Kreativ iqtisadiyyat böyük ekranda: Azərbaycan kinematoqrafının gələcəyi varmı? – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Kreativ iqtisadiyyat böyük ekranda: Azərbaycan kinematoqrafının gələcəyi varmı? – FOTO – VİDEO

17:43 - 23 / 01 / 2017
Kreativ iqtisadiyyat böyük ekranda: Azərbaycan kinematoqrafının gələcəyi varmı? – FOTO – VİDEO

Məlum olduğu kimi, incəsənətdə əsas istiqamətlərdən biri də – kinodur.

Daha fərqli ifadə etsək, bu gün kino kreativ iqtisadiyyatın tərkib hissələrindən biridir, kreativ iqtisadiyyat isə öz növbəsində innovativ inkişafın mühüm istiqamətlərindən birinə çevrilib.

Onun əsasında məhsula yeni, keyfiyyətli yanaşma yaratmaq üzrə orijinal ideya durur. “Kreativlik” termini bir şeyə əvvəllər istifadə olunmamış yeni ideyalar cəlb etməklə, yaradıcı yanaşma kimi izah oluna bilər. Beləliklə, innovasiyalarla kreativ sənayelər arasında açıq-aşkar əlaqə olduğunu qeyd etmək olar.

Həmçinin kinostudiya iqtisadiyyatın perspektivli sahələrindən biridir: belə ki, proqnozlara əsasən, 2020-ci ilə qədər bilet satışından əldə ediləcək qlobal gəlir 38 mlrd. ABŞ dollarından 50 mlrd. ABŞ dollarına qədər artacaq.

Qeyd edək ki, ABŞ il ərzində satılan biletlərin ölçüsünə görə yalnız üçüncü bazardır (Çin və Hindistandan sonra). Və bu, böyük nəslin yarısından çoxunun filmləri evdə izləməyə üstünlük verdiyi halda belədir.

Əhalinin cəmi 7%-i ayda iki və ya üç dəfə kinoteatrlara gedir, əhalinin 14%-i kinoya daha az gedir (ayda bir dəfə). Amerikanın yaşlı əhalisinin 37%-i isə ümumiyyətlə ildə cəmi bir dəfə kinoya gedir.

Bəs Azərbaycanda kino sənayesi ilə bağlı vəziyyət necədir? Kinomuzu gələcək inkişafın mühüm sahələrindən birinə, ən yaxşı halda isə ölkə iqtisadiyyatının çiçəklənməsinə çevirmək üçün planımız, ya da ən azından ümidimiz varmı?

- Bu başdan deyək, məsələ sadə deyil. Xüsusən, bizim kino bazarının təkcə onun nisbətən dar olmasından, verilişlərin televiziya reytinqinin müəyyən edilməsinin qəribəliklərindən deyil, həm də kinoteatrlardan əldə olunan gəlirlər üzrə şəffaf strategiyanın olmamasından ibarət olan spesifikasını nəzərə alsaq (yəni bizim halda boxoffice nədənsə kinoteatrların və yayımçıların kənar gözlərdən gizlədiyi müəmmadır).

Bununla belə, kinomuzun gələcəyi varmı? Müasir Azərbaycan kinematoqrafının artıq özünü doğrultmuş nümayəndələri ilə söhbətdə məhz bu suala cavab tapmağa çalışdıq...

Məsələyə üç rakursdan: müəllif kinosu, serial istehsalı və kinoteatrlarda böyük nümayiş rakurslarından baxaq.

MÜƏLLİF KİNOSU VƏ TUNELİN SONUNDAKI İŞIQ

İlk həmsöhbətimiz FIL PRODUCTION şirkətinin banisi, rejissor və prodüsser Teymur Hacıyevdir.

İki il əvvəl 1news.az Teymurla Azərbaycanda müəllif kinosunun olub-olmadığı mövzusunda söhbət etmişdi. Gələcək üçün proqnozlardan danışarkən Teymur təxminən 3-5 il sonra ölkəmizdə kinodan – amma artıq kommersiya kinosundan –qazanc əldə etmək olacağını əminlik ifadə etmişdi.

 - Bu proqnozlarda yanılmamışam, - deyir T. Hacıyev. – Bundan başqa, hər şey gözlədiyimdən daha da sürətlə baş verdi ki, bu, məni sevindirir. Öz pulları ilə kommersiya kinoları çəkən şəxslər məndə hörmət hissi oyadır. Onlar böyük risklərə gedirlər, bunu isə hər kəs etməz.

Ötən iki ildə Azərbaycan müəllif kinosu sahəsində nələrin dəyişdiyi barədə danışan T. Hacıyev belə deyib:

– Biz Avropa və Amerikada öz sözümüzü deməyə müvəffəq olduq, həm də qətiyyətli və uca səslə. Bunun hansı resurslarla edildiyini nəzərə alsaq, bizim imkansızı bacardığımız aydın olacaq.

10 min dollarlıq büdcə ilə çəkilmiş filmlərlə bizim uşaqlar Kannda “Rejissorların iki həftəsi”nə düşə bildilər, Palm Springs Short Fest-də, Lokarno, Saraevo, Milan, Rio-de-Janeyro və s. festivallarında iştirak etməyə müvəffəq oldular.

Təkcə mənim “Şanxay, Bakı” filmim 15-dən çox ciddi beynəlxalq səhnədə nümayiş olundu! Və mən bu gün qürurla bizim artıq sadəcə qəbul edilmək deyil, dünya səviyyəsində tanındığımızı və müstəqil Azərbaycan kinematoqrafçılarından yeni aktual işlər gözlədiklərini qeyd edirəm.

Amma paradoks ondadır ki, (hazırda mən öz şəxsi fikrimi səsləndirirəm) hələlik biz Mədəniyyət və Turizm Nazirliyindən lazımi dəstəyi hiss etmirik və səbəb müasir kino prosesinin fərqli şəkildə dərk olunmasındadır. Lakin mən kədərlənmirəm. Pul heç də hər şeyi həll etmir, çünki kinoda pul yalnız alətlərdən biridir. Kinoda əsas olan istedad, mənəviyyat, intellekt, paradoksal təfəkkür və istənilən işə qarşı ehtirasdır. Bunu isə heç bir pulla almaq olmaz.

Odur ki, ötən iki ildə bizim bütün xəyallarımız puç oldu və aydın oldu ki, istənilən halda biz bundan sonra öz yolumuzla gedəcəyik.

Bununla yanaşı qeyd etmək istərdim ki, müəyyən dövlət idarələri və qurumları kinematoqrafçılara dəstək göstərir. Məsələn, Vergilər Nazirliyinə, “İçəri Şəhər” rəhbərliyinə 2012-2013-cü illərdə keçirdiyimiz iki kinoalmanaxı dəstəklədiklərinə görə çox minnətdaram.

Nə etməliyik?

Ən azından, son müsahibəmdə səsləndirdiyim şeyi həyata keçirməliyik: Eurimages-lə saziş imzalamalı və Kino Fondu yaratmalıyıq. Belə bir Fondun cəmi yarım ildə yaradılması tamamilə realdır, daha il yarım sonra isə ilk nəticələr özünü göstərəcək.

Daha bir ideya var ki, çətin iqtisadi vəziyyəti nəzərə alaraq, onun həyata keçirilməsi pis olmazdı.

Azərbaycanda, məlum olduğu kimi, Yer kürəsinin nisbətən kiçik bir hissəsində yerləşən doqquz iqlim zonası var. Dağlar da var, dəniz də, ən müxtəlif səhnələrin çəkilməsi üçün çoxlu sayda gözəl yerlər də. Kino istehsalı üzrə vergi imtiyazları qanunvericiliklə təsbit edilsə və xarici kino investorlarının ölkəyə cəlb edilməsi ilə məşğul olacaq xüsusi şirkət təsis edilsə, bu, avtomatik olaraq yerli kinematoqrafın inkişafına böyük təkan verəcək. Bolqarıstanda, İrlandiyada, Yeni Zelandiyada artıq bu, baş verib, ən məşhur Hollivud franşızaları və serialları bu ölkələrdə çəkilir.

Böyüyən sənayenin getdikcə daha çox ixtisaslaşmış kadrlara ehtiyacı olacaq, operatorlara, səs rejissorlarına, qrimçilərə, bəstəkarlara, işıq ustalarına və s. tələbat artacaq. Böyük layihələrdə xarici peşəkarlarla birgə işləyərkən “kinoçularımız” çox böyük təcrübə əldə edəcəklər, sonradan bu təcrübədən yerli kinoməzmunun istehsalında istifadə olunacaq.

Və mən əminəm ki, bütün bunlar həqiqqətə çevrilsə, üç – maksimum beş il sonra Avropada və bütün dünyada bizim kinematoqraflar haqqında danışacaqlar. Kreativ iqtisadiyyat nədir? Bu, ilk növbədə insanlardır. Məlum olduğu kimi, hər şeyi həll edən kadrlardır. Və biz öz kadrlarımıza etibar etməliyik, onlara kömək etməli, onları yetişdirməli və beyinlərin sızmasına yol verməməliyik ki, bu, təəssüf ki, gündən-günə daha sürətlə baş verir.

Eksperimentlər üstünlükdür!

Hər halda, bu gün kinomuzun irəliləməsi faktı nikbinlik doğurur. Kinematoqraf elə bir sahədir ki, burada istənilən eksperimentlər müsbət hal kimi qiymətləndirilə bilər. İstənilən, hətta uğursuz layihələr təcrübə, praktika, əlavə bacarıqlar deməkdir. Ən əsası, işin fasiləsiz getməsi deməkdir.

Buna görə bu gün mən kino çəkmək istəyənlərə öyrənməyi, axtarmağı, təslim olmamağı məsləhət görürəm. Telefonla film çəkib Youtube-a qoymaq və bəlkə də, məşhur olaraq oyanmaq olar. Əsas boş oturmamaq və kreativ sənayelərin əsas təkanverici qüvvəsinin sahələrdən istənilən birində yekun məhsulun yaradılması üçün öz ideyalarını və yaradıcı potensialını təqdim edən istedadlar olduğunu unutmamaqdır.

İQTİSADİYYATIN “SABUN OPERASI”

Azərbaycanda teleserialları nisbətən yeni çəkməyə başlayıblar.

Xatırladaq ki, 2012-ci il mayın 1-də ölkədə Azərbaycan telekanallarında xarici teleserialların nümayişinin qadağan edilməsi haqqında qanun qüvvəyə minib. Demək olar ki, bununla eyni vaxtda prezident İlham Əliyev “Milli televiziya filmlərinin istehsalına maliyyə yardımı göstərilməsi haqqında” sərəncam imzalayıb. Dövlət başçısı öz Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına milli televiziya filmlərinin, o cümlədən teleserialların çəkilməsi üçün 6 mln. manat ayırmaq barədə sərəncam verib.

Bu kapital qoyuluşunun telekanalların reytinqinə və bu “teleşou” növünün inkişafına necə təsir etdiyi, bu gün bu seqmentdə vəziyyətin necə olduğu haqqında “Antenn” teleradio şirkətinin prezidenti və kino prodüsseri Rüstəm Əliyev danışıb:

Şirkətimiz 2013-cü ildən seriallar çəkir. Tammetrajlı bədii film çəkmək təcrübəmiz də (“Sadəcə sev”) olsa da, biz seriallar formatına qayıtmaq qərarına gəldik – üç ildə artıq dörd serial çəkmişik. Hazırda ATV telekanalında gedən “Məryəm” adlı yeni serial üzərində işləyirik. Bu iş müəyyən dərəcədə əlamətdardır, çünki biz ilk dəfə gündəlik serial formatını sınaqdan çıxardıq: o, həftədə dörd dəfə gedir. Deyim ki, bu rejimdə işləmək çox çətindir, hələ iki il əvvəl mən bunu təsəvvür belə edə bilməzdim, amma indi müxtəlif səbəblərdən bu, bir tərəfdən mümkün, digər tərəfdən isə zəruri olub.

Bütün məsuliyyəti ilə deyə bilərəm ki, bu gün Azərbaycanda artıq məhz teleseriallar çəkə bilən və bunu istəyən şirkətlər meydana çıxıb. Başqa sözlə, yerli kino sənayesində bu “boşluq (niş)” artıq yaranıb və özünü göstərməyə başlayıb. Bu, əsasən Prezidentin sərəncamı sayəsində baş verib, axı ilkin mərhələdə maliyyə dəstəyi sadəcə zəruri idi.

Buna qədər yerli seriallar çəkmək cəhdləri olub, amma onlar uğursuz olub: azbüdcəli filmlər tamaşaçıların davamsız, daha dəqiq desək, “birdəfəlik” marağına səbəb olurdu. Bu gün teleşirkətlər artıq prodüsser mərkəzlərinə sifarişlər verir və ya öz seriallarını özləri çəkir. Yəni müəyyən irəliləyiş müşahidə olunur.

Hətta belə deyim: üç ildə biz bir ilin üç ilə bərabər olduğu bir yol keçdik, çünki biz bu müddət ərzində həddindən artıq böyük təcrübə əldə etdik. Şübhəsiz, serial sektorunun on illərdir mövcud olduğu ölkələrin seriallarının səviyyəsinə çatmağımıza hələ çox var, biz bu yola hələ yeni başlamışıq. Amma müəyyən mənada biz əlverişli vəziyyətdəyik, axı bizim həm də başqalarının təcrübəsindən istifadə etmək, onların səhvləri üzərində öyrənmək və hansısa ideyalardan ilhamlanmaq imkanımız var.

Üstəgəl, ötən üç ildə yaxşı komandamız formalaşıb. Axı bu sektorda iş məhz komandada işləmək bacarığı tələb edir. Odur ki, bu gün artıq konkret olaraq teleserial istehsalında və teleseriallarda işdə ixtisaslaşan xüsusi peşəkarlar təbəqəsi formalaşıb. Hesab edirəm ki, belə qısa müddətdə bu, artıq bir nailiyyətdir.

Yerli serialların xüsusiyyətləri

Bu, ilk növbədə əhalinin tələbatı ilə serialların süjetlərinə və qəhrəmanların dialoqlarına müntəzəm olaraq tərbiyəvi element daxil etmək zərurəti arasında müəyyn tarazığın saxlanılmasıdır. Sirr deyil ki, bizimkilər əsasən türk seriallarını sevirlər və uzun müddət böyük maraqla onları izləyiblər. İndi ilk növbədə telekanalın reytinqini təmin etmək üçün onların diqqətini qazanmaq lazımdır, əks halda biz sadəcə olaraq xərclərimizi çıxara bilmərik. Amma müstəsna olaraq əhalinin zövqünə ayaq uydurmaq da doğru deyil. Sadəcə olaraq biz kiçik addımlarla irəliləməli oluruq. Kiçik, amma əmin addımlarla. Biz özümüz öyrənirik, tamaşaçını tərbiyə edirik. Hər şey paralel gedir.

Təəssüf ki, ölkəmizdə konkret olaraq gələcək serial sənayesi işçilərini yetişdirən xüsusi məktəblər yoxdur. Amma zənnimcə, gələcəkdə belə məktəblər yaranacaq və “serialların yaranmasının” hazırkı iştirakçıları yetişməkdə olan yeni nəsil gənc aktyorlara, rejissorlara, operatorlara, səs rejissorlarına və prosesin digər iştirakçılarına dərs keçəcək.

Bəs pul?

Çoxları yerli serialları tənqid edərkən müqayisəolunmaz bənzətmələr edir: Türkiyə, Rusiya, Amerika ilə. Yəni serial sahəsinin çoxdan olmasa da, bizim ölkəmizlə müqayisədə xeyli uzun müddətdir mövcud olduğu ölkələrlə. Üstəgəl, unutmayaq ki, bu ölkələr öz məhsullarının satışından qazanc əldə edir. Biz isə hələlik ölkəmizdə “baxılacaq” keyfiyyətli məhsul yaratmağa çalışırıq, bu isə, inanın mənə, asan deyil. Tamaşaçılarımız həm çoxlu sayda telekanal, həm internetlə müəyyən mənada ərköyünləşib və onun diqqətini qazanmaq çox çətindir. Buna görə yüksək reytinqə nail olmaq çətindir, amma artıq göstəricini yaxşıya doğru dəyişdirməyə müvəffəq olmuşuq.

Məlum olduğu kimi, Prezidentin sərəncamı ilə yerli teleserialların və filmlərin inkişafına 6 milyon manat ayrılıb. Bu vəsait iki ilə bəs etdi, amma o, necə deyərlər, “prosesin getməsi” üçün kifayət idi. Bu gün artıq seriallar ya sponsorların, ya da telekanalların özlərinin pulu ilə çəkilməyə başlayıb.

Bütün dünyada telekanallar bu və ya digər prodüsser mərkəzindən serial alır, sonra məhdud sayda seriyalar çəkir, onları efirə verir və reytinqlər ümidləri doğrultsa, çəkilişləri davam etdirir. Bizdə sistem bir qədər fərqlidir. Bir variant: telekanal prodüsser şirkətinə (və ya kino şirkətinə) serial sifariş edir və telekanalın özünün ayırdığı büdcə ilə serialın çəkilişini həyata keçirir. İkinci variant: prodüsser mərkəzi özü artıq hazır ssenari və sponsor dəstəyi ilə öz serialının nümayişini planlaşdırdığı telekanalın rəhbərliyinə müraciət edir.

Şirkətimiz ATV telekanalı ilə əməkdaşlıq edir, bu telekanal hər iki variantdan istifadə edir: yəni həm özü seriallar çəkir, həm də artıq onları prodakşn şirkətlərinə sifariş edir.

Müsbət məqam ondadır ki, hələ iki il əvvəl serialda reklamın özünü doğrultduğuna inandırmaq qeyri-mümkün olan reklamverənlər bu gün artıq bu sahəyə cəlb olunmağa başlayıblar. Amma bir nüans var: hələlik reklamverənlər, necə deyərlər, “mahnı sifariş verir”, yəni serialın konkret olaraq hansı telekanalda yayımlanacağını bəzən məhz onlar diktə edir.

Və bu mənada seriallar bütünlükdə telekanalların səviyyəsini də “qaldırmağa” məcbur edir. Axı onlar təkcə tamaşaçı deyil, həm də pul itirir. Buna görə sabah rəqabət səviyyəsi daha yüksək olduqda, inanın, onların rəhbərliyi yayımlanan televerilişlərin keyfiyyətini artırmaq üçün nə isə etməyə başlayacaq.

Yerli teleserialların daha bir xüsusiyyətini təşkil edən fakt odur ki, hələlik teleserial istehsalçıları da, reklamverənlər də qadınları əsas hədəf auditoriya hesab edir. Bu isə o deməkdir ki, hələlik yerli serialların əsas janrı çox vaxt dramatik janr olur.

Çoxları ölkəmizdə hələlik daha geniş tamaşaçı auditoriyasını əhatə edəcək ciddi, “teleşou” səviyyəsində intellektual seriallar çəkilmədiyindən gileylənir. Amma gerçəkçi olmaq lazımdır. Bu auditoriyanı kabel televiziyası: “Discovery” kimi telekanallar, Amerika, türk və rus kinoları möhkəm cəlb edib.

Təbii ki, artıq dediyim kimi, biz təkcə yalnız komediya və melodramlardan həzz alan orta statistik tamaşaçının zövqünə ayaq uydura bilmərik və bunu etməyəcəyik, amma “Doktor Haus” səviyyəsində teleseriallar remeykinə getmək, birincisi tamaşaçı itirmək, ikincisi isə onu güldürmək deməkdir. Bizim bu gün bu səviyyədə seriallar çəkmək üçün sadəcə olaraq nə texniki, nə də maliyyə imkanlarımız yoxdur. Bundan başqa, indi eyni zamanda bir neçə istiqamətdə işləmək – müxtəlif yaş qrupları və ya, deyək ki, müxtəlif zövqlü tamaşaçılar üçün seriallar çəkmək imkanı yoxdur.

Reklam bazarı da bu gün bizə belə bir imkan vermir. Biz bu gün, tutaq ki, detektiv və ya mistik serial çəkə bilmərik, hətta bunun üçün müəlliflər, texniki dəstək və pul tapılsa belə. Sadəcə ona görə ki, bu janrların kifayət qədər tamaşaçı auditoriyası olmayacaq. Buna görə biz öz məqsədlərimizə doğru, necə deyərlər, addım-addım gedirik.

Gələcəyin işi...

Amma mən əminəm ki, beş – maksimum on il sonra Azərbaycan tamaşaçıya keyfiyyəti təkcə yerli telekanalların reytinqini artırmağa deyil, həm də teleserialları xaricə sataraq, onlardan gəlir əldə etməyə başlamağa imkan verəcək seriallar təqdim edəcək. Və bu, sadəcə söz deyil, bu, bu sahənin daxildən və uzun illər ərzində araşdırılmasına əsaslanan rəydir. Biz məhdud büdcə və tamaşaçı marağının olmadığı mürəkkəb bir şəraitdə serial çəkməyə başladıq və artıq müəyyən auditoriya qazanmağı bacardıq. Xarici kino xadimləri bizim televiziya layihəsinin bir seriyasını 2 min avroya çəkə bilməyimizə ciddi-ciddi heyranlıq ifadə edirsə, deməli, bizdə həqiqətən artıq nə isə alınır. Hətta düşünürəm ki, belə çətin şəraitdə başlamaq məcburiyyətində qalmağımız həm dəfələrlə tez öyrənməyə, həm də yüksək kreativlik nümayiş etdirməyə, daim “eyni şeyi, amma daha ucuz çəkməyin” yollarını kəşf etməyə vadar etdi. Gələcəkdə bu təcrübə xeyrimizə olacaq.

Beləliklə, bu yaxınlarda dünyaya gəlmiş serial sektoru bu gün ilk addımlarını atır. Və bu gün deyə bilərəm ki, o, inamla addımlayır. Və artıq böyüməyə başlayır. Bundan başqa, Milli Televiziya və Radio Şurasının qərarını tamamilə dəstəkləyirəm, bu proses məhz həmin qərar sayəsində başlayıb, çünki Azərbaycan, istənilən digər ölkə kimi, öz məhsulunu yaratmalı və şübhəsiz, tamaşaçıya seçim azadlığı verməlidir.

Amma seriallarımız başqalarından fərqlənməlidir, onlarda bizim mədəni və mental dəyərlərimiz, ənənələrimiz, xüsusiyyətlərimiz əksini tapmalıdır.

Əslində, zənnimcə, bu sektorda prosesin daha sürətli və səmərəli getməsi üçün 10-12 “prodakşn şirkəti” olmalıdır. Bu gün cəmi üç-dörd belə şirkət və yerli serialları yayımlayan cəmi üç telekanal var. Amma üç ildə əldə edə bildiyimiz nəticəni nəzərə alaraq, əminəm ki, şansımız az deyil.

KİNOTEATRLARIN BÖYÜK EKRANLARI

Həmsöhbətimiz rejissor və prodüsser İlham Qasımovdur:

Yerli tamaşaçılarımız Amerika, Türkiyə, Rusiya və Avropa kinosunun diktə etdiyi müəyyən film keyfiyyətinə öyrəşib. Yəni tamaşaçı müəyyən keyfiyyətə - həm süjetin, həm görüntünün, həm də səsin müəyyən keyfiyyətinə öyrəşib. Bu tamaşaçını cəlb etmək üçün biz – bu gün Azərbaycanda kommersiya kinosu istehsalı ilə məşğul olanlar – onlara ən azından eyni keyfiyyətdə məhsul təqdim etməliyik.

Axı bu, elementardır. Vətənpərvərlik hissi ehtiva edən bədii filmin premyerasına tamaşaçı - ya baş rolların ifaçıları və ya çəkiliş qrupu ilə tanışlıq, ya da sadəcə sənətə məhəbbət səbəbindən – məmnuniyyətlə gəlsə, onun ikinci dəfə gəlib-gəlməyəcəyi haqqında suala cavab nəticənin onun nə dərəcədə xoşuna gəlməsindən asılı olacaq. Məyus olarsa, çox təəssüf ki, o, xarici kinoya üstünlük verəcək.

Şübhəsiz, ideal olaraq həm kinoteatra, həm də onun istehsalçılarına gəlir gətirəcək filmlər çəkmək lazımdır. Amma təəssüf ki, bu gün Azərbaycan filmləri bizim özümüzün belə KİV-də təəccüblə oxuduğumuz gəlirləri gətirmir.

Tamaşaçıya maksimum keyfiyyətli məhsul verməklə onu qane etmək üçün yerli filmin istehsalına ən az 400-500 min dollar xərclənməlidir, baxmayaraq ki, bu məbləğ də xeyli kiçildilib. Bizim isə, demək olar ki, 3 dəfə az məbləğimiz var. Və hətta bu xərclər belə geri qazanılmır. Başqa sözlə, biz potensial olaraq yaxşı kino çəkə bilərik, amma iqtisadi cəhətdən ciddi şəkildə geri qalırıq. Elə bu səbəbdən filmlər də, təəssüf ki, bu gün hətta vizual cəhətdən belə lazımi keyfiyyət səviyyəsinə çatmır.

Bəli, istehsalçı gəlirə ümid etməlidir və sayı artmaqda olan kinoteatrlar əslində onu bu gəlirlə təmin etməlidir. Əslində, çox təəssüf ki, hələlik kinoteatrların sayı kifayət qədər deyil və buna görə ən yaxşı halda xərcləri qarşılamaq mümkün olur.

Daha bir məqam var. Bəzi istehsalçılar müstəsna olaraq gəlir əldə etməyə ümid edir, həm də qarşılarına hansısa qeyri-real məqsədləri qoyur, bu işdən az qala 200% qazanmağa çalışır. Bu, həm onların tamahkarlığını, həm də, təəssüf ki, səriştəsizliyini göstərir, çünki kinoda belə gəlirlər qaydadan daha çox istisnadır. Hətta ildə 15 film çəkən məşhur xarici kino şirkətləri onların yalnız üçündə - dördündə əsl uğura ümid edə bilir. Ümumilikdə gəliri elə onlar da gətirir, amma gəlir səviyyəsi 30-40%-ə çatırsa, bu, artıq uğurdur. Aydın məsələdir ki, bu gün bizdə bu səviyyədə kino şirkətləri yoxdur və ildə buraxılan filmlərin sayı sadəcə az deyil, dəfələrlə azdır.

Amma mən prosesin artıq başlaması faktını böyük üstünlük hesab edirəm. Və bu gün kino zallarında bizim, yerli kinoya gələn tamaşaçılar artıq ötənilkindən dəfələrlə çoxdur. Bu, o deməkdir ki, bizdə də nə isə alınmağa başlayıb və biz tədricən tamaşaçı auditoriyasının etibarını qazanmağa başlamışıq. Amma kinoteatrların sayı, dediyim kimi, daha çox olmalıdır və bir də kinoteatrlara getmək mədəniyyətinin yaranması və ya, belə deyək, dirçəlməsi üçün konkret bir şey etmək lazımdır.

Artıq mövcud olan üstünlüklər və onların çoxaldılması yolları haqqında

Yerli kinematoqrafın inkişafı sahəsində hansısa inqilabi addımların tərəfdarı deyiləm, əksinə: hər şey öz yolu ilə getməlidir. Sadəcə yerində durmamaq, işləmək lazımdır.

Bu gün artıq reklamverənlər milli kinoya maraq göstərməyə başlayıblar, çünki gördülər ki, bu, həqiqətən sərfəlidir. Konkret olaraq bizim filmimizi tərifləmək istəmirəm, amma fakt faktdır: birinci “Oğlan evi” bir aydan da az bir müddətdə təkcə Youtube-da milyondan çox tamaşaçı tərəfindən izlənilib. Kinoteatrlardakı tamaşaçıların sayını da buna əlavə etsək, kifayət qədər böyük tamaşaçı, belə deyək, hədəf auditoriyası əmələ gəlir.

Və bundan çıxan nəticə heç də “biz necə də yaxşıyıq, şedevr çəkmişik” deyil, xeyr. Buradan çıxan nəticə budur: biz ilk addımı atmağa, sabah artıq bizə divident gətirəcək ilk ciddi kapitalları cəlb etməyə müvəffəq olmuşuq. Bu isə o deməkdir ki, biz yenə çəkə bilərik, lazımi təcrübəni qazana, bacarıqlarımızı artıra, yeni janrlara müraciət edə bilərik və s.

Çoxları bu gün bizi komediyaya üstünlük verməkdə qınayır. Amma bu, bağışlayın, janrın klassikasıdır: insanlar həmişə komediyaya gedir, xüsusən, böhran dövründə. Kommersiya kinosu sahəsində yeni başlayanlar kimi biz təkcə kinoya sevgimizi deyil, hər şeyi nəzərə almalıyıq. Biz milyoner deyilik ki, sadəcə pul yatıraq, yeri gəlmişkən, bizdə heç pul da yoxdur. Biz kinonu sevirik, gördüyümüz işi sevirik, amma zamanla hansısa hiss olunan gəliri əldə etmək üçün mütləq biznes planı tərtib edirik. Bu gün bu, hələlik, sadəcə olaraq mümkün deyil.

Bu gün Azərbaycanda kinonu romantiklər, mənfəətpərəst insanlar və kino ilə “uzunmüddətli münasibətləri” hədəf alan insanlar çəkir.

Ölkəmizdə kommersiya kinosu bazarını məhz sonuncular inkişaf etdirəcək. Və məhz onlar başa düşürlər ki, əvvəlcə reytinqə, tamaşaçı cəlb etməyə üstünlük vermək lazımdır. Amma – bu, mütləqdir – eyni zamanda həmin tamaşaçıya müəyyən “mesajı” çatdırmağa çalışmaq lazımdır. Əsasən kino tamaşaçını mütləq tərbiyə etməli, ona yaxşı, xoş şeylər öyrətməlidir.

Bu gün yerli kino istehsalçılarından həddindən artıq çox şey tələb etmək doğru deyil. Bizim kinematoqraf neçə il “yatıb”? Amma, axı dünya kino sənayesi yerində durmayıb. Və bu gün itirdiyimiz vaxtın yerini doldurmalıyıq. Odur ki, bu gün artıq yerli tamaşaçının etibarını və marağını qazanmağa nail olmağımız böyük üstəgəldir. Və sabah, obrazlı şəkildə desək, biz daha da irəli gedə bilərik.

Ticari cəhətdən həmin Rusiya və ya Türkiyə, Avropa və Amerika ilə rəqabət aparmaq üçün daxilən və yaradıcı cəhətdən böyümək vacibdir. Təcrübə lazımdır, günlük təcrübə, biz bu gün məhz bunu edirik. Biz, faktiki olaraq, öz kinomuzu çəkərkən həm öz səhvlərimiz, həm də başqalarının səhvləri üzərində öyrənirik. Bundan başqa, biz böyük ciddi kinoya, artıq dediyim kimi, maliyyə cəhətdən də hazır deyilik. Buna görə əvvəlcə ciddi peşəkarları, mütəxəssisləri yetişdirmək lazımdır. Bunun üçün isə işləmək lazımdır! Kino çəkmədən ciddi kino xadimi kimi formalaşmaq qeyri-mümkündür.

Keyfiyyətli yerli kino çəkmək üçün xarici mütəxəssislər dəvət etmək variantı da heç də düzgün deyil. Bəli, o, keyfiyyətli “mənzərə” və “səs” çəkəcək. Amma bu kinoda Azərbaycan ruhu olmaz. Axı kino çox incə bir substansiyadır və gələcəkdə həqiqətən yaxşı Azərbaycan kinosunun yaranması üçün onun üzərində rejissorlarımız, operatorlarımız, səs rejissorlarımız, aktyorlarımız və s. işləməlidir. Mütəxəssislərimizi yetişdirmək və tərbiyə etmək lazımdır, eləcə də tamaşaçımızı yetişdirmək və tərbiyə etmək lazımdır.

Dövlət dəstəyi haqqında

Mədəniyyət və Turizm Nazirliyi əsasən “festival filmlərinin” çəkilməsini hədəfə götürüb, onların vəzifəsi dünya ictimaiyyətini ölkəmizin ənənələri, tarixi və mədəniyyəti ilə tanış etməkdir. Bu, şübhəsiz, mühüm və zəruridir. Amma təəssüf ki, bununla pul qazanılmır.

Kommersiya kinosu ilk növbədə “pop-mədəniyyət” elementidir, çünki kütləvi tamaşaçı cəlb etmək üçün hamının baxacağı blokbaster (və ya şlyager) yaratmaq lazımdır. Bu, bu və ya digər ölkəni bütün dünyada reklam edən futbol kimidir. Bəli, artxaus kino da məşhur ola bilər, amma yalnız müəyyən dairələrdə. Amma, yalnız “pop-film” böyük gəlir gətirə bilər.

Belə filmlərə dövlət pul ayırmır, sadəcə o səbəbdən ki, belə layihələr kifayət qədər bahadır. Heç istəmirik də, yalnız dəstək almaq bizə kifayətdir. Bu mənada Kino Fondu yaratmaq yaxşı qərar olardı, potensial xit yaratmaq istəyən hər kəs müəyyən məbləğ əldə edə bilərdi. Başa düşmək lazımdır ki, kino sənayesinə nə qədər çox insan cəlb olunsa, rəqabət o qədər çox olacaq və müvafiq olaraq, yekun məhsulun səviyyəsi də yüksək olacaq.

Bundan başqa, bu gün bu, xüsusilə vacibdir – son vaxtlar mədəni dəyərlərimiz də devalvasiya edib. Və dövlət həmin Mədəniyyət və Turizm Nazirliyinin qismində kommersiya kinosundan tamaşaçıların şüuraltına zəruri təbliğatı yeritmək üçün platforma kimi istifadə edə bilərdi.

Yeniyetmə bu gün filmlər vasitəsilə müəyyən “mesajlar” alır, bu “mesajlar” onu tərbiyə edir. Niyə bu filmlərə ailə dəyərləri, dostluq, sədaqət haqqında “mesajlar” yerləşdirməyək? Biz kino istehsalçıları kimi bu gün öz səviyyəmizdə bunu etməyə çalışırıq. Amma bizim sayımız daha çox olmalıdır. Və məni təəccübləndirir, niyə Mədəniyyət və Turizm Nazirliyinin şəxsində dövlət belə sifarişi gənc kinematoqrafçılara verib, eyni zamanda istehsalatlarına kiçik kapitallarla onları dəstəkləmir? Çox təəssüf ki, bizdə Kino Fondu yoxdur, onun olması isə zəruridir. Çünki konkret və lazımlı bir şey etmək istəyən və ən əsası, bunu bacaran çox sayda istedadlı kreativ gənclər var. Belə olarsa, beş il sonra real nəticələr, o cümlədən iqtisadi nəticələr görmək olar.

Məqalə Aİ – Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” Proqramı ilə əməkdaşlıq çərçivəsində  hazırlanmışdır.

www.culturepartnership.eu 

www.facebook.com/culturepartnership

Natali Aleksandrova

Fotolar müsahibə qəhrəmanları tərəfindən təqdim edilib

Paylaş:
2682

Sizin üçün xəbərlər

Son xəbərlər

Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04
Bütün xəbərlər