Soçi mesajları: Amerika-Rusiya münasibətlərinin yeni gərginlik xətləri | 1news.az | Xəbərlər
Siyasət

Soçi mesajları: Amerika-Rusiya münasibətlərinin yeni gərginlik xətləri

10:43 - 24 / 05 / 2019
Soçi mesajları: Amerika-Rusiya münasibətlərinin yeni gərginlik xətləri

ABŞ-ın dövlət katibinin Rusiyaya səfəri bir qədər dramatik xarakter aldı. Amerika rəsmisi öncə Soçiyə səfərini təxirə saldı.

Ardından onun Brüsseldə gərgin, həm də demək olar ki, uğursuz danışıqları oldu. Ekspertlər bu gedişatın fonunda M.Pompeonun Soçidə başına nələrin gələcəyini maraqla gözləyirdilər. Daha maraqlısı isə V.Putinin Amerikanın dövlət katibi ilə saat yarımlıq müzakirə aparması olub. Analitiklər hesab edirlər ki, gündəlikdə duran məsələlər çox və aktual olduğundan tərəflər açıq danışıqlar aparıblar. Bu isə o deməkdir ki, Vaşinqtonla Moskva dialoqa gedə bilərlər. Məhz bu tezis kontekstində Soçidə aparılan danışıqların qlobal geosiyasi proseslər çərçivəsində təhlili üzərində dayanmaq istərdik.

Brüsseldən rədd cavabı: Vaşinqtonun Moskvadan gözləntiləri

Amerikanın dövlət katibi M.Pompeonun Soçiyə Brüsseldən gəlməsi bir sıra suallar meydana çıxarıb. Əvvəlcə M.Pompeo S.Lavrovla görüşməli idi. Lakin qəfil fikrini dəyişib və Belçikaya gedib. Orada Avropa İttifaqı (Aİ) İran məsələsini müzakirə etməli idi. Gözlənilmədən M.Pompeonun da müzakirələrə qatılması ciddi siyasi hadisə kimi qiymətləndirilib. Aİ rəsmilərinin görüşdən sonra söylədikləri fikirlərə görə, Avropa ilə Amerika İran məsələsində ortaq mövqeyə gələ bilməyiblər.

Fransanın xarici işlər naziri açıq bildirib ki, Aİ ABŞ-ın İrana təzyiqləri artırmaq və yeni sanksiyalar tətbiq etmək siyasətini qəbul etmir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F.Moqerini də eyni məzmunda bəyanat verib. Brüssel İranla imzalanmış sazişin bütün şərtlərinə əməl edilməsini daha doğru saydığını bəyan edib. Bunu ekspertlər Amerika ilə yanaşı İrana da verilən mesaj kimi qiymətləndirirlər.

Məsələ ondan ibarətdir ki, Yaxın Şərqdə İran məsələsi ilə bağlı gərginlik getdikcə artır. ABŞ regiona 120 minlik əlavə hərbi qüvvə göndərməyə hazırlaşır. Hər halda, Pentaqon artıq planı D.Trampın masasının üstünə qoyub. Yayılan informasiyalara görə, Ağ Evdəki "qırğılar" hər vəchlə D.Trampı İrana qarşı hərbi əməliyyata başlamağa təhrik edirlər. Bunun fonunda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı olan ticarət gəmilərinə qarşı təxribatların törədilməsi diqqətləri çəkib. Belə ki, Hörmüz boğazında dörd ticarət gəmisinə qarşı təxribatlar törədilib.

Bunları kimlərin etdikləri haqqında konkret fikir səsləndirilmir. Lakin onların təxribat xarakterli olması və vəziyyəti gərginləşdirməyə xidmət etməsi aydındır. Xüsusilə amerikalıların regiona hərbi kontingent göndərmək planları fonunda bunlar kifayət qədər düşündürücü görünür. Vaşinqtonu kimlərsə təhrikmi edir? Maraqlıdır ki, İran tərəfi də cavabsız qalmır. Tehran xəbərdarlıq edir ki, ABŞ hərbi obyektlərini vura bilər.

Bu proseslərin işığında M.Pompeonun Rusiya səfərini bir gün təxirə salıb, Brüsselə uçması ciddi hadisə sayılmalıdır. Görünür, Vaşinqton avropalı dostlarının məsələ ilə bağlı nə düşündüklərini test etmək istəyib. Konkret olaraq, əgər İrana qarşı hərbi addım atılsa, Amerikanı kimlərin dəstəkləyəcəyini dəqiqləşdirmək istəyiblər. Lakin, görünür, bir neçə il əvvəl Suriya və Liviya məsələsində olduğu kimi, Avropa Amerika ilə birgə addımlamaq fikrində deyil. Bu halda Vaşinqtonun hansı gedişi edəcəyi maraq doğurur.

Eyni zamanda, M.Pompeonun Soçiyə səfər etməsi də məhz bu baxımdan ekspertlərin böyük marağına səbəb olub. Orada Amerikanın dövlət katibi prezident V.Putin və xarici işlər naziri S.Lavrovla görüşüb. Soçidə tərəflər ikitərəfli münasibətləri, strateji stabillik və silahsızlaşdırmanı, həmçinin Venesuela, İran və Şimali Koreya ətrafında yaranmış böhranı müzakirə ediblər. Şübhəsiz ki, bu mövzular kontekstində M.Pompeonun Brüssel səfərinin məzmununa da diqqət yetirilib. Lakin ana xətt olaraq iki böyük dövlət arasında münasibətlərin gələcəyi seçilib.

Məsələnin bu aspekti də olduqca maraqlıdır. Vaşinqton və Moskva digər böyük geosiyasi gücləri nəzərə alaraq münasibətlərini yenidən formatlaşdıra bilərlər. Bu barədə hələlik ancaq diplomatik ibarələrlə danışırlar. Ancaq prinsipcə iki dövlətin müəyyən məqamlar üzərində ciddi düşündüyü hiss edilir. V.Putinin Amerikanın dövlət katibi ilə saat yarımlıq müzakirə aparması bu baxımdan heç də təsadüfi görünmür.

Əlaqələrdə yeni düzən: "daha məsuliyyətli və konstruktiv matrisa" naminə

Xarici işlər naziri S.Lavrov deyib ki, problemlərin qarşılıqlı qavranması naminə yeni, daha məsuliyyətli və konstruktiv matrisada düzənləmək üçün danışıqlara hazırıq. Təbii ki, buna Amerika tərəfi razılıq verəcəksə, baş tutacaq (bax: Трамп хочет досадить демократам контактами с Путиным / "Независимая газета", 14 may 2019). M.Pompeo da buna qarşılıq bildirib ki, o, münasibətləri yaxşılaşdırmaq üçün D.Tramp tərəfindən Rusiyaya göndərilib. Deyilənlərdən aydın olur ki, Amerika ilə Rusiya qlobal problemlərə ortaq baxış formalaşdırmaq istiqamətində addımlar ata bilərlər. Lakin ekspertlər məhz bu kontekstdə bir sıra suallara cavab axtarırlar.

Məsələn, ABŞ-da siyasi dairələr yenidən D.Trampı Rusiya ilə gizli sövdələşmələrdə ittiham etməyəcəkmi? Və ya ABŞ-ın ənənəvi müttəfiqi Avropa Vaşinqtona qarşı yeni addımlar atmaq fikrinə düşməyəcəkmi? Hər iki suala cavab maraqlıdır. Ekspertlər hesab edirlər ki, Amerika siyasi səhnəsində artıq Rusiya məsələsi əvvəlki kimi qəbul edilmir. Bu, xüsusi prokuror R.Müllerin məruzəsindən sonra dəqiqləşib. Belə ki, R.Müllerin hesabatında göstərilib ki, 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə D.Trampın xeyrinə Rusiyadan müdaxilə olmayıb. Bu da Ağ Evin Moskva siyasətində əl-qolunun açılması deməkdir. O cümlədən tərəflər artıq çəkinmədən hər iki ölkənin marağına uyğun yeni münasibətlər qəlibinə keçə bilərlər.

Aİ-yə gəldikdə isə, bu təşkilat artıq Amerikaya elə də etibar etmir. Avropalılar özləri problemlərini həll etməyə çalışırlar və təhlükəsizlik məsələsində sərbəst davranmaq niyyətindədirlər. Bu bağlılıqda İran problemi onlar üçün çox həssasdır. Avropalılar Amerikanın maraqlarına görə həm mühüm enerji bazarını itirmək, həm də sərhədləri yaxınlığında yeni münaqişənin alovlanmasını istəmirlər. Bu baxımdan Brüsselin ABŞ-Rusiya münasibətlərinin yeniləşməsinə hər hansı müdaxiləsi inandırıcı görünmür.

Bunlarla yanaşı, Amerika-Rusiya münasibətlərinin istiləşməsi Çin istiqamətində Vaşinqtona müəyyən dividendlər gətirə bilər. Hazırda Amerika üçün əsas rəqib Pekindir. Xüsusilə ticarət savaşının getdikcə qızışdığı bir mərhələdə ABŞ Çini cilovlamağa daha çox cəhdlər göstərəcək. Hələlik bu istiqamətdə tutarlı bir nəticə yoxdur. Amerika üçün Şimali Koreya və İran məsələləri kontekstində də Çinə qarşı üstünlük əldə etməsi vacibdir. Deməli, Rusiya ilə münasibətlərin yeni düzənə keçməsi bir sıra geosiyasi aspektlərdə Vaşinqtona sərf edir.

Ancaq bunlar o demək deyil ki, Amerika ilə Rusiya qlobal səviyyədə rast gəlinən problemlərin ortaq həlli üçün lazımi razılığa gələ biləcəklər. Yuxarıda vurğulananlar yalnız nəzəri imkanları ifadə edir. Bunların konkret praktikada əldə olunub-olunmayacağını zaman göstərəcək. Hətta bir sıra ekspertlər prosesin konkret praktiki müstəviyə keçməsi ehtimalının az olduğunu qeyd edirlər.

Bununla yanaşı, bir sıra konkret problemlər üzrə tərəflərin razılaşa bilməsi mümkündür. Çünki İran məsələsində Amerika faktiki olaraq İsraillə bir yerdə meydanda tək qalıb. Aİ, Rusiya və Çin kimi böyük güclər bu məsələdə onu dəstəkləmirlər. Eyni zamanda, Venesuela faktoru meydana çıxıb. Orada da Amerikanın qarşısını Rusiya kəsir. Hələlik Vaşinqtonun Venesuela planı baş tutmur. Belə getsə, bu planın nə vaxtsa baş tutması da sual altındadır.

Vurğulanan məqamlar göstərir ki, Soçidə ABŞ-Rusiya danışıqları qlobal geosiyasətin bir çox aktual və ziddiyyətli məqamları ilə bağlı olub. Tərəflər konkret razılığa gələ bilməsələr də, iyunun sonlarında Yaponiyada keçiriləcək G20 sammitində müzakirələrə davam etmək qərarına gəliblər. Belə çıxır ki, onlar ən azından dialoqa can atırlar. Hər iki ölkə üçün aktual olan məsələlərin müzakirəsi təbii ki, müsbət haldır. Buraya yeni silahlardan tutmuş dünyanın müxtəlif regionlarında maraqların toqquşmasına qədər geniş spektrli çətinliklər daxildir.

Bunlara baxmayaraq, Amerika üçün daha çox İran və Venesuela maraq kəsb edir. Ən çox isə İran məsələsi aktualdır. Bu məsələdə Rusiyanın laqeyd qalmayacağı aydındır. Suriyada yenidən hərbi əməliyyatlara başlamaqla Moskva faktiki olaraq Yaxın Şərqdə daha qətiyyətli hərəkət etmək qərarına gəldiyini nümayiş etdirir. Görünür, Amerika da artıq Kremlin siyasi iradəsini bir qədər başqa bucaq altında qiymətləndirməyə başlayıb. Onun konkret təzahürlərini yaxın perspektivdə zaman üzə çıxara bilər.

Newtimes.az

Paylaş:
332

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər