Professor Əziz Məmmədov: “Azərbaycanda sinergetikanı populyarlaşdırmaq lazımdır” | 1news.az | Xəbərlər
Müsahibə

Professor Əziz Məmmədov: “Azərbaycanda sinergetikanı populyarlaşdırmaq lazımdır”

16:34 - 15 / 03 / 2017
Professor Əziz Məmmədov: “Azərbaycanda sinergetikanı populyarlaşdırmaq lazımdır”

Azərbaycanda bir çox insanın haqqında fikir bildirdiyi ən başlıca mövzular elmin mövcud durumu, əldə edilən nəticələr, təhsildə aparılan islahatlar və gözləntilər, problemlər və çıxış yollarıdır.

Qeyd edilən mövzular ətrafında Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə kafedrasının müəllimi, fəlsəfə elmlər doktoru, professor Əziz Məmmədovla söhbətləşdik.

Bioqrafik məlumat

20 dekabr 1938-ci ildə Şamaxı şəhərində anadan olub. 1955-1960-cı illərdə BDU-nun Fizika fakültəsində, 1962-1965-ci illərdə Fəlsəfə kafedrasında aspirantura təhsili alıb. 1967-ci ildə namizədlik, 1994-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildən BDU-nun Fəlsəfə kafedrasında işləyir.

O, Rusiya Fəlsəfə cəmiyyətinin üzvüdür, bir sıra nüfuzlu beynəlxalq elmi təşkilatlarla sıx əlaqə saxlayır. Müasir Beynəlxalq Elmlər Akademiyasının, Avrasiya İdarəçilik Elmlər Akademiyasının və Eko Energetika Elmlər Akademiyasının akademikidir.

Professor Ə.Məmmədov 300-dən artıq elmi və metodik məqalənin müəllifidir, 40 monoqrafiya və dərslik onun qələminin məhsuludur. Onun rəhbərliyi ilə 8 elmlər namizədi və 2 doktorluq dissertasiyası müdafiə edilib.

1news.az müsahibəni təqdim edir:

- Əziz müəllim, həyatınızı elmə həsr etmisiniz. İstərdim həyatınız və fəaliyyətiniz barədə məlumat verəsiniz.

- Tədqiqatçı alim və filosof olmaq etibarilə yaradıcılıq fəaliyyətim geniş və çoxsahəlidir. Bu fəaliyyəti aşağıdakı sahələrə ayırmaq olar:

Fizikanın fəlsəfi problemlərinin tədqiqi; müasir təbiətşünaslığın konseptual əsaslarının tədqiqi; idrak nəzəriyyəsi və elmi idrakın metodologiyası üzrə aparılan tədqiqatlar; mürəkkəb sistemlər üzrə aparılan tədqiqatlar; mürəkəbb sistemlər üzrə aparılan sinergetik tədqiqatlar; antropologiya üzrə aparılan tədqiqatlar.

Keçmiş sovetlər birliyində və MDB ölkələrində keçirilən bir sıra elmi konqreslərin və konfransların iştirakçısı olmuşam. Bir sıra əsərlərim Londonda, Moskvada, Rostovda, Alma-Atada və s. çap olunub.

Əsas tədqiqat istiqamətim isə fəlsəfə, təbiətşünaslığın fəlsəfi problemləri, sinergetikadır.

- Müasir dövrdə elmi tədqiqatda sinergetikanın rolu nədən ibarətdir? Azərbaycanda bu elmə maraq varmı?

- Sinergetika elmi tədqiqatların kəsişdiyi sahədir. Özünütəşkil əsasında təbiətin və ətraf mühitin vəziyyətini öyrənir. Özünütəşkil, təbiətin strukturlarının meydana gəlməsi, dayanıqlığı və məhv olması prosesini öyrənir.

Sinergetika ümumilikdə 15 elmi özündə birləşdirir. Bunu araşdıran alimlər bir çox elmi aça bilir. Təəssüf ki, Azərbaycanda bu sahə ilə cəmi 2 nəfər məşğul olur. Onlardan biri mənəm. Sinergetika sayəsində hazırda 15-20 elm haqqında dərs deyə bilərəm.

Bu yeni tədiqaqatların aparılmasına, yeni ideyaların ortaya çıxmasına təkan verir. Bu elmi Azərbaycanda populyarlaşdırmaq lazımdır.

- Azərbaycanda elmin mövcud durumunu necə qiymətləndirirsiniz?

- Bu çox çətin mövzudur. Azərbaycanda dünya elminə böyük töhfələr verən alimlər olub. Bu torpaqda müxtəlif elmi nəzəriyyələrin, kəşflərin, tədqiqatların baniləri yetişiblər.

Elm, savad, dünyagörüşü, təhsil bizim millətin genetikasında var və bu hər zaman davam edəcək. Lakin, indi keçid dövrünü yaşayırıq. Ona görə də müəyyən çətinliklər müşahidə olunur.

Əsas problemlərdən biri təminatdır. Ömrünü, bütün fəaliyyətini elmə, yaradıcılığa həsr edən bir alimin gördüyü işin qarşılığı düzgün dəyərləndirilməlidir. Elmi-texniki inkişaf etmiş ölkələrdə bu məsələyə xüsusi diqqət yetirirlər. İşin qiymətləndirilməsi yeni yaradıcılıq uğurlarına stimul verir. Qlobal miqyaslı uğurlar isə nəticə etibarilə ölkənin uğuru olur.

Elmdə müəyyən islahatlar aparılmalı, müasir dövrün tələbləri ilə uyğunlaşdırılmalıdır. Yəni, laboratoriyalarda sadəcə göbələk əkməklə elmi inkişaf etdirmək çətindir. Həm maddi-texniki baza möhkəmləndirilməli, həm də beynəlxalq təcrübə öyrənilərək yeni modellər ortaya qoyulmalıdır.

- Siz universitetdə dərs deyirsiniz. Tələbələrin bilik və bacarığını necə qiymətləndirirsiniz?

- Çox təəssüf ki, tələbələrin bilik və bacarıqlarının səviyyəsi məni qane etmir. 25-30 nəfərlik qrupa girirsən dərs deməyə, amma orada sənin dediklərini anlayan 2-3 tələbə ancaq olar. Elə bu da universiteti bitirdikdən sonra özünü göstərir. Müəllimin dediklərini anlayan, onu təcrübədə də istifadə edə bilən tələbələr ixtisası isə hazır kadr olur və rahatlıqla iş tapa bilir. Amma əzbərçiliklə məşğul olan, imtahandan-imtahana dərs oxuyanlar isə sadəcə semestri xilas etməyi düşünürlər. Belə tələbələrin sayı minlərlədir.

- Orta məktəbdən məzun olan hansı şagirdlər universitetlərdə təhsil almalıdır?

- Əslində savadlı və bacarıqlı kadrların yetişdirilmə prosesi orta məktəblərdən başlayır. Əgər orada bünövrə sağlam olsa, ali məktəbdə də bunu inkişaf etdirmək olur. Amma indi universitetlərdə çoxlu sayda təsadüfi tələbələr var.

Təhsildə islahatlar lazımdır. Hər məzunu universitetə buraxmaq olmaz. Peşə məktəblərini inkişaf etdirmək lazımdır. Yaxşı mütəxəssislər təkcə universitetdə yetişmir. Savadı olmayanlar bacarıqlı mütəxəssis kimi yetişə bilər. Savad və bacarıq fərqli anlayışlardır.

Universitetlərdə sadəcə ən yaxşılar olmalıdır. Bu zaman rəqabət də güclü olar. Sağlam rəqabət olan yerdə isə inkişaf olar.

Müsahibəni apardı Fərid Ədalət

Fotolar: Lalə Quliyeva

Paylaş:
8302

Son xəbərlər

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07
Bütün xəbərlər