Ağa Məhəmməd şah Qacar: Təhrif olunmuş irsimizin daha bir səhifəsi | 1news.az | Xəbərlər
Köşə

Ağa Məhəmməd şah Qacar: Təhrif olunmuş irsimizin daha bir səhifəsi

15:05 - 07 / 01 / 2016
Ağa Məhəmməd şah Qacar: Təhrif olunmuş irsimizin daha bir səhifəsi

Kiçik bir müqəddimə

Azərbaycan xalqının XVIII əsrdə yetişdirdiyi görkəmli dövlət xadimi və sərkərdə Ağa Məhəmməd şah Qacar İranda 1786-ci ildən 1925-ci ilə qədər səltənət sürmüş Qacarlar dövlətinin banisidir.

Hələ kiçik yaşlarından həyatın ən sərt üzü ilə üzləşməli olan Ağa Məhəmməd 7 yaşında atasının iştirak etdiyi siyasi çəkişmənin qurbanına çevrilir. Ağa Məhəmmədin atası ilə düşmən münasibətində olan Əfşar hakimi Adil şah atanı tuta bilmədiyindən qisasını oğlundan almağa qərar verir. Beləliklə, 7 yaşında heç bir günahı olmayan Ağa Məhəmməd Adil şahın göstərişi ilə xədim edildi. Bu hadisə gələcək hökmdarın psixologiyasında silinməz iz qoydu və kiçik yaşlarından amansız bir şəxsiyyət kimi yetişən Ağa Məhəmmədin sonralar insanlara münasibətdə mərhəmət nə demək olduğunu bilməməsi də məhz sözügedən faciənin onun təfəkküründə açdığı silinməz mənəvi yaranın nəticəsi hesab edilməlidir.

Parlaq hərbi istedada malik Ağa Məhəmmədin Nadir  şahın ölümündən sonra pərən-pərən düşmüş Azərbaycanı birləşdirmək cəhdləri yekunda onun həyatına son qoydu. Qarabağı istila edərək, Qacarlar dövlətinin tərkibinə qatmaq istəyən Ağa Məhəmməd şah 1797-ci ildə Şuşada öz yaxın ətrafına daxil etdiyi Səfərəli adlı şəxs tərəfindən qətlə yetirdi. Azərbaycanı birləşdirmək üçün mübarizə aparan bir şəxsiyyətin qətlində kimlərin maraqlı olduğu gün kimi aydındır, lakin maraqlı tərəflərdən hansının bu işi bilavasitə icra etməsi haqqında tarix hələ də susur.

Qəddarlığı ucbatından həm müasirləri, həm də sonrakı nəsillər tərəfindən qınaq hədəfinə çevrilmiş Ağa  Məhəmməd şahın şəxsiyyəti təəssüflər olsun ki, hələ də öz layiq olduğu qiymətini almayıb.  Əfsus ki, həm ədiblərimizin, həm də tarixçilərimizin bu şəxsiyyətin ətrafında formalaşdırdıqları obraz əksər hallarda tarixi həqiqətlərlə həmahəng səslənməyib. XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan  Səməd Vurğunun qələmə aldığı “Vaqif” dramını xatırlamaq kifayətdir. Əsərdə istilaçı kimi təsvir edilən sərkərdə haqqında formalaşan obrazın keyfiyyətinə bu dramın təsiri az olmamışdır. Nə qədər qəribə də olsa faktdır: “Ağa Məhəmməd şah haqqındakı tarixi həqiqətlər bir neçə nəsil Azərbaycan oxucusu üçün Səməd Vurğun qələminin qüdrəti və populyarlığı fövqündə itib-batmışdır”. 

Gələcək hökmdarın uşaqlıq və gənclik illəri

1741-ci ildə 26 oktyabr tarixində Cənubi Azərbaycanın Astarabad şəhərində dünyaya göz açan Ağa Məhəmməd həm ata, həm də ana tərəfdən məşhur türk mənşəli Qacarlar nəslinə mənsub idi. Belə ki, gələcək hökmdarın atası Məhəmmədhəsən xan Qacarların Astarabad qoluna mənsub tanınmış hərbçi ailəsini təmsil edirdi, anası Ceyran xanım isə Qacarların Dovalu qoluna aid ziyalı bir ailənin övladıdır.

Azərbaycan tədqiqatçısı Çingiz Qacar özünün “Qədim və Orta əsrlər Azərbaycanının görkəmli şəxsiyyətləri” adlı kitabında Ceyran xanımın savadlı, maarifpərvər bir qadın olduğunu və məhz onun öz oğluna elmə davamlı maraq aşıladığını yazır. Müəllif mənbələrə istinad edərək, bu qadının həyat yoldaşına Astarabad şəhərinin idarəçiliyində kömək etdiyini və hətta hərbi səfərlər zamanı onu tək qoymamağa çalışdığını xüsusilə vurğulayır. Ceyran xanım kitaba və təhsilə olan məhəbbəti Ağa Məhəmmədə elə güclü şəkildə aşılamışdı ki, gələcək hökmdar hətta Şirazda əsirlikdə olduğu vaxtı belə maariflənməyə sərf edirdi. Çingiz Qacar sözügedən məsələyə dair bunları yazır:

“Kərim xan Zənd paytaxtı Şiraza köçürərkən Ağa Məhəmməd xanı da özü ilə aparır. İranın ən qədim təhsil mərkəzlərindən birinə düşən Ağa Məhəmməd təhsilini davam etdirir və bu sahədə böyük uğurlar qazanır. O, ilahiyyatı, fəlsəfəni, riyaziyyatı, astronomiya və astrologiyanı, poeziyanı öyrənir. Özünün fenomenal yaddaşına görə sonralar da Qurandan, fəlsəfi əsərlərdən iri sitatlar gətirir və hətta çox da məşhur olmayan şairlərin şeirlərini əzbərdən deyirdi. Ədəbi məclislərdə onun böyük hörməti vardı, müxtəlif məsləhət və məlumatlar almaq üçün onun yanına gəlirdilər. Filosoflar arasında o, hamıdan artıq XII əsrin Əndəlüs alimi İbn Tüfeyli sevirdi.

Həmin filosofun yaradıcılığı ilə tanış olmaqdan bütün ömrü boyu əl çəkməmişdi. Belə deyirlər ki, İbn Tüfeylin “Yəqzanın oğlu Həy” adlı fəlsəfi romanını həmişə, həm sarayda, həm də hərbi yürüşlər zamanı öz yanında gəzdirərmiş. O, həmişə bu kitaba istinad edər, daim buradan sitatlar gətirərmiş”.

Lakin Ağa Məhəmmədin elmə olan marağına,  fitri istedadına baxmayaraq, tale onun üçün tamam fərqli yol müəyyənləşdirmişdi və o da öz növbəsində heçnəyə əhəmiyyət vermədən bu yolla addımlamalı idi. Həmin yol isə Ağa Məhəmməd üçün çox erkən, özü də qanla başladı.            

Gələcək hökmdarın atası Məhəmmədhəsən xan 1747-ci ildə Nadir şahın qəfil ölümündən sonra hakimiyyət uğrunda mübarizəyə qoşulur. Həmin dövrdə hələ də taxta iddialarından əl çəkməyən Əfşar sülaləsinin nümayəndələri, xüsusi ilə də Adil şah (Əli şah) Məhəmmədhəsən xanın əsas rəqibinə çevrilir. Hakimiyyət uğrunda mübarizənin gedişində bütün mümkün vasitələri sınaqdan çıxarmaqdan çəkinməyən Adil şah təşkil etdiyi qəfil hücumlardan birində öz düşməni Məhəmmədhəsən xanı ələ keçirə bilmədiyindən bərk qəzəblənir.

Qisas almaq və öz rəqibini qorxudaraq, siyasi mübarizədən əl çəkməyə vadar etmək üçün Adil şah görünməmiş vəhşiliyə əl atır. Onun göstərişi ilə Məhəmmədhəsən xanın 7 yaşlı oğlu Ağa Məhəmməd cinsiyyət orqanı kəsilərək xədim edilir. Lakin bütün vəhşiliklərə baxmayaraq, Əfşarlar öz hakimiyyətlərini geri qaytarmağa nail olmadan siyasi səhnədən uzun müddətə çəkilməyə məcbur qalırlar. Hadisələrdən belə aydın olur ki, artıq Azərbaycanda və İranda tamam yeni bir sülalənin hakimiyyəti dövrü başlamaq üzrədir. Öz siyasi iradəsini bərqərar etmək üçün mübarizə aparanların arasında yenə də Məhəmmədhəsən xan var idi və bu səfər onun başlıca siyasi rəqibi Kərim xan Zənd oldu. Bir neçə açıq döyüşdə öz rəqibinə qalib gələn Məhəmmədhəsən xanın tezliklə bütün ölkə boyu hakimiyyəti ələ keçirəcəyi kimsədə şübhə doğurmurdu. Böyük oğlu Ağa Məhəmmədi öz yaxın silahdaşlarından birinə çevirən Məhəmmədhəsən xan Azərbaycan valiliyini ona həvalə edir.

Lakin 1759-cu ildə hadisələr gözlənilməz şəkildə inkişaf etməyə başlayır. Əvvəlcə Məhəmmədhəsən xan öz düşməni Kərim xan Zəndə həlledici zərbə endirmək üçün Şiraz üzərinə təşkil etdiyi yürüşdə uğursuzluğa düçar olur. Daha sonra isə o, Astarabadda öz yaxınları tərəfindən qətlə yetirilir. Başqa məlumata görə, o, Kərim xan Zəndlə baş vermiş döyüşdə öldürülmüşdür. Həmin vaxt cəmi 18 yaşında olan Ağa Məhəmməd fəxri əsir qismində atasının siyasi rəqibi olan Kərim xan Zəndin Şirazdakı iqamətgahına aparılır. Kərim xan Ağa Məhəmmədə qarşı mülayim rəftar nümayiş etdirərək, onun həyatını bağışlayır.

Hakimiyyət olimpinə aparan yol

1779-cu ildə uzun müddətdən bəri əyyaşlığa qurşanmış Kərim xan dünyasını dəyişir. Ağa Məhəmməd yaranmış fürsətdən istifadə edərək, Kərim xan Zəndin hərəmlərindən olan xalası Xədicəbəyimin köməyi ilə Şirazdan qaçır. Öz qardaşı  Cəfərqulu xanın, həmçinin yerli türk tayfalarının hərbi və siyasi dəstəyini alan Ağa Məhəmməd 9 il davam edən qanlı müharibələrdən sonra 1786-cı ildə Tehranı istila edən Ağa Məhəmməd İranın və Azərbaycanın tarixində yeni bir səhifə açır. Bu səhifənin adı isə Qacarlar dövləti idi.

Qacar öz təhlükəsizliyini təmin etmək üçün yeni dövlətin paytaxtını ölkənin qaynar bölgələrindən uzaqda yerləşən Tehrana köçürdü. O vaxta qədər heç bir strateji əhəmiyyəti olmayan kiçik bir qəsəbə olan Tehran birdən-birə ölkənin vuran ürəyinə çevrildi. Ağa Məhəmməd Tehrana daxil olar-olmaz öz adına pul  kəsdirdi və xütbə oxutdu. Lakin onun özünü rəsmən İran şahı elan etməsi isə, bu hadisədən nə az, nə çox düz beş il sonraya təsadüf etdi. Yalnız bütün siyasi rəqiblərini aradan götürdükdən sonra Ağa Məhəmməd özünü rəsmən 1791-ci ildə bütün İranın və Azərbaycanın hökmdarı elan etməyi daha məqsədəuyğun bildi. 

