SOS! Aprel qəhrəmanı ağır durumda: “İndi də onun dar günüdür...” – REPORTAJ | 1news.az | Xəbərlər
Cəmiyyət

SOS! Aprel qəhrəmanı ağır durumda: “İndi də onun dar günüdür...” – REPORTAJ

12:09 - 18 / 04 / 2018
SOS! Aprel qəhrəmanı ağır durumda: “İndi də onun dar günüdür...” – REPORTAJ

Həyat yoldaşının telefonunda Azərin iki il əvvəl çəkilmiş şəkillərinə baxırıq. Sonuncu şəkil daha çox diqqətimi çəkir. Hərbi geyimdə bir əsgər əlindəki silahdan bərk-bərk yapışıb. Başının üstündə Azərbaycan bayrağı dalğalanır.

Gözümü telefondan çəkib, yataqda ağrıdan qıvrılan Azərə baxıram. İki il əvvəl aprel döyüşlərində qəhrəmancasına döyüşən o əsgərdən əsər-əlamət qalmayıb. Üz-gözü şiş, silahdan yapışan o qolları iynədən dəlik-deşik... Başını tutub, ağrının təsirindən inildəyir...

***

Əslən Füzuli rayonunun Veysəlli kəndindən olan Azər Aslanovun 32 yaşı var. Orduya 2015-ci ildə qoşulub. Lələ Təpənin düşmən işğalından azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Azərin ən böyük arzusu doğulub boya-başa çatdığı doğma kəndi Veysəllini də bir gün Lələ Təpə kimi işğaldan azad etmək olub.

Səhhətində yaranmış problemlər Azərin bu və digər arzularını yarıda qoyur. Ötən ilin oktyabr ayında ordudan tərxis olunur. Keçmiş döyüşçü qan xərçəngindən əziyyət çəkir. Hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır.

Azərin danışmağa heyi olmadığından atası Əbülfət dayı ilə söhbətləşirik. Deyir, hər şey aprel döyüşlərindən sonra başlayıb. 

- Azər BMP-də atıcı olub. Ona qədər oğlum sapsağlam olub. Nə oldusa, o döyüşlərdən sonra oldu. Həyəcan, qorxu, stress yaratdı bu xəstəliyi.

Xəstəlik özünü 2017-ci ilin iyununda büruzə verməyə başlayıb. Onda onu Füzulidəki hərbi hospitala yerləşdirirlər. İlkin müayinələrdən keçəndən sonra Azər Bakıya - Mərkəzi Hərbi Klinik Hospitala göndərilir. Müayinələr zamanı Azərin boğazında limfa vəzilərinin şişdiyi görülür.

- Əməliyyatla o vəzilərdən birini çıxartdılar. Təxminən 1 ay orada saxlayandan sonra Azəri Milli Onkologiya Mərkəzinə göndərdilər. Orada 6 dəfə kimya terapiya etdilər.

Elə bu vaxt Azər güclə ediləcək səslə su istəyir. Anası cəld yerindən sıçrayır. Pambığı suya batırıb, oğlunun susuzluqdan qurumuş dodaqlarına sürtür. 

Atasının sözlərinə görə, kimya terapiya alandan sonra Azərin vəziyyəti daha da pisləşib.

- Gördüm uşağım sağalmaq əvəzinə geri gedir. Getdim həkimin yanına. Dedi, sənin uşağının vəziyyəti çox pisdi, götür apar onu Qan İnstitutuna. Azərdən qan nümunəsi götüzdürüb verdim Qan İnstitutuna. Yoxladılar, qan xərçəngi çıxdı. 2 aya yaxındır burdayıq. Müalicənin heç bir nəticəsi yoxdur.

Keçmiş döyüşçünün bədənində qan yığınının azalması var. Ona hər gün isti qan vurulur.

- Qan qrupu müsbət 1 olan 4 donorun qanından trombositlər hazırlanıb Azərə vurulur. Yenə də qanında trombosit qalmır. Ağ qan qırmızı qanı yeyir.

Vəziyyəti ağırdır. Ağrıdan yatağından sağa-sola qıvrılır. Anası alnını sığallayır. Hər dəfə inildədikcə anasının səsi gəlir: “Caaan...”.

“Niyə mənim oğlumla kimsə maraqlanmır? Axı Azər elə belə əsgər olmayıb. Lələ Təpənin alınmasında hərbçi yoldaşları ilə çiyin-çiyinə döyüşüb. Niyə Müdafiə Nazirliyi oğluma qarşı biganəlik edir? Azərin 2 körpə balası var. Onlar nə yeyir, nə içir, soruşan yoxdur. 2 körpə uşağı rayonda atıb gəlmişik Bakıya” - Əbülfət dayının səsi titrəyir.

Azərin həyat yoldaşı Firuzə xanımın gözləri yaşarır. Həyat yoldaşını bu vəziyyətdə tək qoya bilmir. Dili “Azər harada, mən də orada” desə də, yanağından süzülən yaşlar balaları üçün çox darıxdığını deyir.

Azərin 2 övladı var: Eltac və Aytac. Eltacın 2, Aytacın 4 yaşı var. Uşaqların birini Firuzənin anası, digərini yaxın qohumları saxlayır. Deyir, hər zəng edəndə uşaqlar ağlaşır deyə gec-gec zəng etməyə çalışırlar.

Əbülfət dayı həyəcanlı, bir az qəzəbli, oğlunun həyatı üçün nigarandır. Amma daha çox incikdir.

- Vətənin dar günündə oğlum ön cəbhədə idi. İndi oğlumun dar günüdür. Buradan prezidentimiz İlham Əliyevdə, xanımı Mehriban Əliyevadan kömək diləyirəm. Oğlumu ölməyə qoymayın.

Nəsə demək istəyirdi ki, Azərin səsini eşidib susur. Tam olaraq oğluna da baxmır. Gözləri Azərin yatağının altına zillənib qalıb. Baxışlarını yerdən qaldırmadan danışır. Sanki yatağında ağrıdan qıvrılan oğlundan, balası ağrıdan zarıdıqca “caaaan” deyə canını qurban verən həyat yoldaşından, ərinə duyduğu sevgisini balasıyla paylaşa bilməyən fədakar gəliniylə göz-gözə gəlməkdən çəkinir. Yorğun baxışlarından çarəsizlik yağır.

- Ali təhsilli adamam. Amma iş yoxdu ki, işləyim... Nə edim, necə edim, bilmirəm, a bala? Maraqlanmışam, qan xərçənginin xaricdə müalicəsi var. Amma bahadı. O qədər pulu haradan tapım?

Birdən gözlərinə işıq gəlir:

- Hacı Nuranı tanıyırsan?

- Hə, ancaq qiyabi.

- Maşallah, bax, hacı Nuran sağaldı. Həmişə onu izləyirəm. Oğlum haqda bilsə, inanıram ki, köməklik edər. Xeyirxah insandır. Ehtiyacı olanlara yardım edir. Azər haqda eşitsə, bizə də kömək edər.

- Yazını oxusa, xəbəri olacaq. Bəlkə kimsə yazını oxuyub onu görmək istədiyinizi xəbər verər, o da sizə sürpriz edər.

Bu dəfə üçü də bir ağızdan “İnşallah!” deyir.

***

Azər Aslanova yardım etmək istəyənlər üçün onun adına bank hesabı açılıb:

Kapital bank

Valyuta: AZN

Benefisiarın Bankı: Kapital Bank ASC Beyləqan rayon filialı

Filialın Kodu: 200402

VÖEN: 9900003611

SWIFT kod: AIIBAZ2X

Mühbir hesab: AZ37NABZ01350100000000001944

Benefisiarın adı: AZER ASLANOV ƏBÜLFƏT OĞLU

Benefisiarın hesabı: AZ41AIIB41010019440327972140

1news.az

Paylaş:
643

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər