Biznes incəsənət kimi, və ya zərgərlik brendi Azərbaycanda kreativ iqtisadiyyatın elementinə necə çevrilə bilər - FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Biznes incəsənət kimi, və ya zərgərlik brendi Azərbaycanda kreativ iqtisadiyyatın elementinə necə çevrilə bilər - FOTO

12:37 - 16 / 11 / 2016
Biznes incəsənət kimi, və ya zərgərlik brendi Azərbaycanda kreativ iqtisadiyyatın elementinə necə çevrilə bilər - FOTO

Keçən əsrin sonlarında sivilizasiyanın inkişafında baş vermiş qloballaşma və yeni iqtisadiyyat (biliklərin iqtisadiyyatı) kimi əsaslı dəyişikliklər “yaradıcı iqtisadiyyat” adlanan yeni sektorun formalaşması və inkişaf etməsi üçün zəmin yaratdı.

Yaradıcı iqtisadiyyatın dinamik inkişafı daha çox ABŞ, Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya və Honkonqda müşahidə olunur. Bu, qeyd olunan ölkələrdə iqtisadiyyatın yaradıcılıq sektorunun mədəniyyət və yaradıcılıq resurslarının qeydə alınmasına həsr edilmiş tədqiqatların nəticələrində bir daha təsdiqini tapır. Qeyd etmək lazımdır ki, yaradıcı iqtisadiyyat aşağıdakı sahələrdən təşkil olunur: KİV, kinematoqrafiya, musiqi, oyun avtomatları üçün əyləncə xarakterli proqram təminatları, kompüter oyunları, elmi tədqiqatlar və s. Misal üçün, ABŞ-da əhalinin əsas hissəsi məhz bu sahələr üzrə işləyir.

Hazırda yaradıcı sektorun inkişafı ilə əlaqədar yeni ictimai sinif – yaradıcı sinif formalaşır. Bu termini hər kəsdən öncə Riçard Florida (amerikalı iqtisadçı – red.) eyniadlı bestselleri "Yaradıcı sinif: gələcəyi dəyişən insanlar" kitabında istifadə edib. Florida eyni zamanda yaradıcı iqtisadiyyat sahəsində işləyən yeni işçi sinfini aşkar edib. Bunlar reklam, memarlıq, incəsənətin təsviri-incəsənət, dizayn, dəb, kino, musiqi, teatr, ədəbiyyat kimi müxtəlif sahələri, nəşriyyat işi, yeni növ oyuncaqların və kompüter oyunlarının işlənib-hazırlanması üzrə işləyən adamlar, habelə radio və televiziya işçiləridir.  Florida alimlərin, aktyorların, yaradıcı təfəkkürə və orijinal, qeyri-ənənəvi ideyalara həyat vermək qabiliyyətinə sahib olan istedadlı adamların iqtisadiyyatın inkişafına verdiyi töhfəyə də diqqət göstərib. İnkişaf etmiş iqtisadiyyatlarda ən yüksək əlavə dəyəri məhz bu adamlar yaradır.

Beləliklə, günümüzdə iqtisadi inkişaf bilavasitə istedadlı adamlardan asılıdır. Bu zaman yaradıcı düşünən insanlara tələbat elmi tədqiqatlara kapital qoyuluşunun artmasına mütənasib şəkildə artır.  Misal üçün, ABŞ-da keçən əsrin 50-ci illərindən başlayaraq yaradıcılıq fəaliyyətinin inkişafına kapital qoyuluşunun miqdarının tədricən artımı baş verir. 1953-cü ildə bu sahəyə qoyulan 5 trilyon dollara yaxın sərmayənin həcmi artaraq 2000-ci ildə təxminən 250 trilyon dollara çatıb!  Elmi tədqiqat və işlərə sərmayə qoyuluşlarının artması nəticəsində hər il təqdim edilən patentlərin də sayı artıb.

Ən vacibi isə odur ki, yaradıcı iqtisadiyyat intellektual kapitalın qeyri-məhdud potensialına əsaslanır. O, iqtisadi proseslərə getdikcə daha çox təsir göstərən tükənməyən resursdur. İnsanın yaradıcılıq potensialının tükənməyən ehtiyat olmasına əsaslanan yeni paradiqma iqtisadi sərvətlərin məhdudluğu nəzəriyyəsini təkzib edir. Misal üçün elə qısa müddətdə dünyanın ən varlı şirkətlərindən birinə çevrilmiş “Е-bay” şirkətinin böyük uğurunu yada salaq. Onun uğurunun əsasında heç də insan əməyinin və kapitalının kəmiyyət və keyfiyyətinin artırılması və ya yeni texnologiyaların əldə edilməsi durmurdu. Xeyr, bu uğur tamamilə yeni yanaşmaya dayanırdı: kapital insan resurslarına əlavə edilmişdi və bu zaman əsas olaraq artıq mövcud olan texnologiyalar (yəni, yeni texnologiyalara sərmayə qoyulmamışdı) götürülmüşdü.  Uğuru təmin edən əsas amil isə təsisçilərdən birinin yaradıcı ideyası olmuşdu.

Düzdür, bu, sadəcə yaradıcılığın istehsal prosesi üçün kifayət etdiyini göstərmir. Lakin belə bir nəticəyə gəlmək olar ki, müasir texnoloji yetkinlik platformasına və yığılmış kütləvi biliklər bazasına əsaslanan fikir və ideyaların sayı qeyri-məhduddur. Üstəlik, əhalinin geniş təbəqələri bu yeni məhsulları işlətməyə qadirdir.

Qeyd edək ki, hazırda mədəniyyət və yaradıcılıq sahələrinin dövriyyəsi təxminən 1,3 trilyon dollar təşkil edir, onun artım sürəti isə sənaye və xidmət sahələrini qabaqlayır. Yalnız mədəni turizm dünya turizm sahəsi gəlirlərinin təqribən 40%-ni verir və son on il ərzində stabil artım nümayiş etdirir. Son 10 ildə ümumdünya yaradıcı əmtəə dövriyyəsinin və xidmətlərinin həcmi demək olar ki, iki dəfə artıb və 624 milyard ABŞ dollarına çatıb.

Yaradıcı iqtisadiyyat iqtisadi xeyirlə bərabər həm də qeyri-maddi dəyərlər yaradır və insanın ehtiyaclarına istiqamətlənmiş stabil inkişafa təminat verir. "Yaradıcı iqtisadiyyat" anlayışına yaradıcı şəxslərin azad surətdə öz işlərini təqdim etməsi, rəy mübadiləsi və ideyaları ilə bölüşməsi üçün yaradılmış məkanlar da daxildir. Axı günümüzdə ən böyük uğuru, ən əsası isə, şəxsi məmnunluq hissini artıq pullar və ya texnologiyalar deyil, məhz ideyalar gətirir.

Bundan başqa, yaradıcı iqtisadiyyat istehsalata, xidmətlərə, ticarətə və əyləncə sahələrinə yeni həyat verir. O, insanların yaşamaq, işləmək və təhsil almaq istədikləri, düşündükləri, kəşflər etdikləri və yaradıcılıqla məşğul olduqları mühiti dəyişdirir.

Bəs informasiyanın adi bir şeyə çevrildiyi əsrimizdə istehlakçını sadə və standart metodlarla cəlb etməyin, demək olar ki, mümkün olmadığı biznes haqqında nə deməli? Hazırda novatorluqla daima əl-ələ hərəkət edən yaradıcı yanaşma kiçik və ambisiyalı startapların Günəşin altında yer almasına kifayət qədər səmərəli şəkildə kömək edir. Bu startaplardan bəziləri bu və ya digər bazarda mövqe tutmaq üçün mübarizə aparmaqla kifayətlənmir, indiyə qədər məlum olmayan və ya sadəcə “unudulmuş”, tamamilə yeni bazar seqmentləri yaradırlar. Belə hallarda yaradıcılığın ilham qaynağı çox vaxt mədəni dəyərlər olur.