Siyasi mübarizənin gedişində ona əngəl olan əksər şəxsləri qəddarcasına aradan götürən Ağa Məhəmməd təkcə qardaşı Rzaquluya qarşı mərhəmət göstərdi. Ona dəfələrlə xəyanət etməsinə baxmayaraq Ağaməhəmməd onu sərbəst buraxdı. Öz həyatını növbəti dəfə risk altına atmamaq üçün o, qardaşının gözünə görünməmək qərarına gəldi. Əvvəlcə Bakıya, sonra isə Rusiyaya gedən Rzaqulu bir daha siyasətə qayıtmadı. Şahın digər qardaşı Mürtəzaqulu xan da təxminən oxşar aqibət yaşadı. Belə ki, o da Ağa Məhəmmədə dönük çıxdı, lakin canını dar ağacından qurtarmağa müvəffəq oldu. Ruslara arxalanaraq Gilan şəhərini tutmaq istəyən Mürtəzaqulu xan Qacar ordusunun bu istiqamətfə irəliləməsindən xəbər tutaraq Rusiya ərazisinə keçir və 1798-ci ildə Peterburqda vəfat edir.  

Tamamilə əks münasibəti isə o, digər qardaşı və yaxın silahdaşı Cəfərqulu xana qarşı göstərdi. Ağa Məhəmməd şahın hakimiyyətə gəlməsində müstəsna xidmətləri olan və Qacarlar dövləti üçün əvəzsiz qələbələr qazanmış Cəfərqulu xan dövlət çevrilişinə cəhddə ittiham olunaraq öldürüldü. Çox güman ki, şah orduda böyük nüfuza malik qardaşının onun taxtına göz dikəcəyindən ehtiyatlandığı üçün bu addımı atmalı olmuşdu.

Keçmiş Səfəvi torpaqları bərpa etmək arzusu:  Azərbaycan və Gürcüstan uğrunda Rusiya ilə mübarizənin başlanması. 

İranın daxilində asanlıqla sabitlik yaradan şah indi də baxışlarını Azərbaycana yönəltmişdi. Azərbaycanda pərakəndə şəkildə fəaliyyət göstərən xanlıqları məğlubiyyətə uğratmaqda çətinlik çəkməyən Qacar həyata keçirdiyi hərbi yürüşlərin yekununda Azərbaycanı, həmçinin Gürcüstanı öz siyasi iradəsinə tabe edə bildi. Azərbaycan xanlarının gözünü qorxuzduqdan sonra o, Xorasanda baş verən iğtişaşları yatırmaq üçün həmin bölgəyə yollandı.

Lakin 1795-ci ildə Azərbaycana rus qoşunlarının daxil olması xəbəri yayılan kimi Qacar böyük bir ordu ilə onların üzərinə yürüyür. Ölkəyə daxil olan Qacar ordusu üç istiqamətdə irəliləyir. Ağa Məhəmməd şahın əmri ilə 60.000 – lik ordunun birinci dəstəsi Dərbəndi, ikinci dəstəsi Tiflisi üçüncü dəstəsi isə Şuşanı mühasirəyə alır. Dərbənd və Tiflis asanlıqla nəzarət altına alınaraq, yağmalanır. Yalnız Şuşa qalasının inadla müqavimət göstərməsi Qacarı çətin vəziyyətə salır. Həmin vaxt Tiflisi geri almaq gürcü çarı II İraklinin bu şəhərə hücum etməsi isə Qacarı Şuşanın mühasirəsindən əl çəkməyə vadar edir. 

Görülən hərbi hazırlıqlara baxmayaraq ruslarla Ağa Məhəmməd şah arasında müharibə baş vermir. 1796-cı ildə II Yekaterinanın ölümü rus qoşunlarının Azərbaycandan çəkilməsinə səbəb oldu. Fürsətdən istifadə edən Ağa Məhəmməd şah 1796-ci ildə İrəvan qalasını zəbt edir. Elə həmin il o Muğan düzündə rəsmi tac qoyma mərasimi keçirmək qərarına gəlir. Bir vaxtlar elə burada tacqoyma mərasimi keçirmiş Nadir şahdan fərqli olaraq, Qacar bir sıra yeniliklər tətbiq edir. Çingiz Qacar bu barədə belə yazır: “... Baxmayaraq ki, Nadirin  tacqoyması da Azərbaycanın bu vilayətində keçmişdi (söhbət Muğan düzündən gedir- E.Ə.), Qacar onun qoyduğu tacı başına qoymaq istəmir. Təzə tac dörd lələkdən ibarət idi. Həmin dörd lələk İran, Hindistan, Əfqanıstan və Orta Asiya üzərində hökmranlığın rəmzi idi.

Tacqoyma zamanı Ağa Məhəmməd şaha kiçik bir diadema (cütqabağı) və şah qılıncı da verirlər. Qılınc və cütqabağı Ərdəbildən Şeyx Səfi əd-Dinin məqbərəsindən gətirilmişdi. Görünür, bununla Ağa Məhəmmədin Səfəvi hakimiyyəti ilə varisliyi rəmzləşdirilmişdi. Qacar böyük Səfəvi imperiyasını bərpa etmək arzusu ilə yaşayırdı”. Öz əzəli ata-baba torpaqlarını geri qaytarmaq və Qacarların Azərbaycandakı irsi mülkləri üzərindəki hakimiyyəti bərpa etmək üçün Ağa Məhəmməd şah bir sıra addımlar da atır. Məsələn, o Qacar tayfasına qohumluğu çatan Ziyadoğullr nəslinin nümayəndəsi Gəncə xanı Cavad xanla müttəfiqlik münasibətləri yaradır və hətta onu Qacar ordusunun sıralarına qoşulmağa da həvəsləndirir.

Lakin 1796-cı ildə Gəncəni mühasirəyə alan Rusiya ordusuna müqavimət göstərmədiyi üçün Qacarla Cavad xan arasında münasibətlər korlanır və o 1797-ci ildə Şuşanı tutduqdan sonra Gəncə xanını Bakı hakimi Hüseyqulu xanla birgə cəzalandırmaq məqsədilə silah gücünə öz iqamətgahına gətirdir.     

Ölüm gətirən qələbə, yaxud Qacarın Şuşa qalasındakı qətli kimə sərf edirdi?

Yəqin ki, Ağa Məhəmməd şah ağlına belə gətirə bilməzdi ki, 1797-ci ildə, ikinci dəfə mühasirəyə aldığı və bu səfər asanlıqla ələ keçirdiyi Şuşa qalası onun sonuncu hərbi uğuru olmaqla yanaşı, sərkərdənin məzarına çevriləcək.

Həmin ilin iyun ayının 5-də  Ağa Məhəmməd şah yaxın ətrafına daxil olan Sadıq Qorci, Xodadad və Abbas adlı şəxslər tərəfindən  öz yatağındaca qətlə yetirilir. Qətldə maraqlı olan qüvvələr gün kimi aydındır: 1. Qacarın Azərbaycan xanlıqlarını birləşdirməsindən təşvişə düşən Rusiya. 2. Qarabağda öz itirilmiş hakimiyyətini geri qaytarmaqda maraqlı olan İbrahim xan. 3. Ruslarla danışıqlara getdikləri üçün cəzalandırılmaq məqsədilə Şuşaya gətirilmiş, həmçinin burada edam ehtimalları yüksək olan Gəncə və Bakı hakimləri.

Lakin tarix qatililərin bu sifarişi kimdən aldıqlarına dair dəqiq məlumat vermədiyindən bizə qalan yalnız ehtimal və fərziyələr olur. Bütün bunlara baxmayaraq, səslənən cəmi ehtimallar arasında Ağa Məhəmməd şahın Qarabağda geniş xəfiyyə şəbəkəsinə malik İbrahim xanın cəsusları tərəfindən qətlə yetirilməsi versiyası daha ağlabatandır. Çünki, Şuşa sarayında sərbəst şəkildə hərəkət etmək imkanına yalnız keçmiş xanın yaxın ətrafına daxil olan şəxslər malik idi. Səfərəlinin də məhz onlar tərəfindən ələ alındığı istisna deyil. Digər, ancaq az inandırıcı versiyada isə deyilir ki, guya Qacar yatmamışdan öncə yuxarıda adları çəkilən xidmətçilərinə bərk qəzəblənir və səhər açılan kimi onları cəzalandıracağını deyir. Xidmətçilər isə öz növbəsində öldürüləcəklərindən qorxaraq şahı qabaqlamaq qərarına gəlirlər. Əgər həqiqətən də hər şey deyildiyi kimi olsaydı, o zaman xidmətçilər şahı daha gizli yolla, məsələn zəhərləmək yolu ilə aradan götürə bilərdilər. Ən azından ona görə ki, Qacarı qətlə yetirdikdən  sonra xidmətçilərin şahın varislərindən yaxa qurtarmaq ehtimalı çox az idi. Yeri gəlmişkən, hər şey elə belə də olur və qatillər Qacarın həyat yoldaşının  göstərişi ilə həbs edilərək çarmıxa çəkilirlər. 

Mənbələr xəbər verir ki, Ağa Məhəmməd şahı öldürən qatillər onun başını Balakənə qaçmış İbrahim xana hədiyyə göndərirlər. O da öz növbəsində şahın başını böyük təntənə ilə torpağa tapşırır. Bu faktın özü qətlin dalında İbrahim xanın durduğunu və qatillərin yalnız başına hərəkət etmədiklərini göstərir.

Qacar şəxsiyyətinə münasibət necə olursa olsun, danılmaz bir həqiqətdir ki, onun qətli nəinki Azərbaycanı birləşdirməyin və rus istilasından xilas etməyin astanasında olan əzmkar bir dövlət xadiminin həyatına son qoyur, həm də xanlıqların bir bayaraq altında birləşdirmək cəhdlərinə son nöqtə qoyur.  Əfsus ki, Azərbaycanın o dövrdə belə bir qətiyyətə və milli ruha malik ikinci bir siyasi xadimi tapılmır. Bütöv Azərbaycan arzusu isə Qacardan sonra ayrı-ayrı xanların hakimiyyət ehtirasının, şəxsi maraqlarının girovundan çıxa bilmir ki, bilmir.  

Mərhumun cəsədi Məşhəd şəhərinə aparılaraq, oradaca dəfn edilir. Azərbaycanda və İranda sərt nizam-intizam yaratmağa müvəffəq olan Ağa Məhəmməd şah Qacar Cənubi Qafqazı istila etmək üçün dəridən-qabıqdan çıxan Rusiyaya, həmçinin onun buradakı əlaltılarına qarşı uğurlu mübarizəsi öz layiqli tarixi qiymətini əfsus ki, hələ də almamışdır.  

Ağa Məhəmməd şah Qacar və Azərbaycan: itirilmiş irsə yenidən sahib çıxmalıyıq!  

Əslən azərbaycanlı olan iranlı tədqiqatçı  Əminə xanım Pakrəvan yazır ki, ölkəni idarə etmək üçün tərtib etdiyi qanunlar toplusu üçün Çingiz xanın hazırladığı “Yasa” -nı əsas kimi götürən Qacar qısa müddətdə özbaşınalıq məngənəsində çırpınan İranı nəzarət altına almağı bacarır. Hakimiyyətdə olan Azərbaycan Qacarlar sülaləsinin türklüyünü qorumaq üçün o hakim ailənin digər millətlərlə izdivaca girməsinə qadağa qoyur. Ağa Məhəmməd şahın qanunlarında öz  əksini tapan bu müddəaya əsasən ölkənin başçısı olmaq iddiası ilə çıxış edən şəxsin həm atası, həm də anası Qacar nəslinə mənsub olmalı idi. Hətta ölümündən əvvəl yazdığı vəsiyyətnamədə o, qardaşı nəvəsi və öz istedadı ilə seçilən Abbas Mirzənin Qacar soyuna mənsub əsilzadə xanımlardan biri ilə evləndirilməsini təkidlə istəyir.   

Təəssüflər olsun ki, C. Perri, G. Hembli, E. Lokhart kimi tanınmış əcnəbi tarixçilərin əsərlərində şəxsiyyəti və siyasi irsi böyük hörmətlə yad edilən Ağa Məhəmməd şah  öz doğma vətəni Azərbaycanda əksəriyyət tərəfindən hələ də qəsbkar kimi qəbul edilməkdədir. Belə bir obrazın yaranmasında isə heç şübhəsiz ki, tarixçilərimizin fəaliyyətsizliyi və Səməd Vurğunun, Ə.Haqverdiyevin timsalında ədiblərimizin xətalı yanaşması əsas rol oynayan amillərdir. Bəli, mən gözəl başa düşürəm ki, sovet reallığında ədiblərimizin problemə fərqli baxışı ola da bilməzdi, onları illər sonra qınamaq doğru deyil! Bəs yaxşı müasir tarixçilərimizin bu məsələdəki susqunluğuna ədalətli bir səbəb tapmaq, necə mümkündürmü?   Bu gün Qacar haqqında obyektiv tarixi qaynaq axtarışına çıxsaq, bir tək Əminə Pakrəvan (XIX əsrin sonu, XX əsrin əvvəllərində Qacar dövlətinin İstanbuldakı səfiri Həsən xanın qızı olan Əminə xanım Qacar dövlətinin tarixinə dair bir sıra qiymətli əsərlərin müəllifidir) qələmə aldığı “Ağa Məhəmməd xan Qacar” adlı monoqrafiyası ilə kifayətlənməli olacağıq.  Əfsus ki, fars və ingilis dillərində işıq üzü görən bu kitab da hələ doğma dilimizə tərcümə edilməyib.

Qacarı bir despot və Qarabağı istila etmək istəyən işğalçı kimi qələmə vermək istəyənlər yaxşı bilməlidir ki, Qarabağ və Gəncə vilayətləri tarixən Qacar nəslinə mənsub irsi malikənələrdir. Sadəcə olaraq Nadir şahın ölümündən sonra yaranan pərakəndəlik dövründə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan Cavanşir öz yaxınları ilə birlikdə bu əraziləri qurduğu dövlətin mərkəzinə çevirmişdir. Qacar isə 1797-ci ildə Qarabağa təşkil etdiyi yürüşdə həm Azərbaycanı birləşdirmək, həm də ata-baba yurdunu geri almaq məqsədini güdürdü. Unutmayaq ki, orta əsr Azərbaycan tarixçilərinin əsərlərində Qarabağın Qacarla məxsus olduğunu göstərən xeyli sayda danılmaz faktlar cəmləşmişdir. Tanınmış Azərbaycan tarixçisi İskəndər bəy Türkmən Münşi (1560-1634) özünün məşhur “Tarixi - əlamarayi – Abbasi” əsərində yazırdı: “Qarabağ qışlaqları və yaylaqları, təmiz havası və sıx ormanları olan gözəl bir diyardır. Qarabağın ən qədim əhalisi qacarlar və onlara qohum olan tayfalar burada gözəl bağlar salmışlar”.

Məlum olduğu kimi onun ölümündən sonra yaranan hərc-mərclik Azərbaycan xanlıqlarını Rusiya generalları üçün asan şikara çevirir, xanlıqlar bir-birinin ardınca çar ordusu tərəfindən işğal edilir. Ağa Məhəmməd şahın layiqli davamçısı Abbas  Mirzə Qacar şanlı əcdadının amalını əldə silah davam etdirib rus işğalına müqavimət göstərməyə çalışsa da, vaxtsız gələn ölüm onun başladığı mübarizəni yarımçıq qoyur. İkiyə bölünmüş tarixi Azərbaycanın şimalı Rusiya imperiyasının mülkünə çevrilir və 1918-ci ilin 28 mayına qədər istiqlalını itirir. İrandakı Qacarlar sülaləsi 1925-ci ilə kimi hakimiyyətdə qalır və həmin il ingilislərin dəstəyi ilə Rza şah Pəhləvi tərəfindən taxtdan salınır. 

Eldar Əmirov

Paylaş:
16107

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər