Bizə yaşamağı öyrədən uşaqlar – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bizə yaşamağı öyrədən uşaqlar – FOTO – VİDEO

15:10 - 25 / 10 / 2016
Bizə yaşamağı öyrədən uşaqlar – FOTO – VİDEO

Belə bir deyim var: insan üçün ən böyük nemət can sağlığıdır. Yəqin ki, bu deyimlə razılaşmayan insan tapmaq mümkün deyil.

Bəli, doğrudan da səhhətimizlə bağlı cüzi belə bir problemimiz olanda canımızın sağlamlığının nə qədər vacib olduğunu dərk edirik. Lakin təəssüf ki, elə insanlar var ki, bu sarıdan bəxtləri bir o qədər gətirməyib. Onları daha çox fiziki və ya əqli qüsurlu insanlar kimi tanıyırıq. Bəzilərində bu qüsurlar anadangəlmə, bəzilərində isə sonradan qazanılmış olur.

Hazırda Azərbaycanda 570 min nəfər və ya ölkə əhalisinin 5,96 faizi qədər əlilliyi olan şəxs var ki, bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır. Əlilliyi olan bütün şəxslərə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiya xarakterli müavinətlər və sosial yardımlardan ibarət aylıq ödənişləri nəzərdə tutan səmərəli sosial müdafiə sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə Azərbaycan hökuməti əlilliyi olan şəxslərin minimum maddi ehtiyaclarını qarşılamaqla bərabər onların tibbi-sosial reabilitasiyası üçün kompleks tədbirlər həyata keçirir.

Ölkənin bütün ərazisini əhatə edən 15 əlillərin bərpa mərkəzi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Təkcə keçən il bu mərkəzlər tərəfindən 7180 nəfər əlilliyi olan şəxsə tibbi-sosial bərpa xidməti göstərilib.

Dövlətlə yanaşı qeyri-hökumət təşkilatları da əlilliyi olan insanların, o cümlədən uşaqların problemlərinin həlli, onların cəmiyyətə inteqrasiya olunmaları üçün səy göstərirlər. Belə təşkilatlıardan biri də Azərbaycana Birgə Yardım Təşkilatı – UAFA-dır.

UAFA 1998-ci ildən etibarən, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra fəaliyyətlər həyata keçirir. 

Təşkilatın əsas məqsədləri dövlət qayğısında olan uşaqların sayının azaldılması (qeyri-müəssisələşmə), dövlət uşaq müəssisələrində qayğı səviyyəsinin yüksəldilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin təşkil edilməsidir. UAFA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri icma əsaslı reabilitasiya (İƏR) proqramıdır. İƏR yoxsulluğun azaldılması, əlilliyi olan insanların reabilitasiyası, onlar üçün bərabər imkanların yaradılması və sosial inkluziyasını təmin edən bir proqramdır.

UAFA-nın qarşısına qoyduğu məqsədlərə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri də keçirdiyi layihələrdə, tədbirlərdə ictimaiyyət nümayəndələrinin, o cümlədən jurnalistlərin iştirakını təmin etməkdir. Belə tədbirlərdən biri kimi AGBank və UAFA-ın partnyoru AZAL şirkətinin dəstəyi ilə KİV nümayəndələrinin və tanınmış bloggerlərin oktyabrın 23-də UAFA Gəncə İƏR Mərkəzinə baş tutan və olduqca maraqlı və məhsuldar alınan səfərini qeyd etmək olar.

Öncədən də elan olunduğu kimi səhərə yaxın saat 4-də “Space” telekanalının qarşısından Gəncəyə yola düşdük. İçərisində AzerTag.az, 1news.az, BizimYol.info, Qafqazinfo.az, Milli.az, Look.az, IGO.az, YARAT.az, Frame.az, Musavat.com, MyVideo.az, AsanRadio, KepezTV, ATV və İTV-nin əməkdaşlarının, eləcə də tanınmış bloggerlərin olduğu avtobusumuz təxminən saat 10:30-da ölkəmizin ikinci böyük şəhəri olan Gəncəyə çatdı.

Qısa səhər yeməyindən sonra UAFA Gəncə İƏR Mərkəzinə yola düşdük. Bizi burada Mərkəzin işçiləri qarşıladılar. Mərkəzin koordinatoru Rəzalə Abbasovanın sözlərinə görə, Mərkəz əvvəl bir otaqdan ibarət kiçik bir ofisdə fəaliyyət göstərirdi. 2014-cü ildə isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə 43 saylı orta məktəbin nəzdində 5 otaq təmənnasız olaraq Mərkəzin istifadəsinə verilib.

Fəaliyyətə başladığı 2003-cü ildən bu günədək Mərkəzdən birbaşa 1068, dolayı yolla isə 350-dən çox uşaq bəhrələnib, onlarla uşaq isə növbədə gözləyir. Burada göstərilən xidmətlərə fərdi məsləhətlər, fərdi və qrup məşğələləri, idman dərsləri, bacarıqlı əllər dərnəyi, teatr dərnəyi, müxtəlif təlimlər və s. daxildir.

Mərkəzdə işləyən insanların əməyini, onların peşəkar fəaliyyətini isə xüsusi qeyd etməliyik. Məhz onların uşaqlara qarşı olan sevgisi, qayğı və diqqətinin nəticəsidir ki, əlilliyi olan onlarla uşaq və onların valideynləri həyata və gələcəklərinə daha böyük ümidlə baxmağa başlayıblar. Həmin uşaqlardan ikisinin uğur hekayəsini təqdim edirik:

Fatimə - 8 yaşlı uşaq serebral iflici (USİ) paraplegiya diaqnozlu uşaqdır. Valideynləri Fatiməni Mərkəzə gətirəndə sərbəst oturmurdu, sağ əli ilə tutmağı bacarmırdı, nitqi zəif inkişaf etmişdi, demək olar ki. heç bir səs çıxarmır, çox vaxt ağlayırdı. Fatimə Mərkəzin xidmətlərindən bəhrələndiyi müddətdə anası uşağının inkişafı ilə əlaqədar maarifləndirildi ki, evdə Fatimə ilə özü də məşğul ola bilsin. Nəticə özünü çox gözlətmədi: Fatimə artıq 2 yaşında sərbəst otura, 2,5 yaşında bir neçə cümlə qurub danışa, 3 yaşında iməkləyə bilirdi. 4 yaşında sərbəst ayağa duran Fatimə 5,5 yaşında artıq sərbəst addımlar atmağa başladı, qavramaq bacarıqları inkişaf etdi. 7 yaşında tipik məktəbə gedən Fatimə hazırda təhsilini davam etdirir. Bundan başqa Mərkəzdə fəaliyyət göstərən “Fidanlar” teatr dərnəyinin üzvü olan Fatimə Gəncə Dövlət Dram Teatrında göstərilən tamaşalarda baş rolları ifa edib.

Yusif – Mərkəzə gələndə danışa bilmir, nəyisə anlamaqda çətinlik çəkir və heç nəyə reaksiya vermirdi. Müayinə zamanı autist olduğu üzə çıxan Yusifin inkişaf səviyyəsinə görə iş planı quruldu və az keçmədən ciddi uğurlar əldə edildi. Belə ki, artıq Yusif nəinki danışır, ona edilən müraciəti anlayır, kitab oxuyur, düzgün hesablamalar aparır, demək olar ki, digər normal uşaqlardan heç nə ilə fərqlənmir. Hazırda ümumtəhsil məktəbində 1-ci sinifdə təhsil alır.

Otaqları bir-bir gəzirik. Burada uşaqların dərs keçmələri, oynamaları üçün hər bir şərait yaradılıb. Dəhlizin divarlarında isə istedadlı uşaqların hazırladıqları, rəsmlər, əl işləri asılıb.

Başqa otaqda əlilliyi olan bir neçə uşağın iştirak etdiyi məşğələdə iştirak edirik. Çox təsirli səhnədir. Göz yaşlarımı güclə saxlayıram (əslində saxlaya bilmədim, sadəcə bir kənara çəkildim...).

Doğrudan da valideyn üçün uşağının fiziki və yaxud əqli qüsurlu olmasından böyük dərd ola bilməz. Bunu övladı olanlar daha yaxşı başa düşərlər. Elə valideynlər var ki, sağlam, mələk kimi uşaqlarını uşaq evlərinə, internatlara verirlər. Lakin buradakı uşaqların valideynləri heç nəyə baxmayaraq öz uşaqlarına sahib çıxırlar, onların sağalmaları, normal uşaqlar kimi olmaları üçün əllərindən gələni edirlər. Bu cür valideynlərin qarşısında baş əyirəm. Nə yaxşı ki, sizin kimi övladına sahib çıxan, onlara hərtərəfli dəstək olan analar, atalar var...

UAFA təşkilatının əməkdaşı Saleh Nəsirovun sözlərinə görə, UAFA Gəncə İƏR Mərkəzi əlilliyi olan uşaqlar və onların anaları üçün ümid yerinə çevrilib:

“Təəssüf ki, cəmiyyətimizdə əlilliyi olan uşaqların sayı kifayət qədər çoxdur. Onlar cəmiyyətə inteqrasiya olunmaqda çətinlik çəkirlər. Həmin uşaqların valideynləri bizim Mərkəzə gələndə görürlər ki, onlar bu cür problemlə üzləşən yeganə insan deyillər. Onlar artıq burada dostlaşmaqla yanaşı, tez-tez görüşür, uşaqları ilə birgə gəzintilər, müxtəlif tədbirlər təşkil edirlər. Bu da həmin valideynlərin həyata daha nikbin baxmalarına kömək edir”.

Mərkəzin idman dərnəyinin fəaliyyəti də bizdə böyük təəssürat oyatdı. Dərnəkdəki əlilliyi olan uşaqların uğurları isə xüsusi qeyd edilməlidir. Əməkdar məşqçi Natiq Əliyevin sözlərinə görə, artıq 15 ilə yaxındır ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyir:

“Bu müddət ərzində çoxlu nailiyyətlərimiz olub. İdmançılarımız dəfələrlə ölkə çempionları, beynəlxalq yarışların qalibləri və mükafatçıları, Avropa rekordçuları olublar. İdmançılarımızdan Nurlan Babacanov 88 kq-da, onun qardaşı Əli Babacanov isə 80 kq-da gələn il 29 sentyabr – 5 oktyabr tarixlərində Meksikada keçiriləcək lisenziya xarakterli dünya çempionatında iştirak edəcəklər.

Bundan başqa 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində Paralimpiya oyunları keçiriləcək. Əsas məqsədimiz həmin yarışda uğurla çıxış edərək Azərbaycanın bayrağını qaldırmaq, himnini səsləndirməkdir”.

Sonra məktəbin akt zalında Mərkəzin fəaliyyəti və gördüyü işlərlə bağlı fikir mübadiləsi aparıldı. Mərkəzlə yaxından əməkdaşlıq edən Gəncə şəhər Səhiyyə İdarəsinin baş pediatrı Azelma Dadaşova  bildirdi ki, Mərkəzin fəaliyyəti nəticəsində əlilliyi olan uşaqlara çox effektli xidmət göstərilir. Əldə edilən uğurlu nəticələrdən danışan baş pediatr Mərkəzlə əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini vurğuladı.

Çıxış edən valideynlər də Mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək uşaqlarının sağalması və əldə etdikləri uğurlara görə Mərkəzin əməkdaşlarına, UAFA təşkilatına minnətdarlıqlarını bildirdilər.

Mərkəzin kollektivi ilə xatirə şəkli çəkdirdikdən sonra xüsusi qayğıya ehtiyacı olan uşaqların ifasında məşhur Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyatına həsr edilən kiçik tamaşanı izləmək üçün Gəncə Dövlət Dram Teatrına yollanırıq. Bir qədər gözlədikdən sonra pərdələr açılır və tamaşa başlayır.

Quruluşçu rejissoru Azərbaycanın əməkdar artisti Faiq Qasımov olan tamaşada Məhsəti Gəncəvi rolunu Sevinc Məmmədova, İlyas rolunu Məmmədbağır Məmmədov, Rəna rolunu Ülkər Əsgərova, Pərvər baba rolunu Fuad Talıbov, Əmir Əhməd rolunu Rəcəb Məmmədov, Əşrəf rolunu isə Qismət Namazov ifa etdilər.

Etiraf edim ki, tamaşanın bu qədər gözəl alınacağını gözləmirdim. Gənc aktyorlar öz rollarını o qədər məharətlə ifa etdilər ki, sanki səhnədə səhhətində hansısa problemi olan uşaqlar deyil, gələcəyin böyük aktyorları çıxış edirdilər. Bizə isə onları ayaq üstə alqışlamaq qaldı.

Həmin an sevinc hissi ilə yanaşı həm də təəssüf dolu hislər yaşadım. Bu cür əlilliyi olan uşaqların uğurlarını, onların həyat eşqini görəndə həyata başqa gözlə baxmağa başlayırsan, həyatın, sağlamlığının qədrini bilirsən. Bu uşaqlarda olan iradəyə, onların əslində bir çox adi insanların edə bilmədiklərini etmələrinə, qazandıqları uğurlara qibtə edirsən.

Lakin digər tərəfdən təəssüf hissi keçirirsən ki, cəmiyyətimizdə bu cür uşaqlara qarşı qayğı və diqqət hələ də istənilən səviyyədə deyil. Əlilliyi olan uşaqların bir çoxu cəmiyyətə inteqrasiya etməkdə çətinlik çəkirlər. Bu baxımdan cəmiyyətin bir fərdi olaraq hər birimizin üzərinə məsul bir yük düşür. Onlar bizdən heç nə ilə fərqlənmirlər. Bizdən istədikləri tək şey onlarla normal insanlar kimi davranmaq, onlara sevgi və qayğı ilə yanaşmaqdır. Gəlin, onlardan sevgimizi, diqqətimizi əsirgəməyək!

Sonda bu səfəri təşkil edən, ümumiyyətlə, köməyə möhtac olan insanlara, xüsusən də uşaqlara qarşı diqqət və qayğı ilə yanaşan, onlardan öz sevgisini əsirgəməyən bütün xeyirxah insanlara təşəkkür etmək istəyirəm. Nə yaxşı ki, sizin kimi insanlar var. Allah sizdən razı olsun!

Babək Cahandarov

 

Paylaş:
5911

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər