Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Qafar Ağayev10:03 - 01 / 05 / 2024
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

1news.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilmişdir. Proqnozlaşdırılan inflyasiyanın aşağıya doğru dəyişdiyini nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilmişdir. Aşağı həddin dəyişməz saxlanılması isə banklararası faizlərin dəyişkənliyinin azaldılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir potensialı da nəzərə alınıb.

Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. 2024-cü ilin martında 12 aylıq inflyasiya 0.4%, 12 aylıq baza inflyasiya isə 1% təşkil etmişdir. İllik ərzaq deflyasiyası 1.1%, qeyri-ərzaq inflyasiyası 1.1%, xidmətlər inflyasiyası isə 2.2% olmuşdur.

Aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir. Aparılan sorğuların nəticələrinə görə I rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə 1 faiz bəndi azalmışdır.

İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlamışdır. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da illik əsasda 0.3%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2.4% enmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7% azalmışdır. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin I rübündə 2.7%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə vermişdir.

Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Tədiyə balansının əsas komponenti olan ticarət balansında 2024-cü ilin I rübündə 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşmışdır. Yenilənmiş proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Pul siyasəti alətləri maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Pul siyasəti alətlərindən aktiv istifadə pul bazarında orta faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edir. Aprel ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.66% (martda 6.52%) olmaqla faiz dəhlizinin daxilində formalaşmışdır. Son vaxtlar banklararası bazarda faizlərin faiz dəhlizi daxilində artması, 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərqin azalması müşahidə edilir. Bu dövrdə avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımı bank sistemindəki likvidliyə azaldıcı təsir etmişdir. İlin əvvəlindən bəri Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik də əsasən artım istiqamətində dəyişmişdir.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Geosiyasi gərginliklər, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, iqlim dəyişiklikləri, dünya bazarında əmtəə qiymətlərinin və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyi xarici mənşəli başlıca inflyasiya riskləri olaraq qalır. Bununla belə dünyada monetar şərtlərin sərt olaraq qalması, ortamüddətli perspektivdə aparıcı ölkələrdə mərkəzi bankların faizləri daha mülayim endirməsi gözləntiləri qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də dövlət xərclərinin aktivləşməsi və məcmu tələbin izafi artımı ilə əlaqədardır.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5% və 2025-ci ilə 4.2%). Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilmişdir.

Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsindən, xarici və daxili mənşəli risk amillərinin dinamikasından asılı olacaqdır. İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin yaxın perspektivdə dəyişməz saxlanılması ehtimalını yüksəldir. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin hərtərəfli təhlili davam etdiriləcək, ölkədə qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə ediləcəkdir.

Bu qərar 2 may 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaqdır.

Paylaş:
206

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər