Fərhad Bədəlbəyli: İncəsənət sülhə daha tez nail olmaq iqtidarında malik yeganə dinc “silahdır” – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Fərhad Bədəlbəyli: İncəsənət sülhə daha tez nail olmaq iqtidarında malik yeganə dinc “silahdır” – FOTO

16:10 - 16 / 03 / 2017
Fərhad Bədəlbəyli: İncəsənət sülhə daha tez nail olmaq iqtidarında malik yeganə dinc “silahdır” – FOTO

Konsertlər və musiqi festivalları dünyada ifa sənətindən gələn gəlirlərin üçdə birindən çoxunu təşkil edir. Bilavasitə ÜDM-ə verdiyi töhfə ilə yanaşı, mədəniyyət və kreativ sənaye iqtisadiyyatın digər sektorlarına, məsələn, turizmə də təsir göstərir, habelə informasiya-kommunikasiya texnologiyaları sahəsinə də təkan verir.

Bu isə o deməkdir ki, onlar ölkə iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilir və onun şəhərlərinin bərpası prosesinə təsir göstərir. Böyük festival şəhərlər üçün alternativ gəlir mənbələri yaradır və onların mədəniyyət vasitəsilə yenilənməsinin ən güclü alətlərindən biridir.

Məsələn, "Avropanın mədəniyyət paytaxtı" proqramı çərçivəsində 1997-ci ildə Saloniki şəhər mərkəzinin yenilənməsini, məhəl qoyulmayan rayonların inkişafını və bir çox tarixi binaların yenidənqurmasını həyata keçirdi. Edinburq beynəlxalq festivalı isə ilk dəfə 1947-ci ildə, İkinci Dünya Müharibəsinin başa çatmasından dərhal sonra keçirildi. Onun ilkin məqsədi şəhərin mədəni həyatını bərpa etmək və stimullaşdırmaq və şəhər sakinlərinin əhval-ruhiyyəsini qaldırmaq idi. Edinburq festivalının bir hissəsi bütün arzu edənlər üçün iştirakın sərbəst olduğu "Frinc" sənət festivalıdır. O, hər il əksəriyyəti küçədə olan 250-dən çox meydançada çox sayda peşəkarları və həvəskarları bir araya gətirir. Nəticədə şəhər özü kreativ məkana çevrilir, tamaşaçılar, musiqiçilər və rəssamlarla birlikdə yaradır. Festivallar isə yerli sakinlər və turistlər, tamaşaçılar və yaradıcılar arasında görüş və əlaqələrin qurulması məkanına çevrilir.

Festivallar dövlət sektoru və özəl sektor arasında tərəfdaşlığın yaranmasına, mədəni turizmin inkişafına və müvafiq olaraq, iqtisadi, sosial və mədəni mənfəətə şərait yaradır. Beləliklə, ifa sənəti insanların cəlb olunmasında çox mühüm rol oynayır: parklarda, pablarda, restoranlarda, hətta turizm bazalarında yerli musiqiçilərin çıxışları Avropanın turizm sənayesinin ayrılmaz hissəsidir.

Ən böyük beynəlxalq musiqi festivallarının bir neçəsi Azərbaycanda da keçirilir: "Muğam aləmi", Üzeyir Hacıbəyli Festivalı, Caz Festivalı. Həmçinin, 2009-cu ildən gözəl və mənzərəli Qəbələ şəhərində keçirilən Qəbələ Musiqi Festivalı. Keçirildiyi illər ərzində bu festival möhtəşəm mədəniyyət hadisəsinə çevrilib. Həm yerli, həm də xarici musiqiçilərin rəğbətini qazanıb. Bu gün Qəbələ Beynəlxalq Festivalı artıq gözəl ənənəyə çevrilib, onda Azərbaycanın, Avstriyanın, Bolqarıstanın, Rusiyanın, Türkiyənin, Ukraynanın, ABŞ-ın, İtaliyanın, Fransanın, İspaniyanın, İsrailin, Litvanın və Kubanın dahi musiqiçiləri, incəsənət qrupları, solistləri, dirijorları iştirak edirlər. Məsələn, ötən il keçirilən VIII festivalda Martin Haselblokun rəhbərliyi altında Vyana Akademik Orkestri, "Suite Española", dirijorlar Dmitri Yablonski, Gil Şoxat və Emil Tabakovun rəhbərliyi ilə "Kiyev virtuozları" iştirak ediblər.

Bütün bunlar haqda, eləcə də bu festivalın Azərbaycanın mədəniyyət həyatı üçün əhəmiyyəti ilə bağlı festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə söhbət etdik:

- Fərhad müəllim, Azərbaycan həmişə musiqisevərlər ölkəsi olub və hal-hazırda da belədir. Vaxtilə burada möhtəşəm "Xarı Bülbül" beynəlxalq festivalı keçirilirdi. Bu festival Şuşada - Azərbaycan musiqisinin beşiyində keçirilirdi. Qəbələ beynəlxalq festivalı bir növ "Xarı Bülbül" festivalının davamıdırmı?

- Xeyr. "Xarı Bülbül", xüsusən həmin vaxtlar, möhtəşəm hadisə idi, çünki həqiqətən beynəlxalq idi. Qeyd edim ki, "Xarı Bülbül" festivalının təşkilatçısı mənim yaxşı dostum, həmin vaxt Azərbaycanın mədəniyyət naziri, hazırda Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu idi. "Xarı Bülbül" festivalı əhəmiyyətinə, səviyyəsinə və müxtəlifliyinə görə təkcə Azərbaycanda deyil, bütün dünyada mühüm mədəniyyət tədbirlərindən biri idi. Yaponiya və ABŞ-dan keçmiş sovet respublikalarına qədər müxtəlif ölkələrin kollektivləri bu festivala gəlirdi...

Amma "Xarı Bülbül" folklor festivalı idi. Və təəssüf ki, tamamilə aydın olan səbəblərdən onun mövcudluğuna son qoyulub: 1992-cu il mayın 8-də Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi - Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilib.

Uzun illər Azərbaycanın mədəni həyatı, demək olar ki, donub: müharibə, qaçqınlar, iqtisadi böhran... Və yalnız illər sonra biz dünya səviyyəli beynəlxalq festival - Qəbələ Musiqi Festivalını təşkil edə bildik.

- Bəs hər şey necə başladı? Və niyə festivalın keçirilməsi üçün məhz Qəbələ seçilib?

- Gözəl dirijor və violonçel ifaçısı Dmitri Yablonski var, yaxın dostum və səhnə həmkarım. O, tez-tez Azərbaycana qastrollara gəlirdi (özü İsrail və Amerika vətəndaşıdır) və sözün əsl mənasında ölkəmizə aşiq olub. Həm də bunu təkcə sözdə deyil, əməldə də sübut edib, buna görə prezident İlham Əliyev ona "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adını verib.

Bir dəfə biz növbəti dəfə rayonlarımıza qastrol səfərinə getdikdə Dmitri soruşdu: "Niyə siz zəngin mədəni irsinizi məşhurlaşdırmaq üçün bu gözəllikdən istifadə etmirsiniz? Axı sizin rayonlarınız öz-özlüyündə böyük bir sərvətdir, burada dünya miqyaslı tədbir də təşkil olunsa, inanılmaz effekt olar!". Və biz Avropada açıq havada keçirilən çox sayda festivalları yada saldıq.

Biz dərhal Heydər Əliyev Fonduna müraciət etdik və fondun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu təşəbbüsü ürəkdən dəstəklədi. Beləliklə, festival ideyası həyata keçirildi. Qeyd edim ki, Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanması və təbliği üzrə bir sıra böyük musiqi layihələri həyata keçirir.

Festivalın keçirilməsi üçün yer kimi məhz Qəbələnin seçilməsinə gəlincə, 2009-cu ildə (festivalın start götürdüyü il) orada artıq kifayət qədər inkişaf etmiş infrastruktur yaradılmışdı, gözəl beşulduzlu otellər tikilmişdi ki, bu da xarici qonaqların qəbulu üçün mühüm şərt idi. Doğrudur, bu gün artıq mövcud olan səhnə o vaxt yox idi və biz ilk festivalı həqiqətən ibtidai təbii şəraitdə keçirmişdik. Sadəcə olaraq, landşaftın özünün bir növ "amfiteatr" əmələ gətirdiyi bir yer tapdıq və orada səhnə qurduq.

- Qəbələ beynəlxalq festivalı səkkiz ildir keçirilir. Bu qədər müddətdən sonra hansı hissləri keçirirsiniz?

- Biz xoşbəxtik. Bu illər ərzində London Kral Filarmonik orkestri, Qüds Simfonik Orkestri, San-Remo Simfonik Orkestri, "Moskva virtuozları", "Kiyev virtuozları", Avstriyadan Kamera Orkestri və digər məşhur kollektivlər, Denis Matsuyev, Boris Berezovski, Yuri Başmet, Vadim Repin kimi yüksək səviyyəli ifaçılar burada olublar. Bu adlar özləri festivalımızın səviyyəsinin yüksək olduğunu göstərir.

Amma ən əsası, festival çox böyük maarifləndirici əhəmiyyətə malikdir. Axı o, yerli sakinlərin əvvəldə bu tədbirə kifayət qədər ehtiyatlı, hətta bəlkə də şübhə ilə yanaşdıqları bir əyalətdə keçirilir. Çünki klassik musiqi onlara nəinki çox da tanış deyildi, demək olar ki, onların qulağı üçün ümumiyyətlə yeni və qeyri-ənənəvi bir şey oldu. Axı, çox təəssüf ki, yerli televiziya tamaşaçıları klassika nümayişi ilə əzizləmir.

- Bəs onların şübhələrini necə yox edə bildiniz?

- Biz daha çox şey etdik: onları bu musiqini sevməyə və anlamağa vadar etdik. Ən sadəsindən başladıq: sadəcə olaraq konsertlərdən əvvəl əlavə mühazirələr təşkil etdik, bu mühazirələrdə kifayət qədər sadə dillə əsərləri səslənəcək bəstəkarlar haqqında, həmin əsərlərin yaranması tarixçəsi, bəstəkarların bioqrafiyasında hansısa maraqlı faktlar haqqında danışırdıq... Bu, həyatda baş verən, hamıya yaxın olan emosiyalarla, hisslərlə, həyəcanlar və problemlərlə dolu hadisələr idi.

Buna görə festivalın yerli sakinlər arasından olan qonaqları - yeri gəlmişkən, onlar üçün konsertlər pulsuzdur, - bütün bu mühazirələri böyük diqqət və maraqla dinləyirdilər. Və sonradan artıq həyatlarını yenicə öyrəndikləri insanların əsərlərini də eşitmək onlar üçün maraqlı oldu.

Tədricən insanlar özləri konsertlərə gəlməyə başladılar, övladlarını da özləri ilə gətirdilər. Hətta onların xarici görünüşlərində dəyişikliklər oldu: onlar artıq festivala çox təntənəli bir tədbir kimi hazırlaşmağa başladılar. Bu, çox sevindirir. Və bütün bunlar icra hakimiyyətinin heç bir məcburiyyəti olmadan baş verirdi! Həm də son illər artıq Azərbaycanın digər rayonlarından da tamaşaçılar gəlir. Hesab edirəm ki, bu, bizim qələbəmizdir.

- Yəni siz sözün əsl mənasında kütlələrə mədəniyyət daşıyırsınız.

- Bəli. Hətta deyərdim ki, çox sayda müxtəlif mədəniyyətlər, çünki bizim festivalımız janr tərkibinə görə kifayət qədər çeşidlidir: burada klassik musiqi, muğam, caz, vokal günləri var... Həmişə insanlarda maraq oyandırmağı bacarmaq lazımdır, sonra isə, inanın, onlar özləri bu musiqini axtaracaqlar. Və öz övladlarını da gətirəcəklər.

Avropada dinləyici bu və ya digər ölkənin mental və mədəni xüsusiyyətləri ilə əlaqədar artıq hazırdır: onlar uşaqlıqdan kilsələrə gedirlər, kilsə musiqisi dinləyirlər, məktəblərdə tez-tez xorda oxuyurlar. Bütün bunlar çox gözəl mədəniyyət bünövrəsi qoyur. Amma klassik sənətin yüzillərlə tarixi var və bu yolu bir neçə ildə keçmək qeyri-mümkündür. Amma ruhdan düşmək lazım deyil, çünki bildiyimiz kimi, yol gedənindir.

- Bir az əvvəl dediniz ki, "icra hakimiyyəti məcbur etmirdi..." Ədalət naminə deyək ki, bəzən bu, hətta zəruridir. Amma mən başqa bir şey soruşmaq istəyirdim...

- Bəli, başa düşdüm. Qəbələ İcra Hakimiyyəti başçısı da festivalın uğurunda əhəmiyyətli rol oynayıb. O, çox savadlı, müasir, təhsilli insandır. Və biz ona, həmçinin son illər Qəbələ festivalı çərçivəsində konsertlərimizin keçirildiyi Şəki və Qaxın icra başçılarına çox minnətdarıq. Ümumiyyətlə, hesab edirəm ki, savadlı idarəetmədən çox şey asılıdır.

Artıq qeyd etdiyim kimi, festivalımızın ən mühüm vəzifələrindən biri maarifləndirmədir. Və düşünürəm ki, biz buna müvəffəq oluruq. Artıq insanların İtaliyalı ifaçıların konsertlərinə, məmnuniyyətlə gəlməyə başladığını, ariya və hətta opera dinlədiyini müşahidə edirəm. Hələ neapolitan mahnılar ifa edən müğənniləri necə bəyəniblər! Kuba cazı və ya Flamenko necə uğurlu olub! Bu musiqiçilər tamaşaçıların o qədər xoşuna gəlib ki, onlar hər il bu musiqiçiləri görmək istəyirlər!

- Bəs festivalın xarici iştirakçıları bizim muğamı necə qəbul edir?

- Çox gözəl. Muğam, belə demək olarsa, çox müvəffəqiyyətlidir, çünki o, həm də çox elastik janrdır. Onu həm cazla, həm flamenko ilə (orada da boğaz ifası var) ifadə etmək olar. Yeri gəlmişkən, Alim Qasımov belə bir təcrübə eləmişdi və kifayət qədər uğurlu olmuşdu.

- Musiqi yaxınlaşdırır…

- Şübhəsiz. Ümumiyyətlə Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkəmizdə çoxmədəniyyətlilik prinsiplərinə verilən böyük əhəmiyyətin zəruriliyini bir daha sübut etdi. Bir səhnədən dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndikdə eyni zamanda həm insanın və bəşəriyyətin böyüklüyünü, həm də... nifaq və müharibələrin kiçikliyini və gərəksizliyini dərk edirsən, hiss edirsən.

Bu musiqi festivalı həm kamera musiqisi zalında, həm də açıq havada, uca dağlar və sıx meşələr arasında təbii akustikası olan qeyri-adi səhnədə keçən nadir musiqi tədbiridir.

- Yuxarıda deyilənlərdən başqa, Qəbələdə keçirilən o ilk festivalı ötən il keçirilmiş səkkizinci və bu il keçiriləcək doqquzuncu festivaldan nə fərqləndirir?

- Bu gün artıq ayaqlarımızın üstündə daha möhkəm dayanırıq, daha da əminik. Festivalın keçirildiyi birinci il biz... ehtiyatlı davranırdıq, çox böyük xərclərdən qorxurduq…

Həmin vaxt son texnologiyalarla təchiz olunmuş dəbdəbəli, möhtəşəm zal yox idi... Beşulduzlu otellər olmasına baxmayaraq, həmin vaxt onlarda xidmət də heç də yüksək səviyyədə deyildi. Əslində bu, aydındır da: axı bütün personal təcrübəsiz yerli sakinlərdən ibarət idi.

İndi xidmət sadəcə olaraq heyranedicidir! Bu sahə işçiləri üçün stimul yaranıb, buna görə onlar artıq həm xarici dillərdə danışırlar, həm də ən əsas məsələdə - göstərilən xidmət səviyyəsində də ixtisaslaşıblar.

Üstəgəl, onlar da bizim mütəşəkkür dinləyicilərimizdir.

- Yəni, festival sayəsində onlar nəinki özləri üçün karyera qurmağa müvəffəq olublar, həm də təhsil səviyyəsini, o cümlədən klassik musiqi təhsillərini xeyli artırıblar.

- Belə də demək olar. Festivalın keçirildiyi dövrdə Qəbələyə gələn turistlər də mütəşəkkür qonaq və dinləyici olurlar. Qonaqların bir hissəsi istisna təşkil edir: nədənsə ərəb ölkələrindən gələn turistlər musiqiyə tamamilə biganədirlər... Onlar hətta Muğam Gününə belə gəlmədilər! Amma zövqlər, necə deyərlər, müxtəlifdir.

- Fərhad müəllim, festival çərçivəsində pianoçuların müsabiqələri keçirilir. Onun qalibi olmaq nüfuzludur?

- Əminəm ki, bəli. Bundan başqa, qaliblər kifayət qədər yaxşı pul mükafatları alır, üstəgəl  studiyada peşəkarlıqla öz disklərini yazdırmaq imkanı əldə edirlər.

- Növbəti müsabiqənin proqramı  nə qədər vaxta hazırlanır?

- İl ərzində. Onun üzərində mən və Dmitri Yablonski işləyirik. O, çox yaxşı menecerdir. Axı belə səviyyədə tədbir təşkil etmək kifayət qədər çətindir. Yeri gəlmişkən, bəzən biz özümüz qastrollara gedirik və orada gələcək iştirakçıları tapırıq.

Başa düşmək lazımdır ki, incəsənət bazarı, məsələn, neft bazarı kimi bir şeydir. Amma biznes sahəsində hər şey dəqiq və aydındır, incəsənət sahəsində isə emosiyalar, hisslər, xüsusi hallar əlavə olunur... İncəsənət adamları kifayət qədər emosional və bəzən hətta dəymədüşər olurlar. Odur ki, burada təkcə onlarla razılaşmaq deyil, bəzən həm də onları incəliklə hiss etmək lazım gəlir.

- Mən oxumuşdum ki, Qəbələ festivalı artıq çox məşhurdur.

- Şübhəsiz. Sırf peşəkarlıqla bağlı maraqdan əlavə, bir çox iştirakçılarımız bizim qonaqpərliyimizdən böyük zövq alır. Çoxları gedərkən deyirlər ki, festival olmasa da, turist kimi mütləq qayıdacaqlar. Qəbələ festivalının - Azərbaycanın turizm ölkəsi kimi təbliğində də böyük əhəmiyyəti var.

- Sizinlə danışıram və başa düşürəm ki, festival sizin özünüzə çox güclü təsir edib, ilhamlandırıb.

- Əlbəttə! O, bizim övladımızdır! Buna görə mən hər dəfə Heydər Əliyev Fonduna bu layihəni dəstəklədiyinə görə minnətdarlıq edirəm. Çünki bu dəstək festivalın davam edəcəyinin zəmanətidir.

Bundan başqa, biznes qurumlarının da mədəniyyət tədbirlərini dəstəkləməsi, bununla kreativ sənayeni inkişaf etdirməsi də çox əhəmiyyətlidir. Belə ki, festivalın sponsoru kimi daim GILAN Holdinq çıxış edir, uzun illər Mədəniyyət və Turizm Nazirliyi də sponsor olub. Doğrudur, son illər iqtisadi böhranla əlaqədar sponsor olaraq yalnız GILAN qalıb və indi onların dəstəyi xüsusilə vacibdir. Bundan başqa, bu, bu gün Azərbaycanda özəl biznesin nəinki inkişaf etməsi, həm də yaradıcı iqtisadiyyatın və bütünlükdə ölkənin inkişafına şərait yaradan böyük yatırımlar etməsi faktını bir daha təsdiq edir.

Bundan başqa, Bakı Musiqi Akademiyasının (BMA) rektoru kimi daha bir layihə - Polşanın Adam Mitskeviç İnstitutunun təşəbbüsü olan, "Şərq Tərəfdaşlığı" çərçivəsində Bakıda tərəfindən həyata keçirilən "I, Culture Orchestra" haqqında danışmağı vacib hesab edirəm. Sadə desək, söhbət müxtəlif ölkələrdən olan uşaqların bir orkestrdə çaldığı proqramdan gedir. Və bu, çox gözəldir, çünki musiqi hər şeydən daha çox yaxınlaşdırır! Bir orkestrdə çalarkən digər partiyanı kimin ifa etdiyi, necə birisi olduğu əhəmiyyət daşımır, əsas olan ürəklərinizin və alətlərinizin necə səslənməsi, bir-biri ilə necə uyğunlaşmasıdır. "I, Culture Orchestra" layihəsi Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukraynanı əhatə edir və xüsusən orkestr ifaçılarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işləyir.

Bu layihə sayəsində uşaqlarımız artıq dəfələrlə Avropada olublar, bu, tələbələr üçün bir vaxtlar bizim sadəcə olaraq məhrum olduğumuz çox gözəl imkandır. 2011-ci ildən başlayaraq Polşanın Adam Mitskeviç İnstitutunun və Avropa İttifaqının dəstəyi ilə beynəlxalq "I, Culture Orchestra" layihəsinin həyata keçirilməsi çərçivəsində hər il dinləmələr keçirilir və BMA-nın gənc ifaçıları arasından iştirakçılar seçilir. Münsiflər heyətinin tərkibinə London simfonik orkestrinin musiqiçiləri, mütəxəssislər tərəfindən Adam Mitskeviç İnstitutunun nümayəndə heyəti və BMA professorları daxildir. Nəfəs alətləri və simli alətlər kafedrasının 40-a yaxın tələbəsi bu mühüm beynəlxalq layihədə iştirakı böyük maraqla qarşılayıblar.

Bu ilin martında biz bu gözəl layihənin davamını gözləyirik. Çünki o, xüsusilə bütün dünya gəncləri üçün çox vacibdir, belə ki, təkcə onların peşəkarlıq səviyyəsini artırmaq üçün daha bir imkanı vermir, həm də təsdiq edir ki, incəsənət sülhə daha tez nail olmaq iqtidarında olan yeganə dinc "silahdır".

- Fərhad müəllim, Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçıları coğrafiyası ildən-ilə genişlənir?

-  Bəli, biz də növbəti müsabiqədə ABŞ-dan Yaponiyaya qədər  ən müxtəlif ölkələrdən musiqiçilərin iştirakını planlaşdırırıq.

- Biz Qəbələ Musiqi Festivalına uğurların davamını, yeni adlar və dünyada daha çox tanınmağı arzu edirik.

Məqalə Aİ Şərq Tərəfdaşlığı-nın "Mədəniyyət və Kreativlik" Proqramı ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdır culturepartnership.eu.

www.facebook.com/culturepartnership

Natali Aleksandrova

Paylaş:
2412

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17
Bütün xəbərlər