Hikmət Hacıyev: Xaricdəki vətəndaşlarımızın seçkilərdə iştirakı üçün hazırlıq işləri aparılır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Xaricdəki vətəndaşlarımızın seçkilərdə iştirakı üçün hazırlıq işləri aparılır

18:08 - 22 / 03 / 2018
Hikmət Hacıyev: Xaricdəki vətəndaşlarımızın seçkilərdə iştirakı üçün hazırlıq işləri aparılır

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində prezident seçkilərinə hazırlıq işləri ilə bağlı müsahibə verib.

1news.az Sechki-2018.az saytına istinadən həmin müsahibəni təqdim edir:

- Hikmət müəllim, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində prezident seçkilərinə hazırlıq işləri necə gedir?

- Azərbaycan Respublikası ərazisində olduğu kimi, xaricdəki vətəndaşlarımızın da öz seçki hüquqlarından azad, sərbəst və demokratik şəkildə istifadə etmələri üçün XİN tərəfindən zəruri hazırlıq işləri Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə aparılır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.6.-cı maddəsinə əsasən, xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına alınmış seçicilərin sayı 50-dən çox olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır. Azərbaycan Respublikasının 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 seçki məntəqəsi təşkil olunacaq.

Müəyyən olunmuş qrafik çərçivəsində seçki bülletenləri, protokollar, seçici siyahısı, seçkinin təşkili üçün ləvazimatlar, o cümlədən daşınan və daşınmaz qutular, ultra bənövşəyi işıq, xüsusi mürəkkəb, metodik vasitələr və digər tələb olunan ləvazimatların diplomatik nümayəndəliklərimizə çatdırılması həyata keçiriləcək.

- Son günlər bəzi bədxah qruplaşmalar tərəfindən Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri qarşısında təxribat xarakterli addımlar atılır. Bu barədə nə deyərdiniz?

- İlk növbədə onu qeyd edək ki, bu gün Azərbaycan hüdudlarından kənarda vətənpərvər və təşkilatlanmış diasporumuz mövcuddur. Soydaşlarımız milli dövlətçiliyin, ölkəmizin milli maraqları, suverenliyi və müstəqilliyinin qorunması naminə yaşadıqları ölkələrdə vicdan və əzmlə çalışırlar.

Təəssüf ki, Azərbaycan diasporundan kənar müəyyən marginal qruplar da var. Burada diqqəti çəkən əsas məqam onların təxribatçı addımları erməni lobbi dairələrinin Azərbaycana qarşı Avropada və ABŞ-da təşkil etdikləri tədbirlərlə sinxron şəkildə atmasıdır. Məsələn, martın 14-də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan ABŞ erməni lobbisi ilə birlikdə ölkəmiz əleyhinə tədbir keçirdiyi bir vaxtda bir neçə nəfərdən ibarət olan qrup Vaşinqtondakı səfirliyimiz qarşısında aksiya keçirməyə cəhd etdi. Konqresin qarşısında erməni lobbisinin təxribatına etiraz edən vətənpərvər soydaşlarımıza dəstək vermək əvəzinə, bu maskalanmış bədxahlar erməni dəyirmanına su tökmək yolu tutdular. ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Voice of America” isə bu piket imitasiyasını canlı yayımlayaraq informasiya təminatçısı rolunda çıxış etdi.

Digər bir analoji hadisə Avropada baş verdi. Xocalı soyqırımının ildönümü ərəfəsində daşnak Kaspar Karampetyanın rəhbərlik etdiyi erməni lobbi təşkilatları Avropa Parlamentində olan əlaltıları ilə birlikdə bu qurumda Xocalı soyqırımını inkar edən, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını təhrif edən seminar keçirdiyi və vətənpərvər gənc diaspor nümayəndələrimiz onlara etiraz səslərini ucaltdıqları bir vaxtda digərləri Brüsselin başqa bir yerində anti-Azərbaycan tədbiri keçirirdilər.

Bu kimi marginal dairələrin öz ana dilində yazılı və şifahi nitqlərində ciddi səhvlərə yol verməsi onların savadsızlığını açıb göstərir. Əcnəbi dillərə gəldikdə daha gülünc vəziyyətin şahidi oluruq. Zaman və məkan baxımdan erməni lobbi dairələri ilə sinxron qaydada hərəkət edən həmin dairələr bununla özlərini ifşa edir, əsl simalarını ortaya qoyurlar.

- Hikmət müəllim, bu kimi dairələrin məqsədləri nədir? Onların Azərbaycanın dövlət atributlarına qarşı çirkin fəaliyyətinin qarşısını almaq üçün diplomatik nümayəndəliklərimiz nə kimi tədbirlər görür?

- Bu dairələr öz yerlərini soyuq etməmək üçün ABŞ Konqresində, Avropa Parlamentində və digər instansiyalarda anti-Azərbaycan siyasət yürüdən ermənipərəst siyasətçilərə nəinki bir məktub, heç bir tvit və ya facebook statusu belə yazmayıblar. Azərbaycan əleyhinə fəaliyyətdə canfəşanlıq göstərmələrinin səbəbi isə bəlli siyasi dairələrin sifarişini yerinə yetirərək o ölkələrdə qalmalarını legitimləşdirməkdir.

Təəssüflə qeyd etməliyik ki, bəzi Avropa ölkələri bu kimi marginal qruplaşmaların Azərbaycanın dövlət atributlarına qarşı etikadan kənar fəaliyyətinə göz yumurlar. Belə qeyri-etik hallara qarşı ən azı inzibati tədbirlər görülməlidir. Diplomatik nümayəndəliklərimiz tərəfindən həmin ölkələrin aidiyyəti qurumlarına bu qeyri-etik hallar barədə məlumat verilib. Ümumiyyətlə isə marginal dairələrin və onların havadarlarının cavabını Azərbaycan xalqı azad və demokratik şəkildə keçiriləcək prezident seçkilərində iştirak edərək öz qəti siyasi iradəsini bir daha ortaya qoymaqla verəcək.

1news.az

Paylaş:
575

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!Bu gün, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilibBu gün, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülübBu gün, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİBBu gün, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilibBu gün, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilibBu gün, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuqBu gün, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48
Bütün xəbərlər