Bir neçə il əvvəl biz buna misal ola biləcək bir haldan bəhs etmişdik.  Dörd il əvvəl, gənc biznes-ledi Rəsminə Qürbətova elə ilk görüşümüzdəcə bizə özünün zərgərlik brendinin məhsullarının təqdim edəcəyi butik açmaq arzusundan danışmışdı. Cəmi iki il sonra o, arzusunu reallaşdırdı.

Hazırda “Rəsm” brendi Azərbaycanın hüdudlarından kənarda da məşhurdur, Rəsminənin özü isə biznesinə göstərdiyi ahəngdar yanaşması ilə heyrət doğurur.

"Rəsm" nədir və dünyaca məşhur Azərbaycan xalılarının ornamentlərini və Azərbaycanın hazırda müəyyən mənada "yaradıcılıq böhranı" keçirən zərgərlik bazarının ənənələrini bir brenddə birləşdirmək necə mümkün olub?

Materialımızda və sahibkar Rəsminə Qürbətova ilə söhbətimizdə bütün bunlar haqqında məlumat ala biləcəksiniz.

Statistika nəyi göstərir?

Təəssüf ki, günümüzdə Azərbaycanda zərgərlik bazarı hər hansı şəkildə araşdırılmayıb. Analitiklər bazar həcminin artması və ya azalmasının dinamikası üzrə statistikanı ancaq xəyal edə bilərlər. İdxal və ixrac məlumatlarının vəziyyəti bir az yaxşıdır. Ancaq burada da rəqəmlər daha çox ümumiləşdirmə xarakteri daşıyır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 64 milyon 878,21 min dollar məbləğində qeyri-üzvi kimya məhsulları, qiymətli metalların, nadir torpaq metallarının, radioaktiv elementlərin və ya  izotopların qeyri-üzvi və ya üzvi birləşmələri idxal olunub. Bu göstərici 2015-ci ilin eyni dövrünün göstəricisi olan 66 milyon 716,96 min dollardan 2,76% aşağıdır.

Qeyd edilən məhsulların ixracı 3 milyon 340,35 dollar təşkil edir. Bu, keçən ilin 9 ayının yekunlarına görə qeydə alınmış göstəricidən (4 milyon 099,99 min dollar) 18,53% aşağıdır.

Bundan başqa, ölkəyə idxal edilən təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijüteriya və sikkələrin dəyəri 23 milyon 340,07 min dollara bərabər olub. Bu, 2015-ci ilin 9 ayının göstəricisindən (5 milyon 367,4 min dollar) 4,35 dəfə (334,85%) çoxdur. 

Bu məhsulların ixracı 59 milyon 854,36 min dollar təşkil edib keçən ilin analoji dövrü (62 milyon 727,91 min dollar) ilə müqayisədə 4,58% aşağı düşüb.

Bir sıra ekspertlərin rəyinə görə, bu statistika dövlət başçısının göstərişlərinə əsasən gömrük sahəsində həyata keçirilmiş və gömrük məntəqələrində nəzarətin yaxşılaşmasına, işin şəffaflığının artmasına səbəb olmuş islahatla izah oluna bilər.

Bazarın incəliklərinə varmaq üçün müxbirlərimiz bazar iştirakçıları arasında sorğu və monitorinq həyata keçirdilər. Nəticələr zərgərlik məmulatları bazarının idxaldan asılı olduğunu, daxili istehsalın isə uzun illər boyunca yalnız xarici hazır məhsulların surətinin çıxarılmasından ibarət olduğunu göstərdi.

Xarici məhsullara öyrəşmiş istehlakçıların tələbatını da bazardakı vəziyyətin bu cür olması formalaşdırır.

Çətin iş

Təcrübəli zərgərlər də taleyin şəxsi milli zərgərlik brendini yaratmaq və təşviq etmək istəyənlərə qarşı lütfkar olmayacağından əmindirlər.

Belə ki, zərgər Rüfət Əliyev 1news.az internet saytının müxbiri ilə söhbətində qeyd edib ki, “hazırda şəxsi zərgərlik məmulatlarının istehsalı, xüsusən də şəxsi milli brendin təşviq edilməsi ilə bağlı müəyyən problemlər müşahidə olunur”.

O hesab edir ki, günümüzdə ən böyük çətinlik lazımi texnoloji avadanlıqların satınalınmasındadır:

“Onlar daima təkmilləşdirilir və onların satınalınması kifayət qədər baha başa gəlir. Nəticədə hətta hansısa zərgər yeni milli brendin şəxsi istehsalına başlamaq qərarına gəlsə belə, bu cür kapital qoyuluşu günümüzdə özünü, çox böyük ehtimalla, doğrultmayacaq.  Qeyd edim ki, bir il əvvəl, bu, hələ mümkün idi, amma indi – milli valyutanın kursu və əhalinin alış qabiliyyəti düşdükdən sonra belə qərarın məqsədəuyğun olacağını güman etmirəm”.

Təcrübəli zərgərin fikrincə, avadanlığın bahalılığı ilə əlaqədar belə bir risk də var ki, avadanlıq öz dəyərini belə çıxarmağa qadir olmasın:

“Nəticədə elə alınacaq ki, zərgərin ən yaxşı halda müəyyən miqdar daimi müştərisi olsa belə, avadanlıq çox vaxt boş dayanacaq. Bu o deməkdir ki, o, birincisi, xarab olacaq. İkincisi, müəyyən vaxtdan sonra, o, köhnəlmiş olacaq, çünki zərgərlik məmulatları bazarı daima inkişaf edir.

Peşəkar kadrlara gəldikdə isə, Azərbaycanda işini bilən zərgərlər çoxdur. Sizə bir peşəkar kimi deyə bilərəm ki, bizim zərgərlər yalnız italyanlardan geri qalır”, – deyə zərgər bildirib.

“Moskva” Ticarət Mərkəzinin direktor müavini Anar Babayev də bazarın vəziyyəti haqqında fikirlərini 1news.az-la bölüşdü:

“Ticarət mərkəzimiz uzun illərdir kifayət qədər geniş sahəsini zərgərlik məmulatlarının ticarəti üçün icarəyə verir. Əlbəttə ki, son illərdə aktivliyin müəyyən qədər azalması haqqında danışmaq olar.

İcarədarlarımızın sözlərinə görə, səbəb idxal edilən malların istər-istəməz bahalaşması və nəticədə alış qabiliyyətinin azalmasıdır. Eyni zamanda müştərilərin aktivliyində psixoloji səbəblərdən də müəyyən azalma müşahidə olunur. Bir çoxları xərclərini azaldaraq qənaət etdikləri məbləği mümkün qədər artırmağa çalışır. Bütün bunlar bazarın artımına mənfi təsir göstərir.

Bununla belə, bazarda vahimə və çaşqınlıq əhval-ruhiyyəsi yoxdur. Cəmiyyətimizin zərgərlik məmulatlarına ənənəvi münasibətini nəzərə alsaq, onlara tələbat həmişə var. Sadəcə bazar təbii şəkildə müvazinət nöqtəsini tapmalıdır”, – ticarət mərkəzinin nümayəndəsi belə hesab edir.

Gənc brendin ambisiyaları

“Mən belə məsələlərdə sadəcə rəqəmlərə əsaslanmıram. Sadəcə dörd il keçəndən sonra birdən başa düşdüm ki, nə vaxtsa sadəcə böyük arzu olan şey mənim üçün gündəlik işə çevrilib.

Mənim daimi işimi tərk edib öz biznesimi qurmağım yaxınlarım üçün əsl şok oldu. Elə mən özüm də “Rəsm”in yaranması üzərində işləyərkən bu işin məni özünə belə əsir edəcəyini düşünmürdüm. İndi isə başa düşürəm ki, mənim başqa yolum yox idi.

Amma əsas odur ki, indi – dörd ildən sonra belə mən əsas xüsusiyyəti milli ornament və naxışların istifadə edilməsi olan zərgərlik məmulatları ilə işləməyə başladığım həvəslə işimə davam edirəm. Əsas məqsədim isə mədəni irsimizin təşviq edilməsi və populyarlaşdırılmasıdır”, – Rəsm zərgərlik brendinin əsasını qoymuş Rəsminə Qürbətova 1news.az-la söhbətində dedi.

– Həvəs nəyə görə dəyişməyib: şəxsi işiniz daxili məmnuniyyət gətirdiyinə, yoxsa gəlir gətirməyə başladığına görə?

– Hər iki səbəbdən. Amma mənim üçün əsas stimul məşğul olduğum işdən aldığım emosional həzdir. Əminəm ki, ürəyini və ruhunu qoyduğun hər şey həmişə nəticə verir. Üstəlik, işə belə münasibət hansısa nailiyyəti daxili məcburiyyət hissinə görə deyil, işinizi sevdiyiniz üçün qazanmağınıza təkan verir. Həm də... Mən işimi “100% biznes” adlandırmazdım.

– Bunu necə başa düşək?

– Çox vaxt biznesdə deyirlər ki, "işə özünü tamamilə verib günün 24 saatı işləməlisən. Mən nə əvvəllər, nə də indi belə fikirləşməmişəm. Zamanla başa düşürsən ki, işə belə münasibət göstərmək özünü həlak etməkdir. İşi nə qədər sevirsən-sev, işdə "yaşamaq" olmaz. Yoxsa ya dəli olacaqsan, ya da emosional olaraq tükənəcəksən.

Mən indi “Rəsm”ə yolumun əvvəlində olduğu kimi, sevimli işim kimi, övladım kimi baxıram... Düzdür, o, həm də biznesdir.

Bir az zəhmət versəm, hansısa heyranedici effektə kifayət qədər tez nail ola bilərəm. Amma bu zaman anlasam ki, özümü bu "sıçrayışa" yorğunluq, ilhamın olmaması və ya hər hansı başqa səbəbdən tam həsr edə bilməyəcəyəm, onda bunu etməyəcəyəm. Ona görə ki, məncə, belə hallarda iş mənim çəkdiyim zəhmətə dəymir.

Əlbəttə, şəxsi işinin olması yalnız özünün qarşısında deyil, işin başqa iştirakçıları qarşısında da məsuliyyət daşımaq deməkdir. Buna görə də, mən qərarlarımı mümkün qədər götür-qoy edib verməyə çalışıram. Amma mən yenə də insanam və bəzən uğurlu, bəzən isə yanlış qərarlar qəbul edirəm. Ən əsası odur ki, bu və ya digər müvəffəqiyyətimi təhlil edərkən, onu qazanarkən emosional olaraq böyük məğlubiyyətə uğradığımı başa düşməyim.

Mənim istədiyim “Rəsm”in tədricən, yavaş-yavaş inkişaf etməsidir.

– Bu dörd il ərzində hər şeyi atmaq istədiyiniz olubmu?

– Olub. Bəzən hisslər ağıla üstün gəlir. Onda bir az gözləmək, sakitləşdikdən sonra hər şeyi təhlil edib nə etmək lazım olduğunu, hansı hədəfin doğru olduğunu başa düşmək lazımdır.

– Çoxları hələ də əmindir ki, şəxsi biznes yalnız iki komponentdən ibarətdir: boş vaxtdan, bir də böyük qazancdan. Siz isə, xatırladığım qədəri ilə, özünüz üçün qat-qat daha çox işləmək lazım olduğunu qeyd etdiniz. Bəs indi necə? Vaxtınızın istirahətə də yetməsi üçün hansısa qrafik hazırlaya bilmisiniz?

– Sözsüz ki, zamanla vaxtını daha effektiv şəkildə planlaşdırmağı öyrənirsən. Amma iş günü yenə də standart deyil. Sadəcə prioritetləri əsas tutub hərəkət etmək lazımdır. Bunun üçün isə prioritetləri düzgün qoyulmalıdır. Elə vəzifələr var ki, onlar yalnızca sənə aid olmur, onda şəxsi planlarını unutmalı olursan. Amma məncə, bu, tamamilə normal və düzgündür.

Mən “Rəsm”i əvvəldən nəticələri məndən sonra qalacaq bir iş hesab etmişəm. O, mənim salacağım izdir... Bəlkə də, kimsə bunun həddindən artıq pafoslu səsləndiyini düşünəcək, amma bu, mənim məşğul olduğum işə səmimi münasibətimdir. Həmişə istəmişəm ki, bəzək əşyalarımız nəsildən-nəslə keçsin. Bu isə o deməkdir ki, bu işin banisi kimi mənim də xatirəm yaşayacaq. Məni sevindirən və mənə ilham verən budur.

– Rəsminə, siz mənə sərgidə iştirak etməyinizdən və “Rəsm”i müstəqil brend kimi təqdim etmək arzunuzun yaranmasından bəhs etmişdiniz. Bu istiqamətdə uğur qazanmısınızmı?

– Bu yaxınlarda biz Bazeldə (İsveçrə) qiymətli əşyalar və saatların beynəlxalq sərgisində iştirak etmişdik. Orada “Rəsm”i çox müsbət qiymətləndirmişdilər. Artıq əməkdaşlıqla bağlı bəzi razılaşmalara da nail olmuşuq.

Bu günlərdə biz “Rəsm”i Parisdə “Village d'Azerbaidjan” mədəni tədbirində təmsil etmişik. Sərginin açılışında biz Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevaya və qonaqlara ornament və tarixi abidələrdən ilhamlanmış kolleksiyamla yanaşı, yeni "Azərbaycan Xəritəsi" kolleksiyamı da təqdim etdik. Bu kolleksiyanın Bakıda təqdimatı tezliklə baş tutacaq. Biz bu xəritəyə əsasən sərginin qonaqlarına Azərbaycanın hər regionu haqqında danışdıq.

– İki il əvvəl siz demişdiniz ki, geniş ictimaiyyət üçün münasib olan qiymətdə kolleksiya yaratmaq istəyirsiniz.

– Bəli, o vaxt bu, yalnız arzu idi. Son iki il ərzində biz məhsulların yüksək keyfiyyətini saxlayaraq onların qiymətini daha münasib etmək üzərində işləmişik. Bu "qızıl orta"ya nail olmağımızın nəticələrini ictimaiyyətə tezliklə təqdim edəcəyik. Sadəcə mən əvvəlcə qarşımıza qoyduğumuz məqsədə – bəzək əşyalarını nəsildən-nəslə ötürmək üçün məhsullarımızın əsl qiymətə malik olmasına sadiq qalmaq istəyirəm.

– Siz brendin bütün kolleksiyalarının dizayn müəllifisiniz. Yeni ideyalarınız haradan qaynaqlanır?

– Əslində, onlar həmişə gəlir. Onlar tükənmir, sadəcə şəkil dəyişdirirlər. Həm də, mən özümün mənə bəzən mane olan bir xüsusiyyətimlə mübarizə aparıram. Mən yaratdığım hər şeyi daima daha mükəmməl etməyə çalışıram.

– Rəsminə, siz başqa biznes layihəsinə başlamaq istəmirsiniz?

– Yox, hələ ki belə istəyim yoxdur. Amma sosial layihələrlə daha yaxından məşğul olmaq istəyirəm. Bu yay bir neçə belə layihəni artıq həyata keçirmişik. Bu, “Rəsm”in Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Uşaqlar üçün Rəssamlıq Qalereyasında keçirdiyi mühazirə tsiklidir. Mən uşaqlara milli ornamentlərin tarixi haqqında danışdım, uşaqlar isə bu mövzuda rəsm sərgisində iştirak etdilər. Bu təcrübə mənim çox xoşuma gəlir və bu istiqamətdə işləməyə davam etmək niyyətindəyəm. Brendim üzərində işlədiyim illər ərzində bir çox yeni biliklər əldə etmişəm və onları paylaşmağa artıq səbirsizlənirəm. Yeri gəlmişkən, bu, bizim brendin əsas ideyası ilə, yəni milli mədəniyyət və incəsənətimizin populyarlaşdırılması ilə də səsləşir.

– Bəs siz Azərbaycanda sahibkarlığın hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? İndi öz işini açmağın, deyək ki, 2000-ci illərdən daha çətin olmasından şikayətlənənlərlə razısınızmı?

– Mənim üçün bu dövrləri müqayisə etmək çox çətindir, çünki 2000-ci illərdə öz işimi aparmaqdan hələ çox uzaq idim, amma bu söhbətləri mən də eşitmişəm. Məncə, bütün məsələ ondadır ki, ölkənin qanunvericiliyi də indi inkişaf edir, yeni məhdudiyyət və qaydalar yaranır. O vaxt işlərin nisbətən asan getməsinin səbəbi isə məhz qaydaların olmaması idi. Həm də o vaxt bazar da daha azad idi: yəni bazar seqmentlərinin, demək olar ki, heç biri məşğul deyildi, bu da bacarıqlı adamlar üçün sözsüz üstünlükdür. Bununla belə, öz işini aparmaq tam realdır. Asan deyil, amma realdır.

– Rəsminə, bəs Azərbaycanın zərgərlik məmulatları bazarının indiki vəziyyətini necə qiymətləndirirsiniz?

– Bir müddət davam etmiş durğunluqdan sonra Azərbaycanda zərgərlik sektorunun yenidən inkişaf etməyə başladığını görmək mənim üçün xoşdur. Məncə, sektor yaxın gələcəkdə keyfiyyət və yaradıcılıq baxımından inkişaf gedəcək. Ən azından buna ümid edirəm. Ölkəmizdə bu sektorun böyük potensialı var və onun reallaşması zəruridir.

Ümumiyyətlə, Bakı həmişə zərgərləri ilə tanınıb. Sovet dövründə Bakı zərgərlik fabriki istehsal etdiyi bəzək əşyalarının keyfiyyəti və gözəlliyinə görə Sovet İttifaqında ikinci yer tuturdu. Lakin o vaxtlar bəzək əşyalarının dizaynında indiki müxtəliflik yox idi. Modellərin 10-a yaxın növü var idi. Bununla belə, onlar çox məşhur idi.

Zərgərlik məmulatları bazarının əsas fərqi isə alıcıların psixologiyasının dəyişməsindədir. Yəni əvvəllər biz "hamıda olandan" almaq istəyirdik, çünki bu, birincisi baha idi, ikincisi də prestijli.

İndi alıcıların istəkləri başqadır – onlar "yalnız özlərində olan" bəzək əşyası, yəni eksklüziv almaq istəyirlər. Bundan başqa, vacib bir qeyd etməliyəm ki, indi Azərbaycan alıcısı məhz yerli məhsullara üstünlük verir, qiymətli əşyanı alarkən onun yaşadığı müstəqil ölkədə istehsal edilməsindən də qürur duymaq istəyir.

– Başqa hansı çətinliklərlə üzləşmisiniz? Bakıda fərdi qaydada işləyən zərgərlər həmişə olub. Amma bəzi hallarla bağlı bağlanmış fabrik də var. Bu çətinliklər özəl sektorda da özünü göstərməyə bilməzdi.

– Fabrik Sovet İttifaqı dağılanda bağlandı. Ona görə də, onun bağlanması konkret olaraq mənim biznesimə təsir etməyib – mən işimi çox-çox sonralar açmışam. Amma fabrikin bağlanması, şübhəsiz ki, zərgərlik məmulatları bazarındakı vəziyyətə ümumilikdə təsir göstərib. Çünki bundan sonra ölkəyə xaricdən gətirilmiş zərgərlik mallarının böyük axını müşahidə olundu. Yeni gələn məhsullar bazarda o vaxt olan mallardan keyfiyyətcə çox üstün olduğundan bazarda disbalans yarandı. Bir çoxları rəqabətə tab gətirməyib zərgərlik mallarının istehsalından çəkildilər. Bəziləri fəaliyyət sahəsini kökündən dəyişdi, bəziləri isə kiçik "butiklər" açıb xarici məhsulların idxalı ilə məşğul oldu. Tək-tük adam çox vaxt əl ilə işləyərək müstəqil istehsala davam etdi.

Bu yerdə qeyd etməliyəm ki, o vaxtlar xaricdə artıq zərgərlik məmulatlarının istehsalı üçün yeni texnologiyalar istifadə olunurdu və geniş yayılmışdı. Bizim üçün isə bu tam yenilik idi. Lakin tədricən məhsulların burada da istehsal edilməsi üçün avadanlığın Azərbaycana da idxalı başladı. Amma idxal, əlbəttə, Sovet İttifaqı dövründə olduğundan daha kiçik miqyasa malik idi.

Üstəlik, yeni avadanlıq əl əməyindən demək olar imtina edilməsini (işin son mərhələsi istisna olmaqla) tələb edir. Bütün işləri "3-D" printer görür.  Bu, zərgərin işini asanlaşdırdığı üçün bir tərəfdən yaxşıdır. Digər tərəfdən də, bazara bir hissəsi xaricdən gətirilən saysız-hesabsız saxta mallar çıxdı. Alıcı bunu başa düşdü və alternativlər axtarmağa başladı.

Dünyanın aparıcı zərgərlik brendlərində olduğu kimi əməyin ixtisaslaşmasına başladıqları üçün bir az qabağa çıxmağa başlayan kiçik bizneslər sonradan yaranmağa başladı.

– Amma istehsal ancaq avadanlıqdan ibarət deyil. Bu, həm də kadrlar, yəni ustalar və xammal deməkdir. İndi deyək ki, xammalın idxalı ilə bağlı hər hansı çətinlik varmı?

– İdxalla bağlı yox.  Bu baxımdan nə gömrük, nə də vergi yoxlaması ilə problem yoxdur. Qanunları bilmək və bütün qaydalara riayət etmək kifayətdir. Kadrlarla iş isə bir az çətindir. Bizim xarici istehsalçılardan geri qalmağımızın əsas səbəbi istehsalın dəqiq ixtisaslaşması ilə təşkil edilmiş bizneslərin olmamasıdır.

Bizdəki kiçik müəssisələrdə ya hər kəs bir neçə "vəzifəni" yerinə yetirir, ya da kiçik özəl "zərgər dükanlarında" usta və şagirdi işləyir.  Amma yerli istehsaldan olan keyfiyyətli eksklüziv zərgərlik mallarına tələb artıq mövcud olduğu üçün, məncə, bu, tezliklə dəyişəcək və istehsal genişlənəcək.

– Zərgərlik bazarına həsr edilmiş məqalələrdən birində oxumuşdum ki, özünün zərgərlik istehsalını açmaq üçün təxminən 10 min dollar miqdarında ilkin kapital lazımdır. Bu məbləğ doğrudan bəs edir?

– Xeyr. Söhbət istehsaldan gedirsə, bu, çox aşağı salınmış rəqəmdir. Bu vəsait ancaq kiçik mağaza açmağa kifayət edər.

– Rəsminə xanım, bəs məhsullarınızın saxtasının hazırlanması ilə üzləşmisiniz?

– Təəssüf ki, qarşılaşmışam. Bütün məhsullarımız patentləşdirilmiş olsa da, saxtalaşdırma olub, həm də bir dəfə yox. Əlbəttə, mən başa düşürəm ki, bu, “Rəsm” bəzək əşyalarının tanınmasından xəbər verir, amma bu, mənə ağır gəlir. Çünki biz hər məhsula, hər kolleksiyaya böyük zəhmət, hisslər, vaxt sərf edirik, sonra isə kimsə sadəcə onların surətini çıxarır. Saxta məhsulların keyfiyyəti orijinallardan çox-çox geri qalır. Amma, bununla mübarizə aparırıq.

– Əvvəl siz istehsalı yalnız xaricdə həyata keçirirdiniz. Bəs indi?

– İndi biz yerli ustaları da işə cəlb edirik və müvafiq olaraq istehsal burada da aparılır. Hətta məhsullarımızın böyük hissəsini Azərbaycanda istehsal edirik. İşini bilən peşəkarlarımız az deyil, əsas olan, onları tapmaq və işə maraq oyatmaqdır.

Natali Aleksandrova

Foto: Lalə Quliyeva

Məqalə Aİ – Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” Proqramı ilə əməkdaşlıq çərçivəsində (və ya dəstəyi ilə/yaxud birlikdə) hazırlanmışdır.

www.culturepartnership.eu 

www.facebook.com/culturepartnership

Paylaş:
4803

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər