“Kritik İnfrastruktur” və onun təhdidlərdən qorunması: Dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Kritik İnfrastruktur” və onun təhdidlərdən qorunması: Dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi

15:20 - 31 / 10 / 2018
“Kritik İnfrastruktur” və onun təhdidlərdən qorunması: Dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi

“Azərbaycan ümumi infrastrukturun inkişafına görə   dünya miqyasında 26-cı yerdədir.” İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti

Giriş

Müstəqillik illərində ölkədə  həyati vacib olan  infrastrukturun yaradılması milli quruculuğun strateji məqsədlərindən biri olub. İyul ayında Mingəçevir İES-də  baş verən hadisələri dəyərləndirərkən dövlət başçımız, ölkədə yaradılan milli infrastruktur sisteminin tənzimlənməsi, dünya təcrübəsini nəzərə almaqla, keyfiyyət baxımından daha da təkmilləşdirməsi ilə bağlı islahatların   vacibliyini vurğulamışdır. Bu baxımdan “kritik  infrastruktur”sistemi, onun mahiyyəti ilə bağlı təhlillərə böyük ehtiyac var.

“Kritik  infrastruktur” nədir? - anlayşın mənası

“Kritik  infrastruktur” (bundan sonra mətndə-Kİ) son onillikdə qabaqcıl dünya dövlətlərinin diqqət mərkəzində olan, həmçinin, ekspert və elmi cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdəndir. Azərbaycanda bu anlayış və onun əhatə etdiyi sahənin xüsusiyyətləri   hələlik naməlum qalmışdır.  Halbuki, infrastruktur sisteminin inkişafı baxımından dünyada qabaqcıl mövqelərə malik olan ölkəmizdə, bu sahənin böhran və risklərdən qorunması ilə bağlı məsələlər    gündəmin ən aktual mövzularındandır.

“Kritik infrastruktur” anlayışının mənası-“həyati vacib struktur, yəni, dövlətin həyat qabiliyyətini təmin edən ən mühüm, müstəsna əhəmiyyətli, strateji təyinatlı strukturlar” deməkdir. Kİ-fəaliyyət və funksiyasının hətta ən qısa müddətdə belə pozulmasının dövlət və cəmiyyətin   təhlükəsizliyi üçün ciddi risklərə, iqtisadi itkilərə  səbəb ola biləcək obyektlər sistemi kimi başa düşülür.

İnfrastrukturları “kritik” dərəcədə əhəmiyyətli edən meyarlar isə:1.Fəaliyyətinin hətta qısa müddətdə pozulması nəticəsində, cəmiyyətin sabitliyi, idarə edilməsi və müdafiə qabiliyyəti üçün böyük təhlükə yaranması; 2.Baş verən qəza nəticəsində yaranan böhranın zəncirvari reaksiya (“kaskad, kəpənək effektli (“The Butterfly Effect”)  tipli  olub,  “domino prinsipi” üzrə  bir çox digər sahələrə yayıla, cəmiyyətin fəaliyyətini iflic edə bilməsidir.   

Anlayış kimi  “kritik infrastruktur” ilk dəfə ABŞ-da-1996-cı ilin oktyabr ayında ABŞ prezidenti tərəfindən imzalanmış  qərarla yaradılan "Kritik infrastrukturun mühafizəsi üzrə  Komissiya"nın adında tətbiq edilmişdir. ABŞ-da 11 sentyabr hadisələrindən sonra qəbul edilən "Vətənpərvərlik Aktında" (2001) "kritik infrastruktur"un mənası: "dövlət üçün son dərəcə əhəmiyyətli olan, sıradan çıxması və  ya məhv edilməsinin milli  müdafiə və təhlükəsizlik, iqtisadiyyat, səhiyyə və s. sahələrdə olduqca ağır  nəticələrə gətirib çıxara bilən fiziki və virtual sistem  və vasitələrin məcmusu" -kimi müəyyən edilmişdir.  

Hazırda əksər xarici ölkələrdə  qorunması strateji əhəmiyyətə malik olan həyati vacib obyektlər qrupunu tənzimləmək məqsədi ilə  Kİ-run qorunması sistemi yaradılmışdır.   Dünyada yaşanan iqtisadi böhrana baxmayaraq, kritik infrastrukturun mühafizəsi bazarı çiçəklənməkdədir və 2025-ci ildə bu bazarın dəyəri   135,48 milyard dollara çatacaq.    

Kritik  infrastruktura nə daxildir: sahələri və təsnifatı

BMT-nin 2341(2017) saylı Qətnaməsində qeyd edilir ki, “hər bir dövlət   infrastrukturunun hansı obyektlərinin kritik əhəmiyyətli olmasını özü müəyyən edir”. Bu baxımdan müxtəlif ölkələrdə müəyyən edilmiş infrastrukturun seqmentləri “strateji obyektlərlə” bağlı adi şüurda olan təsəvvürlərdən tam fərqlənə bilər. Məsələn, ABŞ-da bu sahəyə həyat fəaliyyətini təmin edən obyektlərlə yanaşı, “Milli abidələr(heykəllər) və tarixi meydanlar”, “Seçki sistemi”,  digər ölkələrdə informasiya/hibrid müharibənin hədəfi kimi diplomatik missiyalar  da aid edilir.

Beynəlxalq  təcrübənin  müqayisəsi əsasında, Kİ sisteminə bu obyektlər daxil edilir: dövlət/hökumət orqanları, kənd təsərrüfatı və ərzaq, su resursları, səhiyyə, fövqəladə  xidmət strukturları, sənaye (hərbi-sənaye), energetika, neft/qaz,      daşınma və çatdırılmanı əhatə edən çoxşaxəli  nəqliyyat/ logistika sistemi-aviasiya, dəmir yolları, avtomobil yolları, dəniz nəqliyyatı, boru kəmərləri, vətəndaşların kütləvi daşınma vasitəsi kimi metropoliten, bank işi və maliyyə sistemi,  poçt/rabitə xidməti,  milli abidələr, atom elektrostansiyaları,   kommersiya tikililəri və s.      

Hər bir ölkə Kİ sahələrini özü müəyyən etdiyi üçün, ölkədən ölkəyə fərqlər olsa da Kİ-run bütün ölkələr üçün ümumi olan sektorları kimi:dövlət strukturları,enerji sistemi, maliyyə, su təminatı, İKT, səhiyyə, nəqliyyat/logistika qeyd edilə bilər.Həmçinin əksər ölkələrdə strateji əhəmiyyətli “Tədqiqiat və araşdırmalar” da ayrıca sahə kimi Kİ-ra daxil edilir.

Avropa Şurasının 2008-ci ildə   qəbul etdiyi   Direktivdə, üzv ölkələrdən Kİ-run sistemləri  və  müdafiəsinin əsas istiqamətləri: “Fəaliyyəti və funksiyasının pozulması və ya məhv nəticəsində ən azı iki üzv dövlətə təsir göstərə bilən   infrastrukturlar”kimi müəyyən edilib. Direktivdə bu sistemə yalnız-“hard” maddi-fiziki deyil, həmçinin “smart” (yumşaq) sosial, virtual və s. infrastruktur da aid edilir. 

Kritik Infrastrukturla bağlı beynəlxalq  və regional təşkilatların  fəaliyyəti, beynəlxalq qanunvericilik

Birləşmiş Millətlər Təşkilatı (BMT)- kritik infrastrukturların qorunması sahəsində   beynəlxalq subyektdir. BMT-nin Təhlükəsizlik Şurası 2017-ci ilin fevral ayında “Kritik infrastrukturun (Kİ    qorunması haqqında Qətnamə (S /RES/2341 (2017) qəbul etmişdir.  Hazırlanmasında 40-dan çox üzv dövlətin  iştirak etdiyi sənədə Təhlükəsizlik Şurasının bütün  üzvləri-15 dövlət səs vermişdir.  

Avropa Birliyi (AB)- kritik infrastrukturların qorunması sahəsində regional və beynəlxalq subyektdir.  2005-ci ildə  Kİ-run qorunmasının əsas istiqamətləri ilə bağlı “Yaşıl Kitab” hazırlamış,2006-cı ildə “Kritik  İnfrastrukturlun qorunması sahəsində Avropa Proqramını"qəbul edilmişdir. 

NATO-nun “Mülki Müdafiənin Planlaşdırıması sahəsində Komitəsi” və onun 8 şöbəsinin fəaliyyətinin ən mühüm istiqamətlərində biri də-Kİ-run qorunmasıdır.  NATO-nun 2018-ci il iyul- Brüssel Samiti xüsusilə infrastruktur problemlərinə həsr edilmişdir.

Qabaqcıl dünya  təcrübəsi

“Ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarliqla seçilən qurumları tərəfindən təhlili aparılmalıdır, təkliflər verilməlidir”. Ilham Əliyev. Azərbaycan Respublikasının Prezidenti

Kİ-run qorunmasının milli sisteminin   yaradılması     bütün dünya üçün yenidir və əsasən 11 sentyabr hadisələrindən sonra sürətlənib. Bəzi ölkələrdə bu  son10, bəzi ölkələrdə 5 yaxud son 3 illik dövrə təsadüf edir.   

Amerika Birləşmiş Ştatları (ABŞ).1996-cı il iyulun 15-də   "Kritik İnfrastrukturun Mühafizəsi ilə bağlı Prezident Komissiyası” yaradılıb.Komissiyanın hazırladığı yekun hesabatın nəticəsi kimi,  ölkədə kritiklik meyarına malik  8 infrastruktur müəyən edilir.   2002-ci iildə Daxili təhlükəsizliklə bağlı Milli Strategiya qəbul edilib.Burada Kİ obyektlərinin siyahısı və tabe olduqları  dövlət orqanları əksini tapdı.Hər il yenilənın obyektlərin sayı 14-18 arasında dəyişir.  2003-cü ildə   Kİ-run qorunmasını idarə edən ayrıca qurum-“Daxil təhlükəsizlik departamenti”   yaradılıb.1996-cı ildən indiyə qədər Kİ-run qorunması ilə bağlı 11 qanunverici sənəd   qəbul edilmişdir. Sonuncu sənəd-“Milli İnfrastrukturun Qorunmas Planı”- 2013-cü ildə qəbul edilib və   Kİ-run   sahələri bu kimi müəyyən edilmişdir: Kimya sənayesi; Dövlət orqanları; Ticarət obyektləri; Rabitə; Strateji sənaye/İstehsalat; Su anbarları; Fövqəladə Vəziyyətlər; Enerji;  Maliyyə Xidmətləri; Qida və Kənd Təsərrüfatı; Səhiyyə; İnformasiya Texnologiyaları Sektoru; Nüvə reaktorları,  Tullantı sektoru; Nəqliyyat Sistemləri; Kanalizasiya qovşaqları. 2017-ci ilin dekabrında  qəbul edilən ABŞ  Milli Təhlükəsizlik Strategiyasında  onun  Kİ-runu  hədəfə alan   2 ölkənin adı çəkilib.

Fransa qanunvericiliyində-“fransız cəmiyyətinin əsasını və onun həyat tərzini təşkil edən əsas   xidmətləri və malları və təmin edən  sistemlər”- Kİ hesab edilir.     Fransada Milli Kİ sistemi 12 sektoru ((8 məsul nazirlik,  253 Kritik Operatoru,1381  obyekti və 27/7 rejimində Kİ mühafizəsi  üzərində çalışan 300 məsul işçinin fəaliyyəti) əhatə edir və bu sahədə qəbul edilmiş  22  rəsmi Direktivlə    tənzimlənir.  Kanadada    2009-cu ildə “Kritik İnfrastruktur sahəsində Milli Strategiya ” (National Strategy For Critical Infrastructure) qəbul edilib.Almaniyada 2011-ci ildə “Kritik infrastrukturun qorunması üzrə Milli Strategiya (CIP Strategiyası)” qəbul edilib. Ayrıca olaraq, Kİ-run araşdırılması üzrə ixtisaslaşan “Təhlükəsizlik Araşdırmaları”Beyin Mərkəzi yaradılıb. İsveçrədə 2009-cu ildə,  qəbul edilən "Kritik Infrastrukturun Qorunmasının Əsas Strategiyası", 2012-ci və 2017-ci illərdə,  sonuncu dəfə-  2018-2022-ci illər üçün    Milli Strategiya",  bu sahədə    fəaliyyəti reallaşdırmaq üçün 17 istiqamətdə tədbirin görülməsini müəyyən edib. Polşada 2015-ci ildə “Milli Kritik İnfrastrukturun Qorunması üzrə Proqram” və iki  illik Fəaliyyət Planı qəbul edilib,Kİ-run 16 obyektinin siyahısı əksini tapıb.  İsraildə    Kİ-run qorunması ilə bağlı     2002-ci ildə dövlət   xüsusi qətnamə qəbul edtmişdir. Türkiyədə“2014-2023 –cü illər üçün Texnoloji  Qəzaların  Yol xəritəsi Sənədi” hazırlanmışdır.

MDB ölkələriə gəldikdə, Azərbaycanda və Rusiyada, həmçinin, əksər ölkələrdə Kİ-run qorunması ilə bağlı milli sistem hələlik formalaşmamış, onun bir sektoru üzrə-“Kritik İnformasiya İnfrastrukturu”(Kİİ) ilə bağlı dünya təcrübəsinə uyğun qorunma və təhlükəsizlik tədbirləri, qanunverici əsaslar təmin edilmişdir.

Bəzi ölkələrdə müəyyən edilmiş kritik infrastruktur sahələri:

Milli  Kritik İnfrastruktur Sisteminin (MKİS) yaranması hansı çağırışlarla şərtlənib?

Bütün qabaqcıl  ölkələrdə  vahid idarəetmə qurumu- Milli  Kritik İnfrastruktur Sistemi  (MKİS) yaxud “Kritik Infrastrukturun Qorunması Sistemi”  (KİQS)     yaradılmış, bu sahədə   milli strategiyalar qəbul edilmişdır. Onun başlıca məqsədi:   qorunmalı olan   strateji obyektlərin  müəyyən edilməsi, dayanıqlılığının artırılması,   fasiləsiz işinin təmin edilməsi, böhran və risklərin təhlili və önlənməsi, qəza baş verdiyi təqdirdə   itkilərin minimuma endirilməsi və nəticələrin ən qısa zamanda bərpa edilməsi üçün   sektorlar arası koordinasiya və monitorinqi təmin etməkdir.

Bu cür milli sistemin yaradilmadığı ölkələrdə    müxtəlif  sektorların fəaliyyəti ayrılıqda- fərdi şəkildə həyata keçirilir. Belə hallda kritik infrastrukturun subyektləri  arasında  ümummilli səviyyədə koordinasiya və informasiya mübadiləsinın olmaması ehtimal olunan təhdidlərə operativ reaksiya və   konsolidasiya edilmiş   fəaliyyəti qeyri-mümkün edir.Məhz bu zərurət idarəetmə sistemində vahid siyasətin həyata keçirilməsini mümkün edən müvafiq quruma ehtiyac yaratmışdır. Şəkildə bu əksini tapmışdır:

Azərbaycanda Kritik İnfrastrukturun Qorunması Sisteminin (KİQS) yaradılmasını zəruri edən amillər

“Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ   nəticədə ümumi sistemin sıradan çıxmasıdır. Elə bir sistem qurulmalıdır ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin... Əlavə tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə   ümumi sistemə bunun təsiri olmasın. Bu, əsas istiqamət olmalıdır". İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti

“Kritik infrastruktur”sözü bir anlayış kimi ölkəmizdə  hələlik mövcud deyil.

Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar müşavirədə  ölkə Prezidentinin çıxışlarında “ümumi sistem” ideyası qırmızı xətt kimi keçir.   Daha dəqiq deyilsə, baş verən qəzanın real səbəblərinin məhz Kİ-run sistemli idarəedilməsi müstəvisində olması əksini tapıb. Bu  sahələrinin əlaqələndirilmiş fəaliyyəti  və qorunmasının əsas istiqamət olması  fikri vurğulanıb.

Enerji ilə bağlı beynəlxalq forumda Azərbaycanın energetika naziri də qeyd edib ki,  “Enerji sektorunda qlobal çağırışlara uyğun çevik, şəffaf və yüksək keyfiyyətli idarəetmənin təmin edilməsi Azərbaycan dövlətinin strateji hədəfidir və dövlətin bütün dəstəyi bu sahənin modernləşdirilməsinə və effektiv tənzimlənməsinə yönəlib”.

Deyilənlər baxımından, Kİ və onun sistemli idarə edilməsi hazırda  gündəmin geniş müzakirə  edilən mövzularından olmalıdır.  Reallıqda isə hələlik "kritik infrastruktur" sözü - bir anlayış kimi    mövcud deyil. Bu isə onu deməyə əsas verir ki, ümumilikdə bu sahə istər elmi-nəzəri, istərsə də, praktiki, normativ-hüquqi müstəvidə mənimsəniməmiş, naməlum qalmışdır.

Dünyanın hər yerində  Kİ sistemində istər qəfil, istərsə də, məqsədyönlü baş verən qəzaların təhlili   taktika, texnika, metodologiya və prosedur baxımından bənzərlik  təşkil etməsinə dair yekdil qənaət mövcuddur.Mingəçevir    İES-də baş verən   qəzanın nəticələri və görüləcək tədbirlər üçün dünya təcrübəsi “mental model” kimi tətbiq edilə bilər.

Azərbaycan İstilik Elektrik Stansiyası  MMC-nin yarımstansiyalarından birində baş    verən hadisə, sırf texnogen mahiyyətli olmayıb, dövlət başçısının qeyd etdiyi kimi, “həm iqtisadi, həm də siyasi”,   həm də sosial mahiyyətli olub, geniş problemlər spektrini əhatə edir. Onların biri, bəlkə də birincisi, qeyd edilən sahədə analoji infrastrukturun  idarəedilməsi ilə bağlı dünya təcrübəsinin tətbiq edilməsinin vurğulanması idi. 

Son illərdə ölkəmizdə   “kritik” adlanmasa da infrastruktur sahələrində keçirilən islahatlar-informasiya təhlükəsizliyi, rabitə və nəqliyyat, son aylarda isə enerji  infrastrukturunun idarəedilməsi yönündə həyata keçirilən tədbirlər, mərkəzləşdirilmiş qurumların təsis edilməsi- doğru  mühüm addımlar hesab edilə bilər. Aparılan e-dövlət və rəqəmsallaşma siyasətinin uğurlu tətbiqi nəticəsində hər bir dövlət orqanı özünün elektron xidmətlərinin sayını və növlərini  gündən-günə artırmaqdadır.    Son islahatlar gedişində bir sıra   agentliklərin yaradılması adı çəkilən qurumların əlaqələndirilmiş fəaliyyəti ölkədə,   vahid Kİ-run qorunması sisteminin (KİQS) yaradılması üçün mühüm bazanın da formalaşmasına dəlalət edir.

Azərbaycanda  Kritik İnfrastrukturun Qorunması Sisteminin (KİQS) yaradılması günün tələbidir

Dövlət idarəçilik sistemində Kİ-run qorunması sisteminin yaradılması- XXI əsrdə təhlükəsizliyin təminatında meqatrend kimi çıxış edir. Mingəçevirdə baş verən hadisə göstərdi ki, bu kimi hallar dünyada ən sabit ölkə imicini qazanan  Azərbaycanda   inkişaf və idarəçilik modelinin nüfuzuna, ictimai-siyasi sabitliyin səviyyəsinə mənfi təsir göstərə bilər. Bu baxımdan, dünyada təcrübəsinin  mütərəqqi cəhətlərinin tətbiqi Kİ sisteminin tənzimlənməsində  mühüm töhfə ola bilər. Azərbaycanda milli Kİ sisteminin yaranması günün tələbidir. Onu vacib edən amilləri aşağıdakı kimi sıralamaq olar:

-  İstənilən sahədə təhlükəsizliyin və sabitliyin qarantı- səmərəli idarəçilk və insan amilidir. Müasir idarəçilik –daha çox risk və böhran idarəçiliyi rejimində olub, ekstremum şəraitdə təcili və çevik qərarlar qəbul etmək   qabiliyyətidir. Yaranan problemlər əksər hallarda- səriştəli və məsul,cavabdeh qurumun olmaması ilə bağlı olur. Bu da öz növbəsində istənilən sahədə  insan amilinin, idarəçilik, peşəkarlıq və  səriştəlilik keyfiyyətlərinin proseslərə təsirini dəfələrlə artmışdır.  

-Azərbaycan müharibə şəraitində yaşayır. Qeyd edildiyi kimi, Kİ-run başlıca meyarı-dövlətin müdafiə qabiliyyətinə bilavasitə və dolayısı ilə təsir edən obyektlər olmasıdır. Başqa ölkələrlə müqayisədə Kİ qorunması dəfələrlə  ölkəmizdə daha yüksək səviyyədə olmalıdır.

Türkiyənın “İqtisadiyyat və Xarici Siyasət Araşdırma Mərkəzinin”    hərbi analitiki Can Kasapoğlu   qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün uğur və üstünlükləri ilə yanaşı, sitat:“arxa cəbhənin müdafiəsində, diqqət etməli olduğu bir məqam vardır. Bu    Azərbaycanın kritik milli infrastrukturuna  olan təhdidlərin nəzərə alınmasıdır”. Kİ obyektlərini terrorçu təşkilatlar və düşmən  ölkələr üçün hədəfə çevirir.

- Beynəlxalq əməkdaşlıq baxımından ölkəmizdə dünya təcrübəsinə uyğun, analoji  səlahiyyətə və missiyaya malik olan   Kİ  Sisteminin   yaradılması zərurətdir.   İşğal olunmuş ərazilərdə mövcud olan infrastrukturun tamamilə dağıdılması, işğalçı dövlətin Sərsəng su anbarını, eləcə də, Mingəçevir  İES, neft kəmərlərini və s. Kİ obyektlərini hədəfə almaq   cəhdləri və s.yuxarıda adı çəkilən rəsmi sənədlər çərçivəsində  qiymətləndirilməlidir.   Kİ sahəsində yaradılan beynəlxalq əməkdaşlıq formatları Azərbaycanda da tətbiq edilməlidir. Misal üçün, 2012-ci ildə ABŞ, İngiltərə,  Kanada, Avstraliya və Yeni Zelandiya  “Critical-5”- “Kritik 5-lik”sazişi imzalamışlar.  Bu aspektdən baxdıqda, “ Baki-Tbilisi-Ceyhan Neft Kəməri, Baki-Tbilisi-Ərzurum Qaz Kəməri və  Baki-Tbilisi-Qars dəmiryolu magistralı” və s.- Kİ obyektləridir və onların mühafizəsi region (Cənubi Qafqaz və Avropa) dövlətlərinin enerji təhlükəsizliyinin tərkib hissəsidir.Yuxarıda qeyd edilən model üzrə Azərbaycan da Avropanın və region dövlətlərinin enerji təhlükəsizliyini ortaq Kİ-ru: boru-kəməri və logistik şəbəkənin  ortaq qorunmasını təmin edən “Kritik-3-lük” yaxud “5-lik” və s. formatlı sazişlər  imzalaya bilərlər. Eyni məzmunlu əməkdaşlıq   logistika mərkəzinə, Avrasiyanın nəqliyyat qovşağına çevrilən ölkəmizlə Orta Asiya respublikaları arasında da bağlana bilər. 

-Kİ-run qorunmasının qanunverici və onun hüquqi əsaslarının yaradılması qarşıda duran  aktual məsələlərdən biridir.Bu gün üçün Azərbaycanda kritik infrastrukturun sektorlararası əlaqəli fəaliyyətini, ehtimal olunan risk və təhdidlərdən tənzimlənməsini    kimin və necə qorumasını  müəyyən edən  normativ  qanunvericilik   yoxdur.  Bu yöndə ilk addım-Milli Fəaliyyət proqramının müəyyən edilməsi ola bilər.

-Ən mühüm istiqamətlərdən biri də, ictimai rəylə işləməyi və kütləvi maarifləndirməni təmin edə biləcək, mərkəz və bütün regionları əhatə edən  miqyaslı kommunikasiya fəaliyyətinin təşkil edilməsidir. Məqsədyönlü şəkildə törədilən qəzalar cəmiyyətdə “xaos effektinin”, “kütləvi psixozun” yaradılmasına hesablanmışdır.  Kİ qorunması ümumxalq əhəmiyyətli-cəmiyyətin təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, dünyagörüşün maariflənməsi əsas məsələlərdəndir.

-Elm və təhsil sistemi Kİ-run qorunması mövzusunun   tədqiqi və inkişaf etdirilməsinə köklənməlidir. Təhsil sistemində müfaviq tədris proqramlarına əlavə edilməli,  məşğələ və təlimlər nəzərdə tutulmalıdır. Böhran və təhdidlərin baş vermə tezliyinin artması fonunda cəmiyyətin dünyagörüşdə, onlara münasibətin adekvat olmaması-“həssaslıq paradoksuadlanır. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbərliyi,ölkənin müxtəlif ali məktəb və müəssisələrində təqdimatlar zamanı bu mövzunun aktuallığını nəzərə almağı tövsiyə etmiş, müvafiq elmi-nəzəri materalların hazırlanmasına dəstəyini bildirmişdir.

Yekun olaraq qeyd edək ki, hazırda ölkəmizdə  KI obyektləri və subyektləri (operatorları) bir-birindən təcrid edilmiş şəkildə fəaliyyət göstərir. Yəni nə qədər Kİ obyekti varsa o qədər də idarəçilk subyektləri mövcuddur və hər biri müstəqil fəaliyyət göstərir. Bu isə, bu qarşılıqlı fəaliyyəti, 24/7 rejimində vəziyyətin monitorinqini, “zəif bəndlərin” müəyyən edilməsi üçün təhlilləri və fasiləsiz informasiya mübadiləsini,  ehtimal olunan risklər şəraitində  çevik  tənzimlənməni  mürəkkəbləşdirir.

Bütövlükdə, kritik infrastrukturun qorunmasının milli sisteminin yaradılması yğnündə görüləcək tədbirləri: 1.strateji sənədlərin, qanunverici əsasların və  mexanizmlərin, hazırlanması; 2.  Kİ-run qorunmasına məsul əlaqələndirici qurumun müəyyən edilməsi; 3.operativ-təşkilatçılıq fəaliyyətinin həyata keçirilməsi kimi sıralamaq olar. 

Sahəvi infrastrukturların hər biri müstəqil olmaqla özlərindən başqa nazirliklərin və s.  iş rejiminə təsir etmə, təhlükəsiziliyinın əlaqələndirilmə  səlahiyyətinə və mexanizminə  malik deyil. Çünki ümumi idarəçilik və əlaqələndirməni həyata keçirəcək    məsuliyyətə, səlahiyyətə və hüquqlara   malik olan təsisat   mövcud deyil.

Tahirə Allahyarova,

Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor

Paylaş:
2922

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər