Milli Məclisin növbəti plenar iclasında 19 məsələyə baxılıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin növbəti plenar iclasında 19 məsələyə baxılıb

19:27 - 23 / 02 / 2018
Milli Məclisin növbəti plenar iclasında 19 məsələyə baxılıb

Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

1news.az AZƏRTACa istinadən xəbər verir ki, əvvəlcə Milli Məclisin deputatı Fəttah Heydərovun ünvanına yubiley təbriki səsləndi. Milli Məclisin sədri Oqtay Əsədov bu gün Fəttah Heydərovun 80 yaşının tamam olduğunu söyləyib, bu münasibətlə Azərbaycan Prezidentinin onu “İstiqlal” ordeni ilə təltif etdiyini xatırladıb. Parlamentin rəhbərliyi də yubilyar deputatı təbrik edib.

Plenar iclasda 19 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər. İlk növbədə, Azərbaycan dövlətinin yürütdüyü humanist siyasətdən bəhs olundu. Komitə sədrləri Siyavuş Novruzov və Əli Hüseynli, deputatlar Fazil Mustafa və Qüdrət Həsənquliyev müsbət fikirlərini parlamentin diqqətinə çatdırdılar. Vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım alması üçün ölkəmizdə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncam təqdir edildi. Həmçinin cəza siyasətinin humanistləşdirilməsi haqqında Azərbaycan Prezidentinin ötən il imzaladığı Sərəncam, 1993-cü ildən bəri verilən əfv fərmanları, amnistiya aktları barədə danışıldı. 2017-ci ilin oktyabr ayında Milli Məclisdə qəbul edilmiş Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanunun icrası barədə deputatlara ətraflı məlumat verildi. Vurğulandı ki, Azərbaycan hüquqi dövlətdir, burada qanunun aliliyi hər şeydən üstündür. Dövlət başçısı atdığı hüquqi addımlarla dünyaya bir daha sübut etdi ki, Azərbaycanın dövlət siyasəti ən humanist siyasətdir.

Sonra deputatlar Xocalı soyqırımının 26-cı ildönümü məsələsini gündəmə gətirdilər. Bildirildi ki, hazırda Milli Məclisin 20-dən çox deputatı dünya ictimaiyyətinə doğru-dürüst məlumatlar çatdırmaq və anım tədbirlərində iştirak etmək üçün müxtəlif ölkələrə ezam olunubdur. Millət vəkili Şahin İsmayılov erməni təbliğat maşınının fəaliyyəti və erməni dərsliklərində əksini tapan iftira və yalanlar barədə konkret faktları diqqətə çatdırdı. Niderlandda erməni soyqırımının tanınmasına etiraz edən Fərəc Quliyev Xocalı soyqırımının bu ölkədə tanıdılması üçün təklif irəli sürdü. Deputatlar Tahir Kərimli və Elman Nəsirov da qondarma “erməni soyqırımı” barədə Niderlandda qəbul edilən ədalətsiz qərara qəti etiraz bildirdilər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində Sazişin təsdiq edilməsinə dair qanun layihəsini təqdim etdi. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Azərbaycan və Türkiyə hökumətləri arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişi şərh etdi.

Fikir mübadiləsi aparıldıqdan sonra hər iki saziş ratifikasiya olundu.

Gündəlikdəki növbəti beş qanun layihəsi barədə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirildi ki, Milli Məclisə bir zərfdə daxil olmuş “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər edilməsi zərurəti Azərbaycan Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli Fərmanından irəli gəlir. Həmin fərmana əsasən ölkəmizdə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Akkreditasiya Mərkəzi”, “Patent və Əmtəə Nişanları Mərkəzi” adlı 4 publik hüquqi şəxs yaradıldığına görə adıçəkilən qanunlarda nəzərdə tutulmuş bir sıra səlahiyyətlər bundan sonra həmin qurumlar tərəfindən həyata keçiriləcək. Deputatlar qanun layihələrinin beşinə də müsbət münasibət bildirdilər.

Sonra aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov üç qanun layihəsini Milli Məclisə təqdim etdi. Məlumat verildi ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli Prezident fərmanı ilə əlaqədar olaraq “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda dəyişikliklər edilməsi vacibliyi meydana gəlib. Belə ki, “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətini həyata keçirmək məqsədilə yaradılmış Qida Təhlükəsizliyi Agentliyi bu ilin əvvəlindən fəaliyyətə başlayıb. Heyvandarlıq və bitkiçilik sahələrinə nəzarət məsələsində dövlət orqanları və qurumlarının səlahiyyətlərinin təkrarlanmaması məqsədilə yeni qanunlarda nəzarət və xidmətlərin əhatə dairəsi dəqiqləşdirilir. Müzakirələrdən sonra Milli Məclis bu qanun layihələrinin qəbul edilməsini məqsədəuyğun saydı.

İclasda “Standartlaşdırma haqqında” qanuna təklif olunan dəyişiklik səsə qoyularaq qəbul edildi.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verdi ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna təklif olunan dəyişiklik də Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlıdır. Deputatlar bu qanuna da müsbət münasibət bildirdilər.

Plenar iclasda növbəti dörd məsələni hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh etdi. Milli Məclis Miqrasiya və İnzibati Xətalar məcəllələrinə, “Yol hərəkəti haqqında” Qanuna və “Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsinə razılıq verdi. “Dövlət rüsumu haqqında” qanunun 14.3-cü maddəsinə təklif olunan dəyişiklik də məqbul sayıldı.

Müzakirəyə çıxarılmış iki yeni qanun layihəsini deputatlara komitə sədri Ziyad Səmədzadə təqdim etdi. Əvvəlcə “Standartlaşdırma haqqında” 6 fəsil 27 maddədən ibarət qanun layihəsi barədə məlumat verildi. Bildirildi ki, sənəd “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına əsasən hazırlanıb. Mütəxəssislərin iştirakı ilə komitədə geniş müzakirə olunub. Məlumat dinlənildikdən sonra deputatlar qanun layihəsinə dair qeydlərini bildirdilər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov deputatların suallarını cavablandırdı. Fikir mübadiləsində “Standartlaşdırma haqqında” yeni qanun layihəsi konseptual baxımdan bəyənildi və birinci oxunuşda qəbul edildi.

İclasın yekununda deputatlara 4 fəsil, 18 maddədən ibarət “Texniki tənzimləmə haqqında” qanun layihəsi təqdim olundu. Bildirildi ki, bu qanun insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini, həmçinin tətbiqi qaydalarını müəyyən edəcək.

Deputatlar “Texniki tənzimləmə haqqında” qanun layihəsini konseptual baxımdan birinci oxunuşda qəbul etdilər.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

1news.az

Paylaş:
520

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər