Akif Əlizadə: Dəqiq ideoloji hədəf | 1news.az | Xəbərlər
Köşə

Akif Əlizadə: Dəqiq ideoloji hədəf

10:40 - 04 / 05 / 2016
Akif Əlizadə: Dəqiq ideoloji hədəf

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin məqaləsi.

“Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini öz həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Məhz buna görə Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Nəzərə alsaq ki, müasir anlayışda multikulturalizm tolerantlığın aspektlərindən biri kimi müxtəlif mədəniyyətlərin paralel mövcudiyyəti olaraq onların bir-birinə nüfuz etməsini və bu prosesdən qarşılıqlı zənginləşməsini nəzərdə tutur, tam qətiyyətlə demək olar ki, dövlət başçısının qərarı dünyada baş verən mürəkkəb hadisələrə, irqi, dini və milli zəmində olan qarşıdurmalara Azərbaycanın layiqli cavabıdır.

Dünyanın aparıcı sosioloqlarının qənaətinə görə, multikulturalizm ideyası əsasən iqtisadi cəhətdən inkişaf etmiş və müasir problemlərlə üzləşən Qərb ölkələrində irəli sürülür və hazırda Avropada baş verən hadisələr bir daha onu göstərir ki, qitənin alimləri baş verənlərə elmi nəzərdən olduqca düzgün qiymət versələr də, dövlətlərin və cəmiyyətlərin özləri nə tarixin çağırışlarına adekvat cavab verə bilir, nə də yetişdirdikləri alimlərin fikirləri ilə razılaşır. Bu baxımdan Azərbaycan unikal təcrübə toplayıb və xalqımız bu təcrübəni “multikulturalizm” sözünün ərsəyə gəlməsindən əsrlər öncə əldə edib. Bu fikri əsaslandırmaq üçün XIX əsrdə Rusiya Elmlər Akademiyası nəzdində Adolf Berjenin başçılığı altında fəaliyyət göstərmiş Qafqaz Arxeoloji Ekspedisiyasının materiallarına nəzər salmağımız kifayət edər. Ekspedisiyanın dərc etdiyi statistik məlumatlardan bəlli olur ki, XIX əsrin ortalarında Bakı əhali baxımdan kiçik, milli baxımdan isə demək olar ki, mono-etnik şəhər idi. Əsrin sonunda Abşeronda neft istehsalının əsaslı artması, Bakı neftinin dünya bazarına çıxması, burada sənaye sahələrinin inkişafı, zavodların, fabriklərin, bankların açılması, Bakı-Tiflis dəmir yolunun salınması ilə yanaşı xaricdən külli miqdarda işçi qüvvəsinin idxalına səbəb oldu. Həmin illərdə nəinki qonşu İranın və Rusiyanın ayrı-ayrı bölgələrindən, həmçinin Avropanın müxtəlif ölkələrindən Bakıya axışan insanlar burada təkcə iş yerləri tapmadılar, onlar Xəzərin sahilində özlərinin ikinci vətənini əldə etdilər. Maraqlısı də ondadır ki, yəhudilərin məskunlaşdığı ölkələrdə onlar əksər hallarda gettolarda - ayrılmış xüsusi məhəllələrində yaşayıblar, bu günün özündə də yaşadıqları halda, Bakıda milli və dini müstəvidə bu kimi ayrı-seçkilik heç bir vaxt olmayıb. Bu kimi məhəllələr bu günün özündə belə Avropa paytaxtlarında mövcuddur və o cümlədən Yaxın Şərqdən gəlmiş miqrantların məskunlaşdıqları həmin məhəllələr daim ictimai asayiş üçün təhlükə mənbəyi sayılır. Son zamanlar Parisdə və ötən həftə Brüsseldə baş vermiş dəhşətli terror aktları buna sübutdur. Nəinki Avropa, hətta üç dinin müqəddəs şəhəri, hazırda isə İsrail dövlətinin paytaxtı olan Qüdsə belə məhəllə var. İki il öncə İsrail Elmlər Akademiyasının dəvəti ilə həmin şəhərdə olarkən şəhərin yalnız ortodoks yəhudilərin yaşadığı məhəlləsinə baş çəkib bunun şahidi oldum. İndi isə XIX əsr deyil, artıq XXI yüzillikdir.

Hər bir medalın iki üzü olduğu kimi, müxtəlif ölkələrdən insanların Azərbaycana axını prosesinin də əks üzü xalqımızın Qərb mədəniyyətinə yiyələnməsinə səbəb oldu. Onun elmi fikri Avropa elminin nailiyyətləri ilə zənginləşdi, istedadlı ixtiraçılar meydana gəldilər və onların arasında təkcə Murtuza Muxtarovun adını çəkmək kifayətdir. İqtisadiyyatın inkişafı hər zaman elmin nailiyyətlərinə arxalanır və tarixin qısa kəsiyində Azərbaycanda güclü elmi potensial yarandı. Qərb-Şərq mədəniyyətlərinin sintezi daha çox incəsənətimizin bundan sonrakı inkişafında birüzə verdi, Azərbaycanda müsəlman şərqində ilk opera, peşəkar təsviri sənət, musiqi, memarlıq məktəbləri yarandı. Müasir Qərbin miqrantlara göstərdiyi münasibətdən fərqli olaraq o zaman xalqımız ona qucaq açdığı insanları olduqları kimi qəbul etdi, onlara mədəniyyətlərini, dinlərini, dillərini qoruyub saxlamaq üçün hər cür şərait yaratdı. Həmin dövrdə Bakıda, Gəncədə, Xaçmazda, Şəmkirdə və digər şəhərlərimizdə tikilmiş və hazırda dövlət tərəfindən qorunan və bərpa olunan müxtəlif dinlərə aid məbədlər buna əyani misaldır. Bütün bunlar sübut edir ki, sağlam düşüncə süni şəkildə yarana bilməz, hər bir hadisənin mənası onu ərsəyə gətirən fərdin, yaxud bütövlükdə xalqın mentalitetində axtarmaq lazımdır. Xalqımızın tarix boyunca topladığı bu nadir təcrübəsi Ulu Öndər Heydər Əliyevə imkan verdi ki, tolerantlıq və multikulturalizmi XX əsrin sonlarında müstəqillik əldə etmiş Azərbaycanın dövlət strategiyası kimi qəbul etsin və bu siyasət 2016-cı ili “Multikulturalizm ili” elan edən Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir.

Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qəbul etdiyi sənəddə deyilir ki, “...tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir”.

Sənəddə bir sıra qurum və təşkilatlarla yanaşı Azərbaycan Milli Elmlər Akademiyasına konkret vəzifələr tapşırılıb. Akademiya, alimlərimiz qarşıda duran bu tapşırıqları dövlət başçısı, Zati-aliləri İlham Əliyevin ötən ilin noyabrın 9-da Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağında söylədiyi nitqinin kontekstindən ayırmır, onun məntiqi davamı kimi bir vəzifə olaraq fəaliyyət proqramı kimi qəbul edirlər. Həmin nitqində ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolu ilə bağlı bəzi fikirlərini bölüşən Azərbaycan Prezidenti dünyanın yeni dövr yaşadığını xüsusi vurğulayıb: “...hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır. Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir. Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək”.

Ölkəmizdə mədəni müxtəlifliyin qorunub daha da inkişafına yönəlmiş multikulturalizm ideologiyasını ən yüksək səviyyədə önəm verilməsi Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsi təsis edilmişində bir daha təsdiqini tapdı və həmin yüksək vəzifəyə görkəmli alim, AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin təyin olunması, şübhəsiz, ümumən Azərbaycan elminə göstərilən yüksək etimadın əyani göstəricisi oldu.

Daim dəyişən həyatımızda, müxtəlif və heç də hər zaman müsbət olmayan proseslərdən multikultural ənənələrimizi qoruyub saxlamaq və daha da gücləndirmək üçün ilk növbədə onların bünövrəsi daim möhkəmlənməlidir və müstəqil dövlətimizin multikultural siyasətinin təməl daşını qoymuş Ulu Öndər Heydər Əliyevin irsinə zaman-zaman müraciət etmək hər birimizin mənəvi borcudur. Bunları nəzərə alaraq digər qurumlarla birlikdə Milli Elmlər Akademiyasına tapşırılıb ki, “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və müxtəlif dini qurumların üzvləri arasında intellektual müsabiqələr təşkil etsin. Belə bir tapşırığın, həmçinin Milli Elmlər Akademiyasına verilməsi AMEA Rəyasət Heyətinin qərarı ilə ötən ildən etibarən Akademiyada magistratura təhsilinin təşkili istiqamətində kompleks tədbirlər görülməsi, müvafiq işlərin həyata keçirilmişi nəticəsində mümkün olub. Əgər ötən il ilk dəfə olaraq magistratura pilləsinə yeddi ixtisas üzrə ümumilikdə on doqquz nəfər daxil olduğu halda, bu il artıq iyirmi bir ixtisas və qırx iki ixtisaslaşma üzrə altmış üç yer elan olunub. Nəzərə alınsa ki, bu il Akademiya üzrə fəlsəfə doktorluğu hazırlığı üzrə nəzərdə doxsan üç, elmlər doktoru hazırlığı üzrə isə 41 yer elan edilmişdir, demək olar ki, gələcəyin alimlərinin hazırlıq prosesinin mükəmməl təməli qoyulmaqdadır və o, dövlət başçısının müvafiq qərarları ilə vahid bir sistem, zəncirvarı proses kimi təşəkkül tapıb. Onu da qeyd etməliyəm ki, Akademiyada fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə müəyyən edilir.

Tapşırıqların biri də “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsindən ibarətdir. Əslində belə bir dərsliyin hazırlanmasına çoxdandır ki, ehtiyac duyulurdu. Ötən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xətti ilə Bakı Slavyan Universitetində “Multikulturalizm kafedrası” yaradılıb, müntəzəm olaraq “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş” adlı Beynəlxalq yay məktəbi fəaliyyət göstərir, xalqımızın multikulturalizm və tolerant dəyərlərin təbliği məqsədilə Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları artıq dünyanın bir sıra aparıcı ölkələrində açılıb.

Burada qeyd etmək istəyirəm ki, martın 10-da Milli Elmlər Akademiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə xüsusi qeyd olunub ki, Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncam bu məqsədə nail olmaq yolunda mühüm addım oldu, multikulturalizmin Azərbaycan modelinin tarixi və milli dəyərləri, tolerantlıq və azərbaycançılıq prinsiplərindən ibarət olduğunu, burada azərbaycançılıq prinsipinin xüsusi önəm daşıyır, dünyada sülhün bərpası üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqinin gözəl nəticələr verə biləcək. Alimlər tərəfindən kitab yüksək qiymətləndirildi və onun çox mükəmməl bir mənbə olduğu vurğulandı, bildirildi ki, qədim zamanlardan başlayaraq XX əsrin əvvəllərinə qədər böyük bir dövrün folklor abidələrinin və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu kitabda böyük mütəfəkkirlərimizin insanların birgəyaşayışı, etnik mənsubiyyətindən asılı olmayaraq cəmiyyətdə başlayan dialoqlar, qarşılıqlı etimad, hörmət, həmrəylik haqqındakı çağırışları, dahiyanə fikirləri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında öz əksini tapıb. Həmçinin xüsusi vurğulandı ki, multikultural dəyərlərə söykənən Azərbaycan ədəbiyyatı bütün əsrlər boyu humanizm mövqeyində dayanıb , insanpərvərlik, ədalət carçısı, birlik və bərabərlik ideyalarının təbliğatçısı olub.

Akademiyada Azərbaycan multikulturalizmi ilə bağlı tədbirlər silsilə xarakter daşıyır və son günlərdə Tarix Muzeyində keçirilmiş “Azərbaycanın ədəbi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda tədbiri oxucularımızın diqqətinə çatdırmaq istərdim. Tədbirdə ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin, Füzulinin, Nəsiminin və digər böyük ədiblərin əsərlərində multikulturalizm ideyalarından söz açılıb, onlar adıçəkilən əsərlərdən gətirilən nümunələrlə əsaslandırıb. Qeyd edilib ki, “Kitabi-Dədə Qorqud” dastanında, ümumiyyətlə ədəbi irsimizdə çox dinlilik -İslam, xristianlıq və digər dinlər təbliğ olunur, humanist və demokratik ideologiya olan multikulturalizm tolerantlığın təcəssümü olduğu bildirilib. Akademiyanın institut və qurumları artıq Sərəncamın üçüncü bəndindəki tapşırıqların - mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu, multikulturalizmin Azərbaycan modeli və dünya multikulturalizm modelləri mövzularında respublika və beynəlxalq miqyaslı elmi-nəzəri, elmi-praktik konfransların, seminarların, “dəyirmi masa”ların, mühazirələrin, ədəbi-bədii toplantıların keçirilməsinə başlayıblar. Bu baxımdan hələ bir il əvvəl, keçən ilin aprelində Bakıda Milli Elmlər Akademiyasının Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə keçirdiyi “İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq elmi konfransı yada salmaq istərdim. Konfransda İslam ölkələrinin Azərbaycandakı səfirləri, ilahiyyatçılar, alimlər, xarici mütəxəssislər iştirak edərək multikulturalizmin Azərbaycan modelinin hazırkı mürəkkəb dövrdə dünya üçün nə dərəcədə əsaslı örnək olduğunu qeyd etdilər. Onu da qeyd etmək lazımdır ki, ötən illərdən fərqli olaraq AMEA Rəyasət Heyətinin müvafiq göstərişi əsasında Akademiyanın institutlarında ilahiyyat elmi sahəsində aktual mövzularla bağlı dissertasiya işləri hazırlanır və müdafiə olunur ki, bunu Azərbaycan elminin multikultural dəyərlərimizin inkişafına layiqli töhfəsi kimi qiymətləndirmək olar.

Azərbaycan Prezidentinin təsdiq etdiyi tədbirlər planı həmçinin orta ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində mədəniyyətlərarası kommunikasiya bacarıqları və bilgilərinə həsr olunmuş seminarların və “Azərbaycanda multikulturalizm” mövzusunda kütləvi mühazirələrin təşkilini nəzərdə tutur. Burada qeyd eyməliyəm ki, AMEA-nın elmi müəssisələrində məktəblilər üçün “Açıq qapı” günləri keçirilir. Belə tədbirdə institut və elmi müəssisələrlə yanaşı Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri yaxından iştirak edirlər. Ümumiyyətlə elmi nailiyyətlərin təbliği, yeniyetmələr arasında elmə marağın artması daim AMEA rəhbərliyinin diqqət mərkəzindədir. Bu məqsədlə Rəyasət Heyətində xüsusi şöbə yaradılıb, 2014-cü ildə ilk dəfə və postsovet məkanında Rusiyadan sonra ikinci olaraq Bakıda “Elm festivalı” keçirilib. Festivalın cəmiyyətimizdə oyatdığı marağı nəzərə alaraq qərara alınıb ki, bu il elm bayramı Bakının hüdudlarını aşaraq, həmçinin Gəncədə, Sumqayıtda, Naxçıvanda və Lənkəranda keçirilsin.

Gənc nəslin diqqətini çəkən tədbirlərimizdən biri də AMEA-nın Əsas binasında daimi fəaliyyət göstərən sərgidir. Elmi nailiyyətləri əks etdirən ekspozisiya ilə artıq respublikanın bir sıra məktəblərin şagirdləri tanış olublar və Elmi-tədqiqat müəssisələrin əldə etdikləri göstəriciləri nümayiş edən stendlərin qarşısında onları institut direktorları, görkəmli alimlər qarşılayır, maraqlı ekskursiyalar aparırlar. Şübhəsiz ki, ölkəmizdə “Multikulturalizm ili”nin elan olmasına müvafiq olaraq bu sərgi gənc nəslə multikultural dəyərlərimizlə tanışlıq üçün əlavə bir vasitə olacaq. Oxuculara daha iki layihəmizdən – Alimlər Evindən və Elm tarixi muzeyindən də xəbər vermək istərdim. Artıq bu iki yeni müəssisənin fəaliyyət göstərəcək yerlər müəyyən olunub, muzeyin mövzu-ekspozisiya planı isə hazırlanmaqdadır.

Milli Elmlər Akademiyasının “Elm” qəzeti, “Elm və həyat”, “Xəbərlər məcmuəsi” və digər çoxsaylı nəşrləri multikulturalizm mövzusunu daim diqqət mərkəzində saxlayır, elmi-publisistik məqalələr dərc edir, Akademiya institut və müəssisələri müsabiqələr keçirir, məqalələr toplusundan ibarət kitabın nəşr edirlər.

Bu gün Azərbaycan elminin coğrafiyası, demək olar ki, ölkəmizin bütün bölgələrini əhatə edir, istər torpağın, yaxud Xəzərin altındakı təbii sərvətlərimiz olsun, istərsə də yerin üzərindəki tarixi abidələrimiz, onların hamısı elmin süzgəcindən keçir, onlarla, yüzlərlə alimin həyatının məqsədinə çevrilərək elmi tədqiqatların nəticəsi olaraq xalqımıza xidmət edir. Demək olar ki, əsrlər boyu əcdadlarımızın ucaltdığı daşınan və daşınmaz hər bir abidə haqqında alimlərimizin əziyyətli əməyi barədə kitab deyil, kitabxanalar yazılıb və buna görə “Beynəlxalq abidələr və tarixi yerlər günü”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Azərbaycan memarlığında dini tolerantlıq”, “Alban Apostol kilsəsi: dünənimiz və bu günümüz” çərçivələrində konfransın və tolerantlığı əks etdirən digər tədbirlərin keçirilməsi Akademiya, onun müvafiq institut və qurumları üçün müntəzəm gördükləri işin məntiqi davamı olacaq.

Onu da qeyd etməliyəm ki, bu ildə Rəyasət Heyətinin ilk iclaslarından birində ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının icrası məsələləri müzakirə edilib. Ölkəmizin aparıcı alimlərinin iştirak etdiyi həmin iclasda Prezidentin müxtəlif elmi-pedaqoji, siyasi-ictimai qurumları ilə yanaşı, AMEA-nın qarşısına qoyulmuş mühüm vəzifələrin icra yolları, məsul qurumlar və şəxslər müəyyən edilib. İclasda səslənən “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda məruzədə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və bu siyasət sayəsində ölkəmiz çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə keçirib.

Ümummilli Lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasının demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Müdrik dövlət xadiminin rəhbərliyi ilə demokratik inkişaf yolu seçmiş Azərbaycan Respublikası Heydər Əliyevin qeyd etdiyi kimi dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmalarını təmin etməli idi. Buna uyğun olaraq Konstitusiyanın yeni bəndləri üzə çıxır və yaxud yeni sosial-siyasi münasibətlər rakursundan işıqlanırdı. Prezident İlham Əliyev dediyi kimi, “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.

Hər bir ölkə özünün enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir. Ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər yönəlməsi mexanizminin qurulması, ölkədəki milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, burada yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir. Bu prinsiplər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin AMEA-nın intellektual dəstəyi ilə hazırladığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” əsərlərində geniş yer alıb, demək olar ki, multikulturalizmi elmi fənn səviyyəsinə gətirib.

Dövlətim başçımızın bu sahədə apardığı məqsədyönlü və əzmkar işlərin nəticəsi olaraq bu sahəyə dünyanın diqqəti daha da artır və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul etməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsinin daha bir təsdiqi oldu. Eyni zamanda, Azərbaycan dünyanı alternativi olmayan multikulturalizm siyasətindən daha səmərəli faydalanmağa dəvət edir.

Sərəncamda AMEA-nın qarşısına qoyulan mühüm vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmək üçün Akademiyanın güclü potensialı var və görüləcək işlərlə bağlı artıq müfəssəl və uzunmüddətli tədbirlər planı hazırlanıb və icra olunmaqdadır. Bunların arasında AMEA-nın Rəyasət Heyəti yanında Multikulturalizm problemləri üzrə elmi-tədqiqat Mərkəzinin və institutlararası multikulturalizm virtual mərkəzinin təsis edilməsi, 2016-cı ildə AMEA-da “Dünya multikulturalizm modelləri” mövzusunda silsilə Beynəlxalq konfransların keçirilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Multikulturalizm ensiklopediyasının” tərtib edilməsi və “Multikulturalizm” adlı jurnalın nəşri yer alıb.

Göründüyü kimi, görüləsi işlərimiz çox, onların həyata keçirmək üçün, dövlətimizin, əsası isə Prezident İlham Əliyevin dediyi kimi, ictimaiyyətin dəstəyi var. Mühacir dalğası ilə üzləşən aparıcı Avropa dövlətləri liberal demokratiya prinsiplərinə əsaslanaraq mədəni azlıqları “milli qazanda” əridərək onları assimilyasiya etmək istədiyi halda, fərqli yol seçmiş gənc Azərbaycan dövləti öz sözünü deyib onu əməli işlərlə təsdiq etməkdədir.

Mənbə: "Bakinskiy Raboçiy" qəzeti

Paylaş:
2387

Sizin üçün xəbərlər

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər