ ilə Azərbaycan   arasında qarşılıqlı əməkdaşlıq, dialoq müstəvisində məsələlərə baxla biləcəyini deyiblər:

“Güc, təzyiq dili ilə danışmaq heç bir qaydaya uyğun gəlmir, buna baxmayaraq yenə də təzyiq vasitəsindən stifadə edirlər və düşünürəm ki, bu, beynəlxlq aləmdə Azərbaycanın imicnə zərbə vurmaq və öz məqsədlərinə nail omaq üçün növbəti dəfə istifadə edilən bir variantdır. Amma Aİ ilə Azərbaycanın münasibəti tamamilə başqadır. Aİ ilə Azərbaycan arasında çox işgüzar, ikitərəfli, yaxşı  əlaqələr var və düşünürəm ki, dövlət başçısının həyata keçirdiyi siyasət əlaqələri sarsıtmağa yönələn bu cür məkrli əməllərə tam bir bir tutarlı cavabdır və onlar heç vaxt öz niyyətlərinə nail olmayacaqlar”.

Siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli 1news.az-a açıqlamasında qətnamədə kifayət qədər əsassız məqamların yer aldığını söyləyib:

“Ümumiyyətlə, Mehman Hüseynovla bağlı məsələnin məqsədyönlü şəkildə bu qədər şişirdilməsinin də düşünülmüş bir ssenari olduğu qənaətindəyəm. Çünki sifarişli dairlər məqsədyönlü şəkildə eyni istiqamətdə fəaliyyət göstərirlər, həm ayrı-ayrı beynəlxalq təşkilatların Azərbaycandakı və ondan kənardakı müvəkkilləri,  həm də onların Avropa Parlamenti kimi təşkilatda təmsil olunan nümayəndələri.

Bildiyiniz kimi AP-nin Yaşıllar fraksiyası Azərbaycana qarşı mütamadi olaraq eyni davranışlar sərgiləyir. Bir xətt həmişə özünü qabarıq şəkildə büruzə verib. Azərbaycanda Avropa Oyunları keçiriləndə də həm AP-də Avstriyanı təmsil edən deputatın səyi nəticəsində və onunla eyni mövqedə olan ermənipərəst dairələrin iştirakı ilə bağlı çox sərt qətnamə qəbul olunmuşdu, eyni zamanda ayrı-ayrı ölkələrin nümayəndələrinə, dövlət başçılarına, rəhbərlərinə bu oyunların açılışında iştirak etməməklə bağlı müraciətlər ünvanlanırdı. Eyni yanaşma tərzinin biz Azərbaycanda baş verən mühüm siyasi hadisələr ərəfəsində də şahidi olmuşuq.

Başqa bir məqam isə bundestaqda Azərbaycanla bağlı müzakirələr aparılanda yenə də Yaşıllar fraksiyasının Almaniyada Azərbaycan əleyhinə apardığı kampaniyayla bağlı idi. Bu “yaşıl xətt” mütamadi olaraq ölkəmizə qarşı bir qərəzli kampaniya aparır. Bu da bəllidir, çünki onlar Ermənistanla və erməni diaporunun nümayəndələri ilə daha sıx əməkdaşlıq edirlər”.

E.Mirzəbəyli düşünür ki, indiki şəraitdə bu qətnamənin qəbul edilməsinin əsas səbəblərindən biri ölkəmizdə ciddi şəkildə islahatların aparılması və genişləndirilməsi, Azərbaycanın 2018-ci ildə dünyanın ən islahatçı ölkəsi kimi beynəlxalq reytinq siyahısına düşməsi və dövlət başçısının da həmin hesabatlarda islahatçı lider kimi tanınmasıdır.

Ekspertin fikrincə, digər faktor Azərbycanın son dövrlərdə Dağlıq Qarabağ məsələsində mövqelərinin möhkəmlənməsidir:

“Bütün bunlar Ermənistanı və onu himayə edən dairələri qane etmir, onlar da Azərbaycana qarşı məhz revanş həyata keçirmək niyyətindədirlər. Bu revanşın səbəblərindən biri də bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələnin Avropa Parlamentinin qətnaməsinə salınmasını və xalqların öz müqəddəratını təyin etmək kimi Ermənistanın sırımağa çalışdığı müddəanın o qətnamədən çıxarılmasıdır. Göründüyü kimi, ölkəmiz  öz mövqelərini möhkəmləndirdikcə, ona qarşı müqavimət də artır”.

1news.az

Paylaş:
1025

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